Keçid linkləri

2024, 13 İyul, şənbə, Bakı vaxtı 14:38

Dünya xəbərləri

Ali Məhkəmə Navalny-nın şikayətini rədd etdi

Aleksei Navalny
Aleksei Navalny

Rusiyanın Ali Məhkəməsi müxalifət lideri Aleksei Navalny-nın şikayətini rədd edib.

Navalny Mərkəzi Seçki Komissiyasının onu prezident seçkilərinəburaxmamaq qərarından Alı Məhkəməyə şikayət vermişdi.

Ali Məhkəmə isə hesab edir ki, MSK-nın qərarı qanuna uyğundur.

Navalny bundan sonra Avropa İnsan Haqları məhkəməsinə üz tutacağını bildirib.

Navalny həmçinin öz tərəfdarlarına müraciət edib ki, gələn il keçirilməli prezident seçkilərini boykot etsinlər.

Mart ayında keçirilməli seçkilərdə iştirak etmək istədiyini 20-yə yaxın adam bildirib.

Bütün xəbərləri izləyin

Ərdoğan deyir ki, Türkiyə NATO-nun İsraillə əməkdaşlıq səylərini dəstəkləmir

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-də deyib ki, NATO-nun İsrail administrasiyası ilə tərəfdaşlığı davam etdirməsi mümkün deyil.

"Fələstində hərtərəfli, davamlı sülh bərqərar olmayanadək Türkiyə NATO daxilində İsraillə əməkdaşlıq səylərini dəstəkləməyəcək", - Ərdoğan NATO sammitində mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlik diplomatik səylərini də davam etdirir.

Suriya ilə əlaqələr, F-16 satışı

Ərdoğan onu da deyib ki, xarici işlər naziri Hakan Fidana Suriya ilə əlaqələrin bərpasına başlamaqdan ötrü Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırıb. Türkiyə prezidenti ötən bazar günü- iyulun 7-də demişdi ki, Ankara iki qonşunun əlaqələrinin bərpası üçün mümkün danışıqlardan ötrü Əsədə "istənilən vaxt" dəvətnamə göndərəcək.

Türkiyəyə F-16 satışına gəlincə, Ərdoğan deyib: "(ABŞ prezidenti Co) Bayden ilə danışdım. O dedi ki, bu problemi üç-dörd həftəyə həll edəcək".

Martda ABŞ Senatı Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışını dayandırmaq təklifini rədd edib. Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16-ların satışına icazə vermişdi.

YPG məsələsi

Ərdoğan terrorçuluğa qarşı mübarizədə NATO müttəfiqlərindən həmrəylik gözlədiyini sözlərinə əlavə edib. O, müttəfiqlərdən bəzilərinin Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriyadakı qanadı - PYD/YPG ilə münasibətini qəbul edə bilmədiklərini vurğulayıb.

Türkiyə YPG-ni PKK-ya bağlı terror təşkilatı sayır. Onun Qərb müttəfiqləri PKK-nı terrorçu siyahısına salsalar da, YPG–ya qarşı bu addımı atmayıblar.

Ərdoğan onu da deyib ki, Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sadəcə müşahidəçi deyil, daimi üzv olmaqdır.

ŞƏT 2001-ci ildə Rusiya, Çin, Orta Asiya ölkələri tərəfindən Qərb alyanslarına qarşı təhlükəsizlik, siyasi və iqtisadi ittifaq kimi yaradılıb.

Latviyada kremlpərəst fəal 3 il azadlıqdan məhrum edilib

Riqadakı Rusiya səfirliyinin qarşısında avtobus
Riqadakı Rusiya səfirliyinin qarşısında avtobus

Latviyada məhkəmə kremlpərəst fəal Yelena Kreyleni 3 il azadlıqdan məhrum edib. O, Rusiyanın Ukraynada hərbi cinayətlərini açıq şəkildə əsaslandırmaqda təqsirli bilinib. Məlumatı Latviyanın "Jauns" və "Delfi" agentlikləri yayıb.

"Kreyle Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri, o cümlədən soyqırımı, bəşəriyyətə, dünyaya qarşı cinayətlərini, eləcə də SSRİ-nin Latviyada törətdiyi hərbi cinayətləri açıq şəkildə əsaslandırmaqda ittiham olunur", -- "Delfi" yazır.

İttihamnamədə deyilir ki, Kreyle 2023-cü il martın 7-dən iyunun 15-dək Rusiyaya dəstəyini açıq ifadə edib – evinin pəncərəsindən Rusiyanın əldəqayırma bayraqlarını asıb, onlardan birində "Putin mənim dostumdur" sözləri yazılıb.

Qadın pəncərələrə Rusiyanın bayrağında əks olunmuş üç rəngdə lentlər yapışdırıb. Qırmızı rəngli plakatda Rusiyanın gerbi, "Rusiya DİN" yazılıb. Dörd qadının göründüyü plakatda isə qadınlardan biri qırmızı rəngli paltarda, SSRİ-nin simvolları sayılan oraq-çəkiclə əks olunub. Arxa fonda Rusiyanın bayrağı yer alıb.

Bundan başqa Kreyle mütəmadi olaraq müxtəlif ictimai tədbirlərdə görünüb, Rusiyanın Ukraynaya təcavüzünə dəstəyini müxtəlif əşyalar və aksesuarlarla bildirib, - Delfi qeyd edir.

Kreyle özünü təqsirli bilmir.

"Jauns" yazır ki 2023-cü ilin payızında Riqa şəhər Məhkəməsi Kreyleni Rusiyanın hərbi cinayətlərini əsaslandırmaqda təqsirli bilərək 1 il şərti cəza kəsib. Ancaq prokurorluq bu hökmdən şikayət verib, cəzanın ağırlıq dərəcəsi ilə razılaşmayıb.

İranda qadın məhbuslar əmək fəalına ölüm cəzasını pisləyirlər

Şərifə Məhəmmədi
Şərifə Məhəmmədi

İranda bir qrup qadın məhbus mümkün edam dalğası barədə xəbərdarlıq edib. Onlar bu yaxınlarda əmək fəalı Şərifə Məhəmmədiyə kəsilmiş ölüm cəzasını "utancverici və biabırçı" adlandırıblar.

16 qadın məhbusun imzaladığı məktubda deyilir ki, ötənhəftəki prezident seçkisindən öncə hakimiyyət edamların sürətini "seçki şousu" öncəsi maksimum həddə yavaşıdıb.

"Ancaq indi edam hökmlərinin çıxarılması və icrası sürətlənəcək, qurbanların ailələri daha çox repressiyaya məruz qalacaq", - məktubda deyilir və Məhəmmədiyə qarşı cəzanın ləğvi tələb olunur.

Bu ayın əvvəlində şimali Rəşt şəhərindəki İnqilab Məhkəməsi Məhəmmədini dövlətə qarşı silahlı qiyamda təqsirli bilib. Onun həmkarlar təşkilatına üzvlüyü dəlil kimi göstərilib.

Qadın həmçinin qadağan olunmuş "Komala" kürd separatçı partiyasına üzvlükdə ittiham olunur. Ailəsi isə ittihamı rədd edir.

"Hakimiyyət ədalət arenasından səsi indi daha gur çıxan qadınların etiraz və tələb səsini boğmaq istəyir", - məktubda vurğulanır.

İşgəncə iddiaları

Məhəmmədinin bibisi Vida Məhəmmədi AzadlıqRadiosunun fars xidməti – "Radio Farda"ya deyib ki, onun qardaşı qızı həbs olunandan sonra, dekabrın 5-də işgəncəyə məruz qalıb, bir neçə ayı cərimə kamerasında keçirib.

V.Məhəmmədi Ş.Məhəmmədinin ölkə içində, yaxud xaricində hər hansı siyasi təşkilata bağlılığı olmadığını sözlərinə əlavə edib.

2022-ci ildə İranda kürd əsilli Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Onun ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

Aylarla çəkən etirazlarda azı 500 etirazçının öldürüldüyü bildirilir.

Yerli və beynəlxalq insan haqları fəalları Tehranı kütləvi nümayişlərdən sonra etirazçıları və digərlərini qorxutmaq üçün ölüm cəzasından istifadədə ittiham edir.

Qırğızıstan prezidentinin qardaşı qızının sevgilisi həbs olunub

Lazzat Nurkojoyeva
Lazzat Nurkojoyeva

Qırğızıstan prezidenti Sadır Japarovun qardaşı qızının sevgilisi barəsində qanunsuz narkotik maddələr istehsalı maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

Bişkekdəki Birinci May rayon Məhkəməsinin iyulun 10-da bildirdiyinə görə, Aftandil Sabırbekovun avqustun 3-dək həbsdə saxlanması barədə üç gün öncə qərar verilib.

Sabırbekov Japarovun qardaşı Davlatbekin qızı Lazzat Nurkojoyevanın sevgilisidir.

Ötən ay Sabırbekovun Nurkojoyevaya dəbdəbəli mərasimdə evlilik təklif etdiyini göstərən video internetdə yayılandan və kəskin ictimai qınağa səbəb olandan sonra Japarov qardaşı qızına görə üzr istəmişdi.

Sabırbekovun Nurkojoyevaya evlilik təklif etdiyi mərasimdə diqqətçəkən məqam onun Fövqəladə Hallar Nazirliyindən (FHN) kirayə götürdüyü ağ rəngli vertolyot olub.

Sabırbekovun narkobizneslə əlaqələrinə görə həbs olunması xəbəri iyulun 9-da yayılıb.

Prezidentin mətbuat katibi Askat Alaqozov iyulun 10-da bu deyilənlər təsdiqləyərək bildirib ki, "Aftandil Sabırbekov qanundankənar fəaliyyətini gizlətməkdən ötrü onu hakimiyyətdən qoruyacaq adamlar tapmağa cəhd göstərib".

Prezidentin kiçik qardaşının qızı olan L.Nurkojoyeva 2020-ci ildə ölkədə gözəllik müsabiqəsinin qalibi olub.

A.Sabırbekovun qohumları və vəkilləri isə son baş verənləri şərh etmirlər.

Moskvada pinəçiyə 14 il həbs cəzası. Ukraynaya görə...

Həbs. Foto arxiv
Həbs. Foto arxiv

İyulun 9-da Moskvada İkinci Qərb Dairəsi Hərbi məhkəməsi 32 yaşlı pinəçi Nikolay Kolinə 14 il həbs cəzası kəsib. Səbəb onun işğalçı Rusiya qüvvələrinə qarşı Ukrayna tərəfdə döyüşən Rusiya Könüllülər Korpusuna (RDK) 10 min rubl göndərməsidir.

2023-cü ilin aprelində həbs edilən Kolin terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinib.

Məhkəmə ona 300 min rubl məbləğində cərimə də kəsib.

Kolinin vəkili məhkəmənin qərarını "humanist" sayıb, belə ki ittihamda 21 il azadlıqdan məhrumetmə və 500 min rubl cərimə nəzərdə tutulurdu.

O, həbs olunanadək pinəçi işləyib, siyasətlə, tarixi rekonstruksiya, irland rəqsləri və qılıncoynatma ilə maraqlanıb.

Kolinin özünü təqsirli bilib-bilmədiyi bəlli deyil.

Noyabrda Moskva məhkəməsi RDK-nin komandiri Denis Kapustini vətənə xəyanət ittihamıyla ömürlük həbsə məhkum edib.

RDK son aylar Belqorod vilayətində Rusiya hərbi obyektlərinə bir neçə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Rusiya Baş Prokurorluğunun 2022-ci ilin fevralında verdiyi qərara görə, fəaliyyəti Rusiya Federasiyasının təhlükəsizliyinə yönəlmiş xarici ölkə, yaxud təşkilata maliyyə yardımı göstərmək vətənə xəyanət sayıla bilər.

Aİ Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Tbilisidə divara çəkilmiş Aİ və Gürcüstan bayraqları
Tbilisidə divara çəkilmiş Aİ və Gürcüstan bayraqları

Avropa İttifaqı (Aİ) Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Bu haqda iyulun 9-da Tbilisidə Aİ-nin genişləndirilməsi üzrə beynəlxalq konfransda birliyin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın indiki hakimiyyətinin niyyəti Aİ liderlərinə aydın deyil. O, "Xarici təsirin şəffaflığı haqqında" qanunu irəliləyişlər fonunda geriyə addım adlandırıb.

"Eləcə də antiqərb, antiavropa ritorikası Aİ-yə qoşulmaq üçün elan edilmiş məqsədə uyğun gəlmir", -- Qerçinski əlavə edib. O, inteqrasiyanın dayandırılmasını "kədərli və ürəkparçalayan" adlandırıb.

30 milyon avro da ayrılmayacaq

Səfirin sözlərinə görə, Aİ Gürcüstanın müdafiəsinə ayrılan 30 milyon avronu artıq dondurub və bu, "yalnız ilk addımdır". Qerçinski ümidini bildirib ki, Gürcüstanın Aİ-yə üzv olması üzərində iş bu ilin oktyabrına gözlənən parlament seçkilərindən sonra bərpa olunacaq.

Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu verilib. Bundan bir neçə ay sonra hakim "Gürcü arzusu" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentin müzakirəsinə çıxarıb. Tənqidçilər bu qanunu Rusiyanın "xarici agent" qanununun analoqu sayırlar. Müxalifət qanun layihəsinə qarşı çıxıb, ölkədə bir neçə ay kütləvi etirazlar keçirilib. Prezident Salome Zurabişvili qanun layihəsinə veto qoyub.

Aİ ölkələri və ABŞ Gürcüstan hakimiyyətini qanun layihəsini qəbul etməməyə çağırıblar. Sənədin qəbulundan sonra Aİ-nin bəzi üzvləri Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvini təklif ediblər. ABŞ isə Gürcüstanda "demokratiyanın sarsıdılması" üçün məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edib.

Ukraynanın dron hücumlarından sonra Rusiya cənubda uçuş qadağaları tətbiq edir

Rusiyanın Rostov vilayətində dron hücumundan sonra neft anbarında yanğın
Rusiyanın Rostov vilayətində dron hücumundan sonra neft anbarında yanğın

Rusiya iyulun 9-na keçən gecə 30-dan çox Ukrayna dronunu tutduğunu bildirir. Yerli rəsmilər itkilər, binalara ziyan barədə məlumat verirlər.

Kiyev Rusiyanın iddialarını şərh etməyib.

Ötən gün Rusiya Ukraynada 37 nəfərin ölümü ilə nəticələnmiş kütləvi raket hücumu gerçəkləşdirib. Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski buna cavab veriləcəyini bəyan edib.

38 dron tutulub

Rusiya Müdafiə Nazirliyinin iyulun 9-da yaydığı məlumatda deyilir ki, beş vilayətdə ümumilikdə 38 dron tutulub. Onlardan 21-i Rostova, yeddisi Kurska, beşi Həştərxana, üçü Belqoroda, ikisi Voronejə atılıb.

Yerli media cənubdakı Həştərxan və Volqoqrad vilayətlərindəki aeroportların dron hücumlarından sonra uçuşları məhdudlaşdırdığını yazır.

İyulun 9-na keçən gecə Ukraynanın Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində dörd nəfər həlak olub, 20 nəfər yaralanıb. Bunu region qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, hücum elektrik təchizatında fasiləyə səbəb olub, 60 binaya və 160 mənzilə ziyan dəyib.

Volqoqradda neft anbarı və elektrik yarımstansiyası düşən dron qalıqlarından alışıb. Bu məlumatı isə region qubernatoru Andrey Boçarov verib.

Rusiyanın raket hücumu

İyulun 8-də Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub, 21-i paytaxt Kiyevdə olmaqla, azı 37 nəfər öldürülüb. Hücumda bir xəstəxana da ziyan görüb, azı iki işçisi həlak olub.

Qərb, BMT-nin humanitar koordinatoru Rusiyanın hücumunu pisləyiblər. BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın raket hücumunu müzakirə etməkdən ötrü iyulun 9-da iclas keçirəcək.

Moskva adətən yaşayış məskənləri, məktəblər, xəstəxanalar və digər mülki obyektləri hədəfə almadığını deyir.

Rusiyanın Müdafiə Nazirliyi Kiyev yaxınlığına hücumların Ukrayna hərbi sənaye obyektləri və Ukrayna hava qüvvələri bazalarını hədəfə aldığını, hücumun hədəflərinə çatıldığını bildirib.

AzadlıqRadiosu ağır döyüşlər gedən ərazilərdə baş verənlərlə bağlı tərəflərin dediklərini müstəqil təsdiqlətmək imkanına malik deyil.

8 iyul

Ukraynaya raket zərbələrində azı 41 nəfər ölüb. BMT iclasa toplanır

BMT Təhlükəsizlik Şurası iyunun 9-da Rusiyanın Kiyevdəki "Oxmatdet" Uşaq Xəstəxanasına raket zərbəsi ilə bağlı iclas keçirəcək.

Rusiya iyulun 8-də Ukraynanın bir neçə şəhərini şiddətli raket atəşinə tutub və nəticədə ölkə boyunca azı 41 nəfər həlak olub, daha 141 nəfər yaralanıb.

Ölü sayı ən çox Kiyev və Krivoy Roq şəhərlərində qeydə alınıb.

Kiyevdə ən böyük uşaq xəstəxanasının binalarından biri və yaşayış binasının bloku dağılıb.

Sözügedən binada ölənlərdən üçü uşaqlardır.

Raketləri yenə də Xəzər üzərindən atıblar

Xəbər verilir ki, Rusiya strateji bombardmançı təyyarələri raketləri Xəzər dənizi akvatoriyasından atıblar. Rusiya hərbçiləri eyni zamanda ballistik raketlərlə atəş açıblar.

Bütün Ukrayna boyunca həyəcan vəziyyəti elan edilib.

Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb və onlardan 30-nu vurmaq mümkün olub.

Uşaq xəstəxanasından başqa Kiyevin digər rayonlarında da dağıntılar var. "Lukyanovskaya" metrostansiyasının yaxınlığında biznes mərkəzi yanıb. Şevçenko rayonunda isə yaşayış binasının bir bloku tamamilə dağılıb.

Ukrayna təcili xidmətlərinin məlumatına görə, Rusiya tərəfindən təkrar raket zərbələri nəticəsində Kiyevin Dneprovsk rayonunda tibb mərkəzi qismən dağılıb. Bu zərbələr nəticəsində, azı, dörd nəfər həlak olub.

Krivoy Roqda 10 nəfər həlak olub

Xəbər verilir ki, Dneprdə, Krapivnitskdə və Krivioy Roqda partlayışlar baş verib.

Krivioy Roq şəhərində raket zərbələri nəticəsində 10 nəfərin həlak olduğu xəbər verilir.

Şəhərdə iyulun 9-u matəm günü elan edilib. Donetsk vilayəti administrasiyasının məlumatına görə, Pokrovsk şəhərində üç nəfər həlak olub.

"Uşaqların məqsədli hədəflənməsi"

Ukrayna hökumətinin rəsmiləri Rusiyanı raket zərbələri zamanı "məqsədli şəkildə" uşaqları hədəfləməkdə ittiham edirlər.

Onlar Rusiya təcavüzü ilə mübarizə üçün Ukraynaya daha çox hərbi yardımlar verilməsinə çağırırlar.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, onun qüvvələri Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava bazalarına zərbələr endiriblər, bütün hədəflər vurulub.

Ekspertlər Rusiyanın versiyasına inanmırlar

Rusiyanın dövlət TASS xəbər agentliyi bundan əvvəl bildirmişdi ki, partlayışlar Kiyevdə "Artyom" müdafiə zavodu və "Julyanı" aerodromu rayonunda baş verib.

Rusiya hərbiyyəsi bildirir ki, onun qüvvələri mülki obyektlərə zərbələr endirməyiblər və dağıntılar Ukrayna hava hücumundan müdafiə sisteminin raketləri vurmasına görə baş verib.

Rusiyanın hərbi bloqerləri iddia edirlər ki, Ukrayna tərəfi NASAMS hava hücumundan müdafiə raketlərindən istifadə edib.

Ukrayna təhlükəsizlik xidməti isə israr edir ki, uşaq xəstəxanasına Rusiyanın X-101 raketi ilə zərbə endirilib və Kiyevin buna dair sübutları var.

Sosial şəbəkələrdə habelə raketin Kiyevə düşmə anını görüntüləyən videolar yayılıb. Bu videoları Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak dərc edib.

"Agentstvo" saytı yazır ki, ekspertlər Rusiya Müdafiə Nazirliyinin versiyasına şübhə ilə yanaşırlar. Onlar vurğulayırlar ki, söhbət hava hücumundan müdafiənin atdığı zenit raketindən yox, Rusiya tərəfindən atılan qanadlı raketdən gedir.

Qərb Ukraynaya raket zərbələrini qətiyyətlə pisləyib. ABŞ-ın Kiyevdəki səfiri hücumu "qəddar təcavüz" və "insan həyatına tam laqeydlik" adlandırıb.

Bayramov: 'İranla daha fəal münasibətlər gözlənilir'

İran - Məsud Pezeşkian
İran - Məsud Pezeşkian

İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində bildirib.

"İranda yeni prezident seçildi və Azərbaycan prezidenti onu təbrik etdi. Biz əvvəllər Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

+++

İyulun 5-də İranda baş tutan prezident seçkilərinin ikinci turunun qalibi Məsud Pezeşkian olub.

Prezident seçkilərinin ikinci turunda mötədil islahatçı Məsud Pezeşkian və ultramühafizəkar sərt xətt tərəfdarı Səid Cəlili mübarizə aparıb.

İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Pezeşkian 53.7 faiz, Cəlili isə 44.3 faiz səs toplayıb.

Pezeşkian qələbədən sonra dövlət televiziyasında ilk çıxışında "Biz hamıya dostluq əlini uzadacağıq. Biz hamımız bu ölkənin insanlarıyıq. Biz hamımızdan ölkənin tərəqqisi üçün istifadə etməliyik" deyib.

69 yaşlı Pezeşkian ixtisasca həkim, ürək cərrah cərrahıdır, İranın keçmiş səhiyyə naziridir. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı idi. 2016-cı ildə İran parlamentində "Türk bölgələri" fraksiyası yaradıb.

2022-ci ildə hicab qaydalarını pozmaqda suçlanaraq saxlanan Məhsa Əminin ölümünə görə İran hökumətini, məscidləri tənqid etmişdi.

Pezeşkian daxili və xarici problemləri həll edə biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

***

İyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir.

İyunun 28-də birinci turun qalibləri ultra-mühafizəkar Səid Cəlili və islahatçı deputat, etnik azərbaycanlı Məsud Pezeşkian olublar.

Birinci tura seçicilərin cəmi 40 faizi gedib ki, bu rekord aşağı göstərici ölkənin dini isteblişmentinin narahatlığına səbəb olub.

Ali dini lider Əli Xamenei iyulun 3-də etiraf edib ki, seçici fəallığı gözlənilən kimi olmayıb, ancaq o, seçici marağının olmamasının İran rəhbərliyinin qeyri-populyarlığını göstərdiyini danıb, səsverməni "çox vacib" adlandırıb.

"İslamı və islam respublikasını, ölkənin inkişafını sevənlər bunu seçkidə iştirakla göstərməlidirlər", - 85 yaşlı Xamenei söyləyib.

Boykot çağırışları

Rejimin sərt tənqidçiləri ikinci turun boykotuna çağırsalar da, bu çağırışların nə qədər geniş yayıldığı, iranlıların onlara əhəmiyyət verib-vermədiyi bəlli deyil.

İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar.

Bu seçki Xameneinin yaşı baxımından əhəmiyyətlidir. Seçkinin qalibinin növbəti ali dini liderin seçimində potensial rolu ola bilər.

Rəsmi nəticələrə görə, Pezeşkian birinci turda səslərin 42.5, Cəlili isə 38.6 faizini yığıb.

Digər iki namizəd -- parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi 14 faizdən çox səs yığa bilməyib.

Tənqidçilər və dissidentlər əvvəlki seçkilər dəyişikliyə səbəb olmadığı üçün bu səsverməni boykot etməyə çağırırlar.

2020-ci ildən bəri İranda seçkilərdə seçici fəallığı azalıb. Bunu səbəbləri sırasında azadlıqların olmaması, ABŞ və digər sanksiyaların iqtisadiyyata mənfi təsiri göstərilir.

Rəisinin ölümündən sonra

İnsan haqları qrupları iddia edirlər ki, ultramühafizəkar prezident İbrahim Rəisi mayda Azərbaycandan qayıdarkən helikopter qəzasından öləndən sonra sosial mediadakı tənqidi səslərə təzyiqlər güclənib.

Qərbin qatı tənqidçisi olan Rəisi Xameneinin mümkün varisi sayılırdı.

update

Orban Çində Si ilə görüşüb

Viktor Orban və Si Cinpin
Viktor Orban və Si Cinpin

Macarıstanın baş naziri Viktor Orban iyulun 8-də Pekində Çin lideri Si Cinpinlə görüşüb.

Bəyanatlar

Orban Çinə elan olunmayan səfərini müdafiə edib: "Çin Rusiya-Ukrayna müharibəsində sülhün şərtlərinin yaradılmasında əsas qüvvədir. Buna görə də Pekinə prezident Si ilə görüşə gəldim, onun Budapeştə rəsmi səfərindən cəmi iki ay keçir".

Pekindəki görüşdən bir gün sonra Orban da daxil olmaqla NATO liderləri Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammitə yığışacaqlar. Rusiyanın Ukraynaya qarşı işğalına Qərbin reaksiyası sammitin gündəliyində duran əsas məsələdir.

Si isə Orbanla görüşdən sonra Ukrayna müharibəsi barədə deyib ki, "beynəlxalq ictimaiyyət tərəflərin birbaşa dialoqu və danışıqları bərpa etməsindən ötrü şərtləri formalaşdırmalı və yardım göstərməlidir".

Çin lideri indiyədək münaqişəni pisləsə də, diplomatik baxımdan Putini dəstəkləyib. 2022-ci ilin fevralında Ukraynadakı müharibə başlamazdan öncə Si Putinlə "limitsiz" tərəfdaşlıq yaradıb.

+++

Macarıstan iyulun 1-də Avropa İttifaqına (Aİ) sədrliyə başlayandan Orban, özünün dediyi kimi, sülhyaratma missiyası çərçivəsində artıq üçüncü ölkəyə səfər edir. O, X platformasında aeroportdan fotonun yer aldığı postunda yazıb: "Sülhyaratma missiyası 3.0".

Orban ötən həftə Kiyevə və Moskvaya gedib, Ukrayna və Rusiya arasında sülh axtarışında olduğunu iddia edib. İyulun 6-da İsveçrənin "Die Weltwoche" saytına müsahibəsində deyib ki, növbəti həftə Ukraynada müharibənin dayandırılması məsələsi üzrə yeni "gözlənilməz" görüşləri olacaq, o, iyulun 8-i səhərə "sürpriz" vəd edib.

Viktor Orban və Volodimir Zelenski
Viktor Orban və Volodimir Zelenski

Orbanın danışıqları

İyulun 2-də Kiyevə gedən Orban prezident Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqları naminə atəşkəsi dayandırmağa razılaşmağa çağırıb. Zelenski isə daha sonra "Bloomberg"ə müsahibəsində deyib ki, atəşkəs, ondan sonra nə gələcəyi barədə aydın plan olmasa, münaqişənin bitməsi deyil, dondurulması demək olacaq.

Zelenski müsahibəsində onu da qeyd edib ki, müharibənin bitməsi həm Kiyev, həm də bütün dünya üçün ədalətlidir, ABŞ və Çin fikir ayrılıqlarını kənara qoyaraq Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməlidirlər.

İyulun 5-də Kremldə Orban ilə görüşən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi haqda həmişəki tezislərini, danışıqların başlamasından ötrü tələblərini təkrarlayıb. O, Rusiyanın qanunsuz ilhaqını elan etdiyi ərazilərindən Ukrayna qoşunlarının çıxarılmasını da tələb edir.

Aİ rəhbərliyinin yanaşması

Moskvada danışıqları bitirən Orban deyib ki, Kiyev və Moskvanın sülh tənzimlənməsinə yanaşmasında böyük fərq görür.

Kiyevdə və Aİ-nin bir çox ölkələrində Orbanın bəyanatlarına və hərəkətlərinə skeptik yanaşır, onu birbaşa rusiyapərəst mövqedə olmasa da, Ukraynanın maraqlarını güzəştə getməkdə hazır olmaqda ittiham edirlər.

Aİ rəhbərliyi, o cümlədən birliyin bir sıra ölkələrinin liderləri Orbanın Moskva səfərindən sonra bəyan ediblər ki, Macarıstan baş nazirinin Aİ adından Putinlə danışıqlar aparmaq mandatı yoxdur.

Ukrayna hakimiyyəti bütün ölkələri "Ukrayna barədə Ukraynasız heç bir razılaşmaya getməmək" prinsipinə əməl etməyə çağırır.

update

Fransada seçki sürprizi: sol qüvvələr önə çıxır

İnsanlar Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun qismən nəticələrindən sonra Respublika meydanına toplaşırlar.
İnsanlar Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun qismən nəticələrindən sonra Respublika meydanına toplaşırlar.

İyulun 7-də Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Sol qüvvələr alyansı gözlənilmədən ifrat sağçılardan önə çıxıb. Bu isə Merin Lö Penin "Milli birlik" (RN) partiyasının hökuməti idarə etməyini önləyir.

Rəy sorğuları RN-in seçkini asanlıqla udacağını göstərirdi. Ancaq sol və mərkəzçi alyanslar əməkdaşlığa gedərək RN-ə qarşı cəbhə yarada biliblər.

İfrat solçu, Sosialistlər və Yaşıllardan ibarət solçu "Yeni xalq cəbhəsi" alyansının 577 yerdən 172-215-ni qazanacağı gözlənilir.

Prezident Emmanuel Makronun mərkəzçi alyansı isə 150-180 yerlə ikinci olacağı görünür.

RN 115-155 yer qazana bilər.

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsi təqdim edəcəyini bildirib. Makron baş naziri özü təyin edə bilər. Ancaq Yelisey sarayından deyilib ki, prezident parlamentin yekun formalaşmasını gözləyəcək.

+++

İkinci turda seçicilərin 66.6 faizi iştirak edib.

Rəqib partiya təmsilçiləri ikinci turdan öncə seçiciləri solçu namizədlərə səs verməyə çağırırdı. Məqsəd ifrat sağçıların qalib gəlməsinə mane olmaq idi.

"Le Monde" qəzetinin dərc etdiyi nəticələrə görə, "Yeni xalq cəbhəsi" 182, prezident-yönümlü "Respublika uğrunda Birlikdə" koalisiyası 168 mandat qazanıb. Solçular inandırıcı nəticələr göstərə bilmədikləri dairələrdə bu koalisiyanın namizədlərinə səs verməyə çağırırdılar.

İfrat sağçı "Milli birlik" 143, "Respublikaçılar" 45 yer əldə edib. Digər birliklər isə ümumilikdə 39 mandat qazanıblar.

Bununla da heç bir siyasi qüvvə parlamentdə çoxluğu ala bilməyib. Fransa Milli Assambleyasında 577 deputat var, çoxluqdan ötrü 289 yer qazanılmalıdır.

Fransanın ultra - sağçı "Milli birlik" partiyasının seçkiqabağı plakatları
Fransanın ultra - sağçı "Milli birlik" partiyasının seçkiqabağı plakatları

"Hələ son deyil"

AzadlıqRadiosunun Avropa müxbiri Rikard Yozvyak yazır ki, adətən sağ-mərkəzçi və solçu qüvvələr bir-biri ilə rəqabət aparanda RN çiçəklənirdi. Bu dəfə isə ifrat sağçılar bu didişmədən məhrum qaldılar.

Ekzit-pol nəticələri Avropada çoxlarının dərindən nəfəs almasına səbəb olsa da, bu, hələ son deyil. Makronun qanadları azından öz ölkəsində "kəsildi", - müəllif qeyd edir.

Belə bir parçalanmış parlamentdə funksional hökumət formalaşdırmaq asan olmayacaq. Belə ki, solçu alyans və Makronun mərkəzçi qüvvələri heç də eyni dildə danışmırlar, hələ aylansdakı bəzi partiyalar bir qırağa dursun.

Görünür, koalisiya yaradılsa da, zəif, xaotik olacaq. Bir il ərzində bu iş alınmasa, yeni seçkilər istisna edilmir.

"Lö Penin kənarda daha əlverişli məqamı gözləyəcəyi də istisna deyil. Həm parlament seçkilərində, həm də daha böyük priz hələ qabaqdadır: 2027-ci ildə yeni prezident seçkisi gözlənilir", -- Yozvyak yazır.

Fransa xüsusi təyinatlıları növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra nümayişçilərlə toqquşmalar zamanı yanan velosipedlərin yanında dayanıblar.
Fransa xüsusi təyinatlıları növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra nümayişçilərlə toqquşmalar zamanı yanan velosipedlərin yanında dayanıblar.

Küçələrdə izdiham, iğtişaşlar

İlkin nəticələr yayılandan sonra Fransa şəhərləri izdiham bürüyüb.

Parisdə Respublika meydanına minlərlə insan yığışıb. Əvvəlcə dinc keçən aksiyada sonradan qarışıqlıq düşüb, zibil qabları, velosipedlər yandırılıb, avtobus dayanacaqlarının şüşələri sındırılıb. Nant şəhərində aksiyalar zamanı iğtişaşlar yaranıb, polis gözyaşardıcı qazdan istifadə etməli olub. Xəbəri BBC-nin rus xidməti yayıb.

Bu ilin iyununda Avropa Parlamentinə seçkilərdə Fransada ifrat sağçıların qələbəsindən sonra ölkədə növbədənkənar parlament seçkiləri təyin olunub.

01.07.2024

Fransa seçkilərində ifrat sağçılar birinci turun qalibidir

İyunun 30-da Fransada parlament seçkilərinin birinci turunun qalibi Marin Lö Penin "Milli birlik" (RN) partiyası olub.

Səsvermə yüksək seçici iştirakçılığı ilə keçirilib, RN-in solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizə qədərini yığdığı bildirilir. Məlumatı "Reuters" "Ipsos", "Ifop", "OpinionWay" və "Elabe" təşkilatlarının ekzit-pollarına əsasən yayıb.

Prezident Emmanuel Makronun "Birlikdə" alyansı 20.5 faiz səs yığıb.

Tələsik yaradılmış sol qanad koalisiyası – "Yeni xalq cəbhəsi"nin 29 faizə yaxın səs yığdığı görünür.

Fransada çoxlarının qəbul etmədiyi RN indi hakimiyyətə heç vaxt olmadığı qədər yaxın görünür. Lö Pen son vaxtlar irqçilik və antisemitizmlə tanınan partiyasının imicini təmizləməyə çalışıb. Makronun dövründə yaşam xərclərinin, immiqrasiya sarıdan narahatlığın yüksəlməsi seçicilərin qəzəbini artırıb deyə, bu taktika səmərəli olub.

Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir. İlk turda qalib gəlmək üçün 50 faizdən çox səs toplamaq lazımdır. Əks halda, dairə üzrə səslərin azı 12.5 faizini qazanan şəxslər ikinci tura keçirlər.

Makron seçiciləri "aşkar respublikaçı və demokratik" namizədlər ətrafında birləşməyə çağırıb. Onun son bəyanatlarına əsasən demək olar ki, RN və ifrat solçu "Əyilməz Fransa" partiyasının namizədləri bu sırada deyillər.

Ərdoğan TDT liderlərinin  Şuşa toplantısında iştirak etməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı liderlərinin zirvə toplantısında iştirak etməyəcək.

Buna səbəb Ərdoğanın iyulun 6-da Almaniyaya səfər etməsidir.

Türkiyə prezidenti həmin gün futbol üzrə Avropa Çempionatının dörddə bir final mərhələsində Türkiyə-Niderland oyununu izləyəcək. Ona görə də zirvə toplantısında Türkiyəni bu ölkənin vitse-prezidenti təmsil edəcək.

President.az saytının məlumatına görə, bu haqda prezident İlham Əliyevlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında iyulun 5-də keçirilən görüşdə danışılıb.

UEFA Türkiyə futbolçusunun növbəti iki oyunda iştirakını qadağan etdi

Merih Demiral
Merih Demiral

Avropanın futbol təşkilatı - UEFA iyulun 2-də Avstriya və Türkiyə yığmaları arasında keçirilən matçda baş vermiş insidentlə bağlı qərar verib.

Qərarda deyilir ki, Türkiyə yığmasının oyunçusu Merih Demiral təşkilatın ümumi davranış qaydalarını pozub: Futbolçu idman tədbirindən qeyri-idman təbiətli ifadə üçün istifadə edib və bununla da futbol idmanına hörmətsizlik nümayiş etdirib.

Təşkilatın Apellyasiya şurası Demiralı UEFA çərçivəsində keçirilən dalbadal iki oyunda iştirakdan məhrum edib.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Demiral Avstriyanın qapısına qol vurduqdan sonra hər iki əli ilə "boz qurd" kimi tanınan jest edib.

Avstriyada təşkilatın simvolikasından istifadə qadağandır.

Qəzzada atəşkəs və girovlarla bağlı danışıqlar bərpa oluna bilər

İsrail zərbəsindən sonra Rafahda tüstü qalxır
İsrail zərbəsindən sonra Rafahda tüstü qalxır

İsrailin "Mossad" kəşfiyyat xidmətinin başçısı David Barnea Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların bərpasından ötrü Qətərə gedir. Bunu danışıqlardan agah mənbə "Reuters"ə deyib.

Məlumata görə, Barnea Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşəcək. Məqsəd İsrailin ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silah qruplaşması ilə danışıqlarını təşkil etməkdir.

Razılaşmaya "heç vaxt olmadığı kimi" yaxın

Bu arada Livanın "Hizbullah" qruplaşmasının lideri Seyid Həsən Nəsrullah ilə HƏMAS-ın liderlərindən Xəlil əl-Həyyanın Qəzza zolağında son baş verənləri və atəşkəs danışıqlarını müzakirə etdiyi bildirilir. Xəbəri Hizbullah yayıb.

Ötən ilin oktyabrında İsrail-HƏMAS müharibəsi başlanandan Livan-İsrail sərhədində "Hizbullah" ilə İsrail arasında paralel münaqişə gedir. Bu isə münaqişənin daha da genişlənəcəyi sarıdan qorxuları gücləndirir.

ABŞ administrasiyasının aparıcı rəsmisi isə iyulun 4-də bildirib ki, HƏMAS İsraillə potensial girov razılaşması ilə bağlı mövqeyində əhəmiyyətli dəyişiklik edib. Rəsmi ümidini bildirib ki, bu, daimi atəşkəsə doğru bir paktla nəticələnəcək.

Elə İsrailin müdafiə naziri Yoav Qalant da ölkəsinin girovların azadlığa buraxılması üçün razılaşmaya "heç vaxt olmadığı" kimi yaxın olduğunu deyib. Nazir girovların qohumları ilə qeyri-rəsmi görüşdə danışıb.

Bayden Netanyahu ilə danışıb

Ağ evin prezident Co Bayden ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon söhbəti barədə məlumatı da danışıqlarda proqres olduğunu dolayısı ilə təsdiqləyir. Məlumatda deyilir ki, liderlər HƏMAS-dan bu yaxınlarda alınmış təklifləri müzakirə ediblər.

Bundan öncə HƏMAS bildirmişdi ki, təşkilatın rəhbəri İsmayıl Haniyə misirli və qətərli vasitəçilərlə danışıqların yeni raundunu keçirib. Danışıqlar prosesinə Türkiyənin də qoşulduğu xəbər verilirdi. Bəzi məlumatlara görə, HƏMAS İsrailin ona qarşı müharibəni dayandırması tələbindən əl çəkib. Hazırda HƏMAS yalnız "daimi" atəşkəs istəyir. Netanyahunun isə müharibənin bəyan edilmiş hədəflərinin hamısına, o cümlədən HƏMAS-ın məhvinə nail olmaq tələbindən əl çəkmədiyi bildirilir.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 35 min nəfərin həlak olduğu xəbər verilir.

Peskov Ərdoğanın Ukrayna münaqişəsində mümkün vasitəçi olmadığını deyib

Dmitri Peskov
Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitindən əvvəl jurnalistlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində mümkün vasitəçiliyi barədə suallarına cavab verərkən “bunun mümkün olmadığını” deyib:

“Rəcəb Ərdoğan Ukrayna üzrə danışıqlarında mümkün vasitəçi hesab olunmur”.

Bununla belə Peskov əlavə edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Astanadakı görüşləri zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

TASS xəbər agentliyi bildirir ki, Ərdoğan-Putin danışıqları 1 saatadək çəkib.

Peskovun sözlərinə görə onlar iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkiyənin bundan əvvəlki vasitəçilik səyləri

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi 2022-ci ilin 24 fevralında başlayıb.

Türkiyə bu müdaxiləni pisləsə də, başlanğıcda Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı.

Amma bir sıra Türkiyə bankları ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinərək Rusiya bankları ilə əməkdaşlığı dayandırıblar.

Türkiyə prezidenti müdaxilənin ilk günündən öz vasitəçiliyini təklif edib və bundan sonra İstanbul razılaşması deyilən sənədin layihəsi hazırlanıb. Lakin Ukrayna bu sənədi imzalamaqdan boyun qaçırıb.

Ukrayna taxılının Ukrayna limanlarından ixracı Türkiyə və BMT-nin vasitəçiliyi ilə baş tutub.

Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb. Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.

Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tuturdu.

Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub. Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.

Lakin 2023-cü ilin iyulunda Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradan bu sazişdən çıxıb. Bunu öz ərzaq və gübrə ixracının ciddi maneələrlə üzləşməsi ilə əsaslandırıb.

Astanada ŞƏT sammiti başlanıb. Belarus yeni üzvdür

Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının sammiti
Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının sammiti

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Belarusun təşkilata üzv qəbul edilməsi ilə başlanıb.

"Belarus təşkilata tamhüquqlu üzvlük yolunda gərəkən prosedurları yerinə yetirib", - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammiti açarkən deyib.

Bununla da Belarus ŞƏT-in 10-cu üzvünə çevrilib. Qurumun digər üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır.

Sammitdə 16 ölkənin yüksək çinli təmsilçisi, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, müxtəlif beynəlxalq təşkilatların başçıları iştirak edir.

Sammit çərçivəsində ilk dəfə olaraq "Ədalətli sülh, razılaşma və inkişaf uğrunda dünya birliyi barədə" ŞƏT+ formatında görüş olmalıdır. ​Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün "Müstəqillik" Sarayına gəlib.

ŞƏT 2001-ci ildə üzvləri arasında iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Belarus siyasətçisi amnistiya aktı ilə azadlığa buraxılıb

Rıqor Kastusyov
Rıqor Kastusyov

Belarus Xalq Cəbhəsinin lideri, uzunmüddətli həbs cəzası çəkən Rıqor Kastusyov amnistiya aktı ilə azadlığa çıxıb. Ölkənin avtoritar lideri Aleksandr Lukaşenko amnistiyanı Belarusun nasist Almaniyasından azad olunmasının 80-ci ildönümü münasibətilə imzalayıb.

Kastusyovun Polşada yaşayan kürəkəni Dmitri Antonçik AzadlıqRadiosuna deyib ki, 67 yaşlı siyasətçi iyulun 3-də azad edilib.

2010-cu ildə prezidentliyə namizəd olmuş Kastusyov 2022-ci ilin sentyabrında hakimiyyəti ələ keçirməyi planlaşdırmaqda təqsirli bilinərək 10 il həbsə məhkum edilib. İstintaqa qədərki həbsi də nəzərə alanda o, həbsdə 3 ildən çox qalıb.

Həbsxanada siyasətçiyə xərçəng diaqnozu qoyulub.

Amnistiya 8 minə yaxın məhkumu əhatələyir, amma...

"Vyasna" (Bahar) insan haqları qrupu iyulun 3-də bildirib ki, ümumilikdə ikisi qadın olmaqla dörd siyasi məhbus elə həmin gün açıqlanmış amnistiya qanunu ilə azadlığa çıxıb. Qurum digər buraxılanların adlarını gizlilik səbəbi ilə açıqlamayıb.

Lukaşenko qanunu iyulun 2-də imzalayıb. Rəsmi açıqlamaya görə, amnistiya 7 min 850 məhkumu əhatə edəcək, onlardan 2 min 90 nəfəri buraxılacaq, 800 nəfərin şərti cəzasının qalan hissəsi bağışlanacaq, 40 nəfər barəsində inzibati həbslər ləğv olunacaq. 260 nəfərin həbsi şərti cəza ilə əvəzlənəcək, 4 min 550 məhkumun cəzası isə bir il azaldılacaq.

Lukaşenko iyulun 2-də deyib ki, 2020-ci ildə onun qalib elan olunduğu prezident seçkisinin nəticələrinə kütləvi etiraz aksiyalarına görə həbs edilmiş şəxslərin bəziləri buraxıla bilər. O, ağır xəstələrin, əsasən, xərçəng olanların daha tez buraxılacağını vurğulayıb.

1 min 400 siyasi məhbus

İnsan haqları qrupları iyulun 3-dək Belarusda 1 min 409 siyasi məhbusun olduğunu deyirlər. Ancaq siyasi motivli ittihamlarla məhkum edilənlər real sayının daha çox olduğu bildirilir.

"Vyasna"nın məlumatına görə, mayın 1-dək Belarusda azı 254 siyasi məhbusun ciddi tibb problemləri, yaxud əlliliyi olub.

Amnistiya aktı "ekstremist və terrorçu" fəaliyyətlə məşğul olanlara şamil edilməyəcək. 2020-ci il etirazlarından sonra Belarus hakimiyyəti 4 mindən çox şəxsin adını ekstremistlərin reyestrinə salıb.

69 yaşlı Lukaşenko 1994-cü ildən hakimiyyətdədir. 2020-ci ilin avqust seçkisindən sonra hakimiyyətini daha da möhkəmləndirib, azı 35 min nəfər saxlanılıb. Bir çox müxalifətçilər ölkədən qaçıblar.

Qərb seçkinin nəticələrini tanımır, Lukaşenkonu ölkənin legitim lideri saymır.

Bir çox ölkələr Belarusda narazıların sıxışdırılmasına cavab olaraq Lukaşenko rejiminə sanksiyalar tətbiq ediblər.

Astanada Putin-Əliyev görüşü başa çatıb

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin

Rusiya mediasında dərc olunmuş xəbərlərə görə iyulun 3-də Astanada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında danışıqlar başa çatıb.

Əliyevin görüşün əvvəlində deyib ki, o Moskva ilə strateji əməkdaşlığın nəticələrindən məmnundur.

O iki ölkə arasında iqtisadi əməkdaşlığın fəal olduğunu və milli valyutalarla hesablaşmaların artdığını vurğulayıb:

"Biz müttəfiqlər kimi artıq iki ildən çoxdur ki, birlikdə işləyirik və bu, nəticələrini verir”.

Putin və Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti əsnasında görüşüblər.

Putin Ərdoğanla da görüşməlidir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində bir sıra başqa ölkələrinin liderləri ilə ikitərəfli danışıqlar planlaşdırır.

TASS bildirir ki, bu barədə məlumatı Putinin köməkçisi Yuri Uşakov verib.

Uşakovun sözlərinə görə Moskva Astana sammitinə orada iştirak edəcək liderlərlə ikitərəfli təmaslar imkanı kimi baxır.

Uşakov əlavə edib ki, söhbət bir sıra “son dərəcə mühüm ikitərəfli kontaktlardan” gedir.

Xəbərdə deyilir ki, iyulun 3-də protokol tədbirlərindən əvvəl Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla və Monqolustan prezidenti Uxnaagiyn Xürelsüxlə, habelə Çin Xalq Respublikasının sədri Si Tsinpinlə və Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılıb.

Uşakov deyib ki, iyulun 4-də Putinin habelə İran prezidentinin əvəzi Məhəmməd Moxbirlə görüşü ola bilər.

Ümumiyyətlə isə Şanxay Əməkdaşlıq Təşkilatının işində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistanın nümayəndələri, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, MDB-nin və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibləri Sergey Lebedevİmanqali Tasmaqambetov iştirak edəcəklər.

Lukaşenko ağır xəstə siyasi məhbusları azadlığa buraxacağını deyir

Aleksandr Lukaşenko
Aleksandr Lukaşenko

Belarusun avtoritar lideri Aleksandr Lukaşenko bəyan edib ki, tezliklə ağır xəstə olan siyasi məhbusları, ilk öncə onkoloji xəstəliklərdən əziyyət çəkənləri azadlığa buraxmağı planlaşdırır.

Lukaşenko bunu belə izah edib ki, hakimiyyət insani davranmalıdır, ancaq, eyni zamanda, ağır xəstə məhbusların 2020-ci ildə ölkəni "dağıdıb məhv etdiklərini", amma "qaça bilmədiklərini" vurğulayıb.

Belaruslu politoloq Dmitri Bolkunets isə hesab edir ki, Lukaşenko sadəcə siyasi məhbusların buraxılması və Belarus-Polşa sərhədində miqrasiya müharibəsinin dayandırılması üçün "ultimatum" alıb. Politoloqun fikrincə, bu, iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır, Lukaşenko Belarusun bu birliyə daxil olacağına ümid edir.

2020-ci ildə nələr olub

2020-ci ilin avqustunda Belarusda prezident seçkisinin nəticələrinə kütləvi küçə etirazları başlanıb. Lukaşenko seçkinin qalibi elan edilib, vəzifə müddətini daha altı il uzadıb. Etirazçılar onun istefasını, yeni seçkilər keçirilməsini tələb ediblər. Onlar hakimiyyəti görünməmiş saxtakarlıqda, müxalifətin mitinqlərinin iştirakçılarına qəddar münasibətdə suçlayıblar.

Hüquq müdafiəçiləri etirazların yatırdılması zamanı azı səkkiz nəfərin öldürüldüyünü, 30 mindən çox belaruslunun repressiya və işgəncələrə məruz qaldığını bildirirlər. Hakimiyyət isə opponentlərinə qarşı minə yaxın cinayət işi açıb, müxalifət liderləri daxil olmaqla yüzlərlə adam uzunmüddətli həbsə məhkum edilib. Kütləvi repressiyalardan sonra küçə etirazları faktiki bitib.

Belarusun "Vesna" hüquq-müdafiə təşkilatının məlumatına görə, 2024-cü il mayın sonunadək ölkədə azı 254 siyasi məhbusun səhhəti xüsusi risk altında olub. Onlardan 16-sı əlilliyi olan şəxslərdir, 91-i ağır vəziyyətdədir, 65-inin yaşı 60-dan yuxarıdır və onların da çoxunun sağlıq problemləri var. 10 nəfərin isə psixi pozuntularının olduğu deyilir.

29 yaşlı Pavel Kuçinski xərçəngin dördüncü mərhələsindədir. Buna baxmayaraq, onu internetdəki şərhlərinə görə 4 il 9 aylıq azadlıqdan məhrum ediblər, cəzasını sərt rejimli koloniyada çəkir.

20 il həbs cəzasına məhkum edilmiş 61 yaşlı Qalina Derbışa da xərçəng diaqnozu qoyulub.

Rusiya jurnalist Nevzorov və həyat yoldaşını 'ekstremist qrup' elan edir

Aleksandr Nevzorov
Aleksandr Nevzorov

İyulun 2-də Sankt-Peterburq məhkəməsi Rusiyanın tanınmış TV jurnalistləri Aleksandr Nevzorov və həyat yoldaşı Lidiyanı "ekstremist qrup" elan edərək onların Leninqrad vilayətindəki mülkiyyətinin müsadirəsinə dair qərar çıxarıb.

Nevzorovun vəkili Aleksey Pryanişnikov deyib ki, məhkəmə qərarında mühacirətdə yaşayan jurnalistin əmlakının, avtomobilinin və özəl biznesdəki payının müsadirəsi nəzərdə tutulur.

2022-ci ildə Moskvanın Ukraynaya qarşı tammiqyaslı işğalını pisləyən Nevzorov Avropa İttifaqına üzv ölkəyə qaçıb. O, Telegram-da yazıb ki, Rusiya hakimiyyəti iki ay ərzində onunla sövdələşməyə gedib məhkəmədən "yaxşı" qərar qarşılığında Rusiyanın Ukraynaya qarşı təcavüzü məsələsində mövqeyini dəyişməsi üçün dilə tutmağa çalışıb.

"Azadlığın bədəli böyükdür. Ancaq bu bədəllərin heç biri həddən artıq ola bilməz", - Nevzorov yazıb.

Ötən ilin fevralında Moskvada məhkəmə Nevzorovu Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq ittihamı ilə qiyabi olaraq 8 il azadlıqdan məhrum edib.

2022-ci ilin martında İstintaq Komitəsi Nevzorovun Instagram və YouTube-dakı bəyanatları üzrə təhqiqat başladıb. Jurnalist Rusiya qüvvələrini Ukraynanın Mariupol şəhərində doğum evinə ölümcül zərbəyə və Buçada dinc sakinlərə işgəncə verilməsi və qətlinə görə tənqid edib.

2022-ci ilin iyununda Ukrayna prezidenti Volodimir Zelenski Nevzorov və həyat yoldaşına Ukrayna üçün "misilsiz" xidmətlərinə görə Ukrayna vətəndaşlığı verib.

Putinin qanunları

Həmin ilin fevralında Ukraynanı işğal etməyə başlayan prezident Vladimir Putin Rusiyanın hərbi əməliyyatları barədə "bilərəkdən" saxta informasiya yaymağa görə uzunmüddətli həbs cəzaları nəzərdə tutan qanunu imzalayıb. Bu, Kremlin Ukraynadakı müharibə ilə bağlı informasiyanı nəzarətdə saxlamaq səylərinin bir hissəsi idi.

Qanunu pozanlar üçün 10 ilədək həbs nəzərdə tutulub. Rusiya ordusu haqda "bilərəkdən" saxta informasiya yaymaq "ağır" nəticələrə gətirərsə, bunun cəzası 15 il həbsdir.

Kadırov daha bir qohumuna yüksək vəzifə verdi

Xamzat Kadırov və Ramzan Kadırov
Xamzat Kadırov və Ramzan Kadırov

Çeçenistan lideri Ramzan Kadırov daha bir yaxın qohumunu region hökumətində yüksək vəzifəyə gətirib. O, iyulun 1-də hökumətin iclasında deyib ki, 27 yaşlı qardaşı oğlu Xamzat Kadırovu Təhlükəsizlik Şurasının katibi təyin edib.

27 yaşlı Xamzat Çeçenistan başçısının köməkçisi idi. O, Kadırovun qardaşı, 2004-cü ildə vəfat etmiş Zəlimxanın oğludur.

Buna qədər Təhlükəsizlik Şurasının katibi postunu Kadırovun başqa bir qohumu Turpal-Ali İbrahimov icra edirdi. İndi o, Şali rayonunun başçısı olacaq. İbrahimov Kadırovun xalası oğludur.

X.Kadırov bir sıra orden və medallar, o cümlədən 2023-cü ilin noyabrında "Çeçenistan Qəhrəmanı" fəxri adı ilə təltif olunub. Sonuncu adı hansı xidmətlərinə görə aldığı bəlli deyil.

Kadırov bir sıra qohumlarını yüksək vəzifələrə gətirib. O, ötən ay daha bir qardaşı oğlunu regionun nəqliyyat naziri təyin edib. Bir ay öncə isə 18 yaşlı oğlu Axmatı idman və gənclərlə iş departamentinin başçısı vəzifəsinə qoyub.

Fevralda Kadırov 24 yaşlı qızı Xadicatı administrasiyada yüksək posta layiq görüb.

Hazırda Çeçenistan hökumətində 23 vəzifədən altısını Kadırovun övladları və kürəkənləri, daha beşini digər qohumları və həmkəndliləri tutur. O özü ailə üzvlərini vəzifədə önə çəkməkdə maraq toqquşması görmür. "Kimə inanıram, onu da təyin edirəm", – Çeçenistan başçısı deyib.

CNN: Avropadakı ABŞ hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ hərbçiləri
ABŞ hərbçiləri

ABŞ-nin Avropadakı bir sıra hərbi bazaları terakt təhdidləri səbəbindən yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Bu haqda CNN məlumat yayıb.

CNN-in mənbələrinə görə, təhdidlərdən dolayı müdafiə səviyyəsi ikinci həddə qaldırılıb. Bu adətən kəşfiyyatda mümkün terror hücumu barədə informasiya olanda gerçəkləşdirilir.

Belə ki, hərbi personala, yaxud bu bazalardakı obyektlərə qarşı mümkün teraktlarla bağlı narahatlıq var.

Hazırlıq səviyyəsinin özəlliklə iyunun 30-da Almaniyanın Ştutqart şəhərindəki hərbi bazada tətbiq olunduğu xəbər verilir. ABŞ-nin Avropadakı qüvvələrinin baş qərargahı orada yerləşir.

Avropadakı ABŞ bazasından anonimlik şərtilə danışan mənbə CNN-ə deyib ki, onlar azı 10 ildir belə təhdid səviyyəsi görməyiblər.

Bəyanatlar verilib, qəzetlər yazıb

Eyni zamanda belə təhlükəsizlik tədbirlərinin görülməsinə hansı kəşfiyyat məlumatlarının səbəb olduğu bilinmir, - nəşr qeyd edir. CNN jurnalistlərinin ehtimalına görə, Amerika bazalarına təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daha öncə Avropa dövlətlərinin bəyanatları ilə bağlı ola bilər. Onlar Parisdə Olimpiya Oyunları öncəsi, hazırda Almaniyada keçirilən Avropa futbol çempionatı vaxtı potensial terror təhdidi ilə bağlı bəyanatlar dilə gətirmişdilər.

Bu ilin mayında "The New York Times" ABŞ və Avropa təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla yazırdı ki, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukraynaya dəstəyi sarsıtmaq kampaniyası çərçivəsində Avropada diversiya əməliyyatlarını işə salıb.

Britaniyanın "The Financial Times" qəzeti isə mayda qeyd edib ki, Avropa ölkələrinin xüsusi xidmətləri Rusiya tərəfdən diversiya təhdidi ilə bağlı öz hökumətlərinə xəbərdarlıq göndəriblər. Nəşrin həmsöhbətlərinə görə, Rusiya hakimiyyəti Avropada infrastruktura partlayışlar, yanğınlar və digər hücumlar planlaşdırır. Moskvanın daha aqressiv şəkildə, həm birbaşa, həm də vasitəçilərlə hərəkətə keçməyə hazır olduğu bildirilirdi.

Türkiyədə LGBT paradında azı 15 etirazçı saxlanıb

İstanbulda LGBT yürüşü.
İstanbulda LGBT yürüşü.

İyunun 30-da Türkiyə polisi İstanbulda qadağan olunmuş LGBT paradında iştiraka görə azı 15 etirazçını saxlayıb. "Reuters" şahidə istinadla xəbər verir ki, polis küçələri axtarıb, iştirakçılar dağılışandan sonra hadisə yerinə gedib çıxıb.

Polis məsələni şərh etməyib. İstanbul merinin ofisi isə iyunun 30-da bildirmişdi ki, LGBT haqlarına dəstək məqsədilə keçirilən "Qürur yürüşü"nə icazə verilməyəcək. Polis yürüşün qarşısını almaq üçün İstanbulun mərkəzinə giriş-çıxışı əngəlləyib, metro stansiyalarını, əsas küçələrdə nəqliyyatı bloklayıb.

"Reuters" qeyd edir ki, prezident Rəcəb Tayyip Ərdoğanın islamçı AK Partiyası son 10 ildə LGBT icmasına qarşı ritorikanı sərtləşdirib, 2015-ci ildən "qürur yürüşləri"ni təhlükəsizlik səbəblərini əsas gətirərək qadağan edib.

İstanbul meriyası "Qürur yürüşü" tələb edən qurumları qanunsuz sayır.

LGBT qrupları isə İstanbulun Asiya hissəsinə yığışıb, bir təmsilçi bəyanatı səsləndirib: "Biz polisi aldatmaqdan və onları bizimlə məşğul olmağa vadar etməkdən yorulmuruq".

"Bütün küçələri və meydanları bağlamısız, bütöv bir şəhərdə həyatı durdurmusuz, Ancaq unutmusuz ki, biz gərəkərsə, daşı deşib bir-birimizi taparıq", - bəyanatda daha sonra vurğulanır.

"Reuters" şahidə istinadla yazır ki, polis küçələri axtararaq azı 15 nəfəri saxlayıb.

İran prezident seçkisində islahatçı deputat önə çıxır

Prezidentliyə dörd namizəd iddia edir.
Prezidentliyə dörd namizəd iddia edir.

İranda növbədənkənar prezident seçkisinin ilkin nəticələri islahatçı deputat Məsud Pezeşkianın rəqiblərindən önə çıxdığını göstərir.

İyunun 29-da səhər açıqlanan ilkin nəticələrə görə, Məsud Pezeşkian səslərin 43.5 faizini yığıb. Sərt xətt tərəfdarı Səid Cəlili 37.7 faiz səs yığıb. Parlamentin keçmiş mühafizəkar spikeri Məhəmməd Bağer Qalibaf 14 faizlə rəqiblərindən xeyli geri qalır.

Keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi bir faizdən də az səs yığıb.

Namizədlərdən heç biri birinci raundda azı 50 faiz səs toplaya bilməsə, iyulun 5-də ikinci tur keçirilməlidir.

***

İran prezidentinin seçkilərində səsvermə müddəti iyunun 28-i gecə yarısınadək uzadılıb.

Dörd namizəddən hər hansı birinin dərhal qalib elan ediləcək qədər səsə sahib olacağı gözlənilmir.

Namizəd bu yarışda qalib gəlmək üçün səslərin azı 50 faizini qazanmalıdır.

***

İranda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Yerli vaxtla səhər saat 8-də 58 mindən çox seçki məntəqəsi açılıb.

IRNA agentliyinin məlumatına görə, 14-cü prezident seçkilərində 61 milyon 452 min 321 vətəndaşın səsvermə hüququ var.

Prezidentliyə dörd namizəd iddia edir: islahatçı deputat Məsud Pezeşkian, keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi, keçmiş nüvə danışıqçısı və Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin spikeri Məhəmməd Bağer Qalibaf.

27 iyun

Haşimi və Zəkani seçkilərdən geri çəkildilər

Tehranın sərt xətt tərəfdarı olan meri Əlirza Zəkani İran prezidentliyi uğrunda yarışdan çıxdığı elan edib.

Bu, mühafizəkar düşərgəyə vahid namizəd məsələsində konsensus əldə edilməsinə kömək məqsədilə 28 iyun seçkisi ərəfəsində verilən artıq ikinci istefadır.

Bundan əvvəl İranın mühafizəkar xadimi, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi seçkilərə bir gün qalmış prezidentliyə namizədliyini geri götürüb.

"İnqilab qüvvələrinin birliyini qorumaq üçün mən seçki kampaniyasından imtina edirəm. Hörmətli İran xalqına, hörmətli Keşikçilər Şurasına, Daxili İşlər Nazirliyinə və seçki qərargahımın bütün üzvlərinə minnətdaram", - Haşimi X səhifəsində yazıb.

Azərbaycanlı namizəd İran prezidenti seçiləcək? Rəy sorğularında ikincidir.
Gözlə

No media source currently available

0:00 0:13:51 0:00
10 iyun

İranda prezident seçkilərinə altı namizəd buraxılıb

İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.

İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar - vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.

Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi və Tehran meri Əlirza Zəkani də seçkilərdə iştirak edəcəklər.

Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.

İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

Bayden və Tramp ilk debata çıxdılar

Donald Tramp və Co Bayden CNN-nin studiyasında ilk prezident seçkiləri debatında
Donald Tramp və Co Bayden CNN-nin studiyasında ilk prezident seçkiləri debatında

Müşahidəçilər prezident Baydenin məğlub olduğunu deyirlər.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden və Respublikaçılar Partiyasından namizəd Donald Tramp arasında ilk debat baş tutub.

CNN telekanalının təşkil etdiyi debatda aparıcılar namizədlərə amerikalılar üçün ən aktual məsələlər - yüksək inflyasiya, qadınların abort hüququna münasibət, qanunsuz miqrasiya, Ukraynaya yardım, afroamerikalıların problemləri, uşaqlı ailələrə dəstək, iqlim dəyişikliyi ilə mübarizə, seçkinin nəticələrinə hörmət kimi sualları cavablandırmağı təklif ediblər. Lakin hər iki namizəd bu sualların çoxuna cavab verməkdən yayınıb, 90 dəqiqəlik debat ərzində əvvəlcədən hazırlanmış tezisləri təkrarlayıblar.

Prezident Bayden təkidlə bildirib ki, onun rəhbərliyi altında ölkə COVID pandemiyasının yaratdığı tənəzzülün öhdəsindən uğurla gəlib, administrasiyasının siyasəti sayəsində inflyasiya azalır, ahıllar üçün dərmanların qiymətini aşağı salmağa nail olub. Yenidən prezident seçilərsə, Bayden sosial proqramların maliyyələşdirilməsini dəstəkləmək üçün yüksək gəlirli amerikalıların vergilərini artıracağına söz verib.

Keçmiş prezident Tramp isə bildirib ki, mövcud iqtisadi artımın özülü əslində vergilərin və iqtisadiyyatın dövlət tənzimlənməsinin azaldılması vasitəsilə onun rəhbərliyi dövründə qoyulub. O, Baydeni qeyri-qanuni miqrasiyaya göz yummaqda və hətta təşviq etməkdə günahlandırıb. Bu, Trampın fikrincə, aşağı gəlirli amerikalılara ziyan vurur.

Müzakirənin ən emosional epizodlarından biri Rusiyanın Ukraynaya təcavüzünün müzakirəsi olub. Tramp tezisini bir neçə dəfə təkrarlayıb ki, əgər o, Ağ Evdə olsaydı, Rusiya Ukraynanı işğal etməzdi. Onun sözlərinə görə, Amerika ordusunun Əfqanıstandan "rüsvayçı" getməsi Putinə Ukraynaya qarşı müharibəyə başlamaq əzmi verib. Baydenin siyasəti, Trampın sözlərinə görə, üçüncü dünya müharibəsinə aparır.

Trampın hərəkətləri, Ukraynaya kömək etmək istəməməsi Putini NATO-ya üzv ölkəni işğal etməyə şirnikləndirə və üçüncü dünya müharibəsinə gətirib çıxara bilər, - deyə Bayden rəqibinə etiraz edib.

Aparıcının suallarına cavab olaraq Tramp Putinin təklif etdiyi sülh planı ilə razılaşmadığını söyləyib. O, Rusiya prezidentini "cinayətkar" adlandırıb, ancaq qələbə çalacağı təqdirdə Ukraynadakı müharibəni hələ rəsmi olaraq prezident vəzifəsinin icrasına başlamazdan əvvəl dayandıra biləcəyini təkrarlayıb.

Müşahidəçilərin və şərhçilərin ilkin reaksiyalarına görə, prezident Bayden bu debatda açıq şəkildə məğlub olub. Rəqibindən fərqli olaraq, həmişə fikrini tamamlaya bilməyib, bəzən söz tapmaqda çətinlik çəkib, cavablarında dolaşıb. Onun seçki qərargahının nümayəndələri bunu prezidentin debata soyuq dəymiş çıxması ilə izah ediblər. "The Wall Street Journal" "Debatda Tramp Baydeni darmadağın etdi" başlığı ilə çıxıb. "The New York Times" Baydenin debatlarda "yöndəmsiz çıxışı" və Demokratlar Partiyasındakı "çaxnaşma" haqqında yazır.

Bastrıkin Rusiyada miqrantları azaltmaq üçün müharibəyə göndərilmələrindən danışdı

Rusiyada miqrantlar
Rusiyada miqrantlar

Moskva əmək miqrantlarını Ukraynadakı müharibəyə göndərir ki, Rusiyanı tərk etsinlər.

Bu barədə Sankt-Peterburq beynəlxalq hüquq forumunda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. Onun sözlərinə görə, orduya 10 minə yaxın miqrant cəlb olunub.

"Bilirsiniz, miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq", - RBC Bastrıkindən sitat gətirir.

"Biz Konstitusiyanın, qanunlarımızın vətəndaşlıq almış şəxslərin hərbi qeydiyyatda durmalı və, lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak etməli olduğu barədə müddəalarını həyata keçirməyə başladıq", - o əlavə edib.

Onun sözlərinə görə, hərbi qeydiyyata alınmaqla onun idarəsinin müstəntiqləri məşğuldur (belə iş İstintaq Komitəsinin səlahiyyətlərinə daxil deyil - A.R.): "Artıq vətəndaşlıq almış, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı tutub qeydiyyata salmışıq".

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlanandan Mərkəzi Asiya ölkələrindən ora iş axtarmaq üçün gedən miqrantların müharibəyə göndərildiyi barədə xəbərlər gəlir. Bu ölkələrin hökumətləri vətəndaşlara müharibədə iştirakın muzdluluq kimi qiymətləndirə biləcəklərini xatırladıblar.

2011-ci ildən Rusiyada İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxış edib və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib. İstintaq Komitəsinin rəhbərinin mövzu ilə bağlı son açıqlamaları Moskva yaxınlığındakı "Crocus City Hall" zalına hücumdan sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı başlayan kampaniya fonunda verilib. Hücumda Tacikistandan bir neçə mühacir ittiham olunur.

Davamı

XS
SM
MD
LG