Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:40

'Neft pulları nə qədər qələmləri sındırdı…'-Media icmalı


Media azadlığı. Karikatura
Media azadlığı. Karikatura

Ölkədə söz azadlığının durumu, baş nazirin müavini Əli Həsənovun «2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq» açıqlaması, kiçik və orta sahibkarlığın inkişafı medianın aparıcı mövzularındandır...

«İnkişaf nağılları uyduran mətbuat...»

Ayna.az saytında «Zərdabinin ruhunu incidən neft pulları» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2000-ci illərdən bəri ölkəyə 150 milyard dollara yaxın neft-qaz pulu gəlib. Müəllifin vurğulamasına görə, kimi dindirirsən, bu pulların xeyrindən, ölkənin inkişafına verdiyi töhfədən danışacaq. Hərçənd, yazıda onun ziyanlı tərəfinə də toxunulur:

«Bakıdakı fəvvarələr, mərmər daşlar, üzü qaşınmış binalar və göydələnlərdən fərqli olaraq, bu ziyan gözlə görünmür. Halbuki, fəsadları daha dərin, daha ağrılıdır... Məsələn, neft pulları bizə həm də dəyərlərin alınıb-satılmasını öyrətdi».

Yazıda vurğulandığına görə, bu yaxınlarda hökumət təmsilçiləri bir araya gəlib, narazılıq ediblər ki, mediada kriminal mövzuda materiallar çoxdur, kriminal avtoritetlər təbliğ olunur. Müəllif isə hökumət təmsilçilərinə belə bir sual verir:

«Siz nə vaxt mediada plüralist mühit yaratdınız, ifadə azadlığına imkan verdiniz, amma jurnalistlər yenə də «Lotu Quli»dən yapışdılar?... Media siyasi proseslərdən, ölkədəki sosial problemlərdən, cəmiyyətdəki narazılıqlardan, korrupsiyadan, məmur özbaşınalığından yaza bilməyəndə, istər-istəməz, boşluq yaranır…».

Müəllif hesab edir ki, o pulların bir qismi illərdir xalqın aldadılmasına xərclənir:

«O pullar nə qədər həqiqəti deyən dilləri susdurdu, qələmləri sındırdı… Və nəhayət, bugünkü mənzərəni yaratdı – işi-peşəsi çiçəklənmə, inkişaf nağılları uydurmaqdan ibarət mətbuat modeli…».

Əli Həsənov
Əli Həsənov

«Məntiqsiz açıqlama...»

«Yeni Müsavat» qəzetində ««2020-ci ildə Azərbaycanda yoxsul qalmayacaq» iddiası etiraz doğurdu» sərlövhəli yazı diqqət çəkir.

Yazıda qeyd edildiyinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, 2020-ci ildə Azərbaycanda bircə yoxsul da qalmayacaq. Qəzetə danışan iqtisadçılar isə onun dediklərinin məntiqə sığmadığını və iqtisadi əsaslara söykənmədiyini bildiriblər.

İqtisadçı ekspert Rəşad Həsənov: ​«İlk növbədə yanaşma yanlışdır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında 0.2 faiz zəifləmə baş verib. Eyni zamanda, əhalinin gəlirləri 2014-cü illə müqayisədə kəskin şəkildə azalıb. Təsəvvür edin ki, 2016-cı ildə 12.5 faiz, 2017-ci ildə təxminən 14 faiz inflyasiya baş verib».

Üstəlik, iqtisadçı hesab edir ki, burada tətbiq edilən indikatorların əhəmiyyəti böyükdür:

«Əgər siz həqiqətən də Azərbaycanda günə bir manat qazanan adamı yoxsul saymasanız, o zaman bəlkə də Ə.Həsənovun dediyi göstəriciləri əldə edərsiniz. İnkişaf etmiş ölkələrdə yoxsulluq səviyyəsinin indikatorları çox yüksəkdir».

R.Həsənov deyib ki, Azərbaycan iqtisadiyyatı hələ uzun illər neftdən asılı olacaq:

«Cari ilin 11 ayının nəticələrinə görə, ölkənin ixracının 90 faizi neft məhsulu olub. Azərbaycan manatının məzənnəsi neftin qiymətindən 90 faiz asılı vəziyyətdədir».

İ.Əliyev Gəncədə «Grand Qafqaz» Ticarət Kompleksinin açılışında
İ.Əliyev Gəncədə «Grand Qafqaz» Ticarət Kompleksinin açılışında

Kiçik və orta sahibkarlığa dövlət dəstəyi

«Azərbaycan» qəzetində «Kiçik və orta sahibkarlığa dövlət dəstəyi davam edir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, bazar iqtisadiyyatı şəraitində özəl sektor və sahibkarlığın inkişafı olmadan iqtisadi yüksəlişi təmin etmək mümkünsüzdür:

«Ümummilli lider qarşıya qoyduğu məqsədə çatmaq üçün 1993-2000-ci illəri əhatə edən iki dövlət proqramı təsdiq etdi. Həmin proqramlar ölkədə sahibkarlığın inkişafına təkan verdi, özəl sektorun inkişafının qanunla tənzimlənməsinə imkan yaratdı».

Müəllifin fikrincə, bu xətti indiki prezident İlham Əliyev də uğurla davam etdirir:

«Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarlara güzəştli şərtlərlə kredit verilməsi və s. bu diqqətin nəticəsidir».

Yazıda vurğulanır ki, kiçik və orta sahibkarlıq iqtisadiyyatın inkişafında aparıcı yer tutur. Müəllif hesab edir ki, bu reallıqdan irəli gələrək kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf etdirilir.

Yazıda bu sahənin inkişaf etdirilməsi ilə bağlı prezident İ.Əliyevdən sitat da gətirilir:

«Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorunda. Bu da, əlbəttə ki, bizim siyasətimizin təzahürüdür...».

XS
SM
MD
LG