Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

'Bəzi banklarda istehlak kreditləri 30 faizə verilir'- Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Ölkə banklarında kreditləşdirmənin durumu, Qida Təhlükəsizliyi Agentliyinin (QTA) fəaliyyətə başlaması və su təminatı medianın aparıcı mövzularındandır...

Qohuma, dostlara və qonşulara «ağız açmaq»

«Exo» qəzetində «Azərbaycandakı banklar əhalini Yeni il ərəfəsində də soydular» sərlövhəli yazı dərc edilib.

Müəllif iqtisadçı-ekspert Natiq Cəfərli ilə banklarda kreditləşdirmənin durumunu müzakirə edib.

Ekspert deyib ki, 2015-ci il devalvasiyalarına qədər Yeni il ərəfələrində bəzi Azərbaycan vətəndaşları hədiyyələr almaqdan ötrü də banklardan kreditlər götürərdilər və belə şəxslərin sayı kifayət qədər çox idi.

N.Cəfərlinin bildirməsinə görə, banklar Yeni il öncəsi sərfəli aksiyalar təklif edirdilər, indi onları amma arzulamaq olar.

Ekspert əlavə edib ki, bütün bunlar keçmişdə qalıb və indi banklardan maliyyə köməyi gözləməyə dəyməz:

«2016-cı il ilə müqayisədə 2017-ci ildə ümumi kreditləşmə 4 milyard manat azalıb. 2017-ci ildə istehlak kreditləşdirilməsi, demək, olar sıfır vəziyyətində düşüb. Bəzi banklarda istehlak kreditləri 30 faizə verilir ki, bu da soyğunçuluqdur. Amma bəziləri məcburiyyət üzündən bu faizlə də olsa, kredit götürüb».

Ekspertə görə, Azərbaycan vətəndaşında indi əsas variant kimi, qohuma, dostlara və qonşulara «ağız açmaq» qalır.

N.Cəfərli vurğulayıb ki, bəziləri işlədikləri şirkətlərin problemləri üzündən aylarla maaş ala bilmirlər:

«Odur ki, bayram süfrəsi hazırlamaq üçün borc götürməyə, ya da mağazadan nisyə mal almağa məcbur olurlar».

Ekspert deyib ki, bəzi vətəndaşlar «kredit həyat»ı prinsipi ilə yaşayırlar. Onun bildirməsinə görə, bu insanlar bu və ya digər ehtiyaclarını ödəyə bilməkdən ötrü daimi borc içindədirlər:

«Bu insanları bəzən hətta kreditin faizi də maraqlandırmır. Çünki onlar kredit təşkilatlarına ərzaq mağazalarına getdikləri kimi tez-tez gedirlər».

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

«Məmur oliqarxların nəzarəti…»

Azadliq.info saytında «QTA də korrupsiyalaşmış sistemin mənafeyinə xidmət edəcək» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu ildən Qida Təhlükəsizliyi Agentliyinin (QTA) fəaliyyətə başlamasını ekspert Vahid Məhərrəmli ilə müzakirə edib.

Yazıda vurğulanır ki, qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmədən, xarici ölkələrə ixrac edilən məhsullara keyfiyyət sertifikatının verilməsinə kimi bir sıra məsələlər Agentliyin fəaliyyət dairəsinə daxildir. Agentlik «tarladan süfrəyədək» prinsipi ilə fəaliyyət göstərməlidir.

Yazıda vurğulanır ki, hazırda ölkəyə insan həyatına təhlükə törədə bilən bir sıra ərzaq malları gətirilərək satışa çıxarılır.

Ekspert isə ölkədə bu sahədəki mövcud durumu belə dəyərləndirib:

«Hazırda Azərbaycanda qida məhsullarına nəzarət sistemi yoxdur. Əkin üçün istifadə edilən torpağın və suvarma suyunun tərkibində insan orqanizminə təhlükəli kimyəvi zəhərli maddələrin normaya uyğun qaydada verilməsi yoxlanılmalıdır. Bu işlər həyata keçirilmir. Satışa çıxarılan kənd təsərrüfatı məhsulları da ciddi yoxlanılmır».

V.Məhərrəmli deyib ki, ölkəyə ərzaq buğdası adı ilə yemlik buğda gətirilir. Onun iddiasına görə, texniki sort kartof isə istehlakçılara satılır:

«Ölkəyə gətirilən kərə yağı, pendir və digər süd məhsulları, əsasən, surroqat olduğu halda, natural məhsul kimi istehlakçılara yüksək qiymətə təklif olunur».

Ekspert hesab edir ki, ölkədə qida təhlükəsizliyinin təminatından ötrü ilk növbədə müstəqil laboratoriya və müstəqil məhkəmə sistemi olmalıdır.

V.Məhərrəmli deyib ki, ölkədə qida sənayesi, ərzaq idxalı və yeyinti istehsalı oliqarx məmurların əlindədir…

Suvarma
Suvarma

Ölkənin su təminatı

«Azərbaycan» qəzetində dərc edilən «Su torpağın canıdır» sərlövhəli yazıda isə aqrar sektorda su təminatı dəyərləndirilir.

Yazıda bildirilir ki, son illərədək ölkə iqtisadiyyatında gəlir gətirmək ağırlığı neft sənayesinin üzərinə düşürdü. Müəllifin iddiasına görə, amma son illərdə bu ağırlıq qeyri-neft sektoru ilə bölünüb.

Aqrar sektorun inkişafını sosial-iqtisadi baxımdan çox vacib sayan müəllifə görə, kənd təsərrüfatı ilk növbədə ərzaq təhlükəsizliyinin təminatıdır:

«Digər tərəfdən, aqrar sektorun inkişafı sosial problemlərin həlli baxımından da aktualdır. Belə ki, ölkə əhalisinin 48 faizi regionlarda yaşayır və dolanışıqları bilavasitə kənd təsərrüfatı ilə bağlıdır».

Müəllif vurğulayıb ki, kənd təsərrüfatının inkişafından ötrü mükəmməl infrastruktur vacibdir. Xüsusilə aqrar sektorda su təminatının yaradılması ən vacib məsələdir.

Yazıda xatırladılıb ki, Azərbaycanın əsas su mənbələri xarici ölkələrdən qaynaqlanır, bu isə istənilən vaxt ciddi problemlər yarada bilər.

Müəllif hesab edir ki, artıq problemlər yoluna qoyulur:

«İrihəcmli su mənbələrinin yaradılması bu tədbirlərin sayəsində mümkün olub. Eləcə də son illər bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb. 100-lərlə kilometr suvarma kanallarının, kollektor-drenaj şəbəkələrinin bərpası sayəsində min hektarlarla torpaqların su təminatı yaxşılaşıb. Yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, subartezian quyuları qazılıb».

XS
SM
MD
LG