Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 09:00

Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərdaxili avtobus, taksi və digər nəqliyyat vasitələri ilə bağlı daşıyıcılara tütündən istifadəyə görə xəbərdarlıq edib. Agentlikdə daşıyıcıların təmsilçiləri ilə görüş keçirilib.

BNA-nın mətbuat xidmətinin məlumatına görə, görüşdə «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» Qanunun tələbləri haqda məlumat verilib. Bildirilib ki, qanunla müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Agentlik qanununun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib. Daşıyıcılar bununla əlaqədar istehsalat bazalarında sürücülərlə uyğun izahat işləri aparmalıdır.

Xatırlatma

Milli Məclis ötən il dekabrın 1-də «Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında» Qanun layihəsini qəbul edib. Qanun tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Sənədə əsasən, səhiyyə, elm, təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, sirk binalarında, sərgi və nümayiş salonlarında siqaret çəkilməsi qadağan edilir. Habelə, bura idman yarışları, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallar, ticarət, məişət, sosial xidmət obyektləri daxildir.

Siqaret çəkməkdən ötrü ayrılan xüsusi yerlər istisna olmaqla, hava, dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində də siqaret çəkilişinə qadağa qoyulur.

Qanun iş yerlərində siqaret çəkilməsinə yerin ayrılmasını işəgötürənin ixtiyarına buraxır.

Yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyır. Qanunla qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat və daha çox cərimə nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl də bir sıra yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutulurdu. Sadəcə, yeni qanun siqaret çəkməyə icazənin olmadığı yerlərin əhatəsini genişləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG