Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 22:27

'İllərə verilən yanlış adlar...'-Media icmalı


Analoqsuz inkişaf. Karikatura

Çini Bakı-Tbilisi-Qars dəmir yoluna cəlb etməyin imkanları, 2017-ci ilin «İslahatlar və sıçrayış ili» kimi adlandırılmasının təhlili və keçmiş prezident Heydər Əliyevin xidmətləri medianın aparıcı mövzularındandır...

«Hakimiyyətin qorxusu...»

Azadliq.info saytında «Hakimiyyətin qorxusunun səbəbi oğurluqdur» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, yola salınan 2017-ci ildə ölkədə ciddi bir uğur baş verməyib:

«Daha bir çox ağır ili yola saldıq. İndi arxaya baxıb sakitcə deyə bilərik – bu ildən olmamışdı, öyrəncəliyik artıq, bu «olmamışdı» sözünə.... Əgər heç nə dəyişməsə, bu ilin sonunda yenə o sözü təkrar edəcəyik, mütləq edəcəyik. Amma o sözü təkrar etmək üçün hansı duruma yuvarlanacağımızı, nə günə düşəcəyimizi təsəvvür etmək istəyəndə adamın gözləri qaralır».

Yazıda bildirilir ki, rəsmi Bakı 2017-ci ili «İslahatlar və sıçrayış ili» kimi dəyərləndirir. Amma müəllif bu yanaşma ilə razılaşmır:

«Sıçramaq üçün əvvəl ayaqları gücləndirməli, əzələləri möhkəmlətməlisən. Sonra yüyürüb sürət yığmalısan. Baxmadılar, sıçramaq nədir, heç hoppana bilmədilər, diyirlənib dünyanın ən kasıb 20 ölkəsinin içərisinə düşdülər».

Müəllif iddia edir ki, iqtidar hansı ilə bir ad qoyursa, bu özünü doğrultmur:

«Sənaye ili dediz sənayeni, kənd təsərrüfatı ili dediz kənd təsərrüfatını məhv etdiniz. Multikulturalizm deyib ölkəni daxildən parça-parça etdiniz. 2017-ci il islam həmrəyliyi ili idi, ölkədə inanclı insanlara üst-üstə 1000 ilə yaxın həbs cəzası kəsdiniz».

Müəllifə görə, iqtidarın daxilində müdhiş qorxu var, bu qorxunun səbəbi çirkin əməllər və oğurluqdur.

Natiq Cəfərli
Natiq Cəfərli

Tariflərə yenidən baxılmasa...

«Exo» qəzetində «Çini nə ilə cəlb edək: ekspert Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi haqqında» sərlövhəli yazıda iqtisadçı-ekspert Natiq Cəfərlinin düşüncələrinə yer verilir.

N.Cəfərli hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan yükdaşımalarında xərcləri azaltmaqdan ötrü tariflərə yenidən baxmalıdırlar:

«Bakı-Tbilisi-Qarsın (BTQ) başlıca hədəfi Çindən konteyner daşımalar hesab olunur. Pekini isə ancaq ucuz tarif və sürətli çatdırma ilə layihəyə cəlb etmək olar. Bütünlükdə isə BTQ 2017-ci ildə Azərbaycan makroiqtisadiyyatı üçün hadisədir».

İqtisadçının sözlərinə görə, ilk illərdə layihənin böyük gəlir gətirəcəyini hesablamaq olmaz. Böyük perspektivlər gələcəkdə baş verəcək. İndilikdə isə BTQ yük dövriyyəsini və yüklərin daşınma sürətinin artırılmasına dəstək olacaq.

Ekspert vurğulayıb ki, daşıma həcmi çox olduqca, gəlirlər də artacaq.

Müəllif yazıda xatırladıb ki, dəmir yolu ötən il istismara veriləcəyi ərəfədə Azərbaycan, Gürcüstan və Türkiyə tarif siyasətini müəyyən edib. Bir ton yükün daşınması 37.9 dollar, bir vaqon yükün daşınması 2279 dollar, 40 fut, bir konteyner yükün daşınması isə 529 dollar müəyyən olunub.

N.Cəfərli hesab edir ki, əlverişli tarif qiymətləri BTQ-nin taleyini həll edəcək.

Ekspert vurğulayıb ki, Çindən Azərbaycana yüklər Xəzər dənizi vasitəsilə və bərələrlə çatdırılacaq. Bu isə həm vaxt itkisi, həm də əlavə xərclər deməkdir:

«Buna görə də çevik qiymət siyasəti yürütmək lazımdır. Azərbaycan bu layihənin yeganə sərmayəçisidir. Odur ki, hər kəsdən öncə Azərbaycan maneələrin aradan qaldırılmasında maraqlı olmalıdır».

QAZ-24
QAZ-24

37 il əvvəlin hədiyyəsi

AZƏRTAC-da «Salyan sakini Ulu Öndərin 37 il əvvəl ona verdiyi «QAZ-24» avtomobilini ən qiymətli hədiyyə kimi qoruyub saxlayır» başlıqlı yazı dərc edilib.

Yazıda bildirilir ki, Salyan rayonunun Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl Heydər Əliyevin ( Heydər Əliyev o vaxt Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olub) ona verdiyi «QAZ-24» markalı «Volqa» avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.

Bölgə müxbiri qeyd edir ki, minik avtomobili H.Əsədova ötən əsrin 80-ci illərində, Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb. Hadisə isə belə olub:

«Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə - 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur».

Yazıda bildirildiyinə görə, H.Əliyev biləndə ki, briqadir «Bir beşillikdə iki beşillik plan yerinə yetirək» təşəbbüsünü irəli sürüb, bu avtomobili ona hədiyyə edib:

«Ulu Öndər «Bir beşillikdə iki beşillik plan yerinə yetirək» çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar «Volqa» avtomobilinin verilməsini tapşırır».

Günün bütün mövzuları

XS
SM
MD
LG