Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

'Yoxsulluq meyarları düzgün ölçülsə...'-Media icmalı


Yoxsulluq. Karikatura
Yoxsulluq. Karikatura

İslam həmrəyliyində Azərbaycanın yeri, ölkədə yoxsulluğun səviyyəsi, bəzi idxal məhsullarının aksiz dərəcəsinin artırılması medianın aparıcı mövzularındandır...

Estoniyada bal yeyən yoxsul...

Azadliq.info saytında «Beynəlxalq standartlara görə Azərbaycanda əhalinin əksəriyyəti yoxsuldur» sərlövhəli yazıda iqtisadçı-ekspert Rövşən Ağayevin düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun «2020-ci ilədək Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq» açıqlaması «Azərbaycanda real yoxsulluq səviyyəsi necədir» sualını yenə də gündəmə gətirib.

Ekspert hesab edir ki, Azərbaycanda «gerçək yoxsul kimdir» sualına əslində doğru cavab verilməyib:

«Bizdən fərqli olaraq, Avropa ölkələrində yoxsulluğu istehlak xərclərinə əsaslanan mütləq yoxsulluq göstəricisindən daha çox, gəlirlərə əsaslanan nisbi göstəriciylə müəyyən etməyə üstünlük verirlər. Məsələn, bizdə ayda 155 manatdan az xərcləyən şəxs avtomatik yoxsul sayılır. Avropada isə median (orta) gəlirin 60 faizindən az qazanan şəxs kasıblar qrupuna düşür».

R.Ağayev bildirib ki, Azərbaycanda yoxsulluq meyarını müəyyənləşdirən təcrübəni tətbiq edən ölkələrdə bu ölçmənin natural tərəfləri də var:

«Azərbaycan qanunvericiliyinə görə, il ərzində 33 kq ət, 7.7 kq balıq və balıq məhsulları, 38 kq meyvə, 55 kq kartof yeməyə maddi imkanı olmayan şəxs yoxsuldur. Qazaxıstan hökumətinə görə, il ərzində 59 kq ət, 18 kq balıq və balıq məhsulları, 60 kq meyvə, 100 kq kartof yeməyə maddi imkanı olmayan yoxsul sayılır. Estoniya hökuməti isə hesab edir ki, il ərzində 50 kq ət, 34 kq balıq və balıq məhsulları, 97 kq meyvə, 144 kq kartof yeməyə maddi imkanı olmayanlar bu kateqoriyaya aiddirlər».

Ekspert vurğulayıb ki, Estoniyada minimum ərzaq səbətinə bal, kofe, kakao kimi məhsullar da daxildir. Halbuki, bu qidalar Azərbaycanda minimum ərzaq səbətinə daxil edilməyib.

Büdcə. Karikatura
Büdcə. Karikatura

Büdcəni doldurmaq «bahalığı»

«Novoye Vremya» qəzetində «Aksiz dərəcələrinin qaldırılması islahat deyil» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, ölkəyə idxal edilən bəzi məhsullarla bağlı aksiz dərəcələrinin gələn il yanvarın 23-dən artırılması qiymətlərinin bahalaşmasına səbəb olacaq.

Yazıda vurğulanır ki, xüsusilə spirtli içki və siqaret istehlakında bahalaşma gözlənir.

Müəllif hesab edir ki, idxal məhsullarının aksiz vergisinin artırılması yaxşı hal deyil. Yazıda bu, hətta ironiya ilə Yeni il öncəsi xalqa bayram «sürprizi» kimi dəyərləndirilir:

«Pivə və digər spirtli içkilərə, tütün məmulatlarına aid aksiz vergisinin artırılması bu məhsulların bahalaşmasına səbəb olacaq. Çünki, ölkə vətəndaşları idxal olunan siqaret və içkilərə üstünlük verirlər».

Yazıda bildirilir ki, hətta ölkə daxilində istehsal olunan bəzi məhsulların xammalı da xaricdən idxal edilir. Müəllifin fikrincə, aksiz dərəcələrinin artırılması inhisarçılar və möhtəkirlərin işinə yarayacaq.

Müəllif hesab edir ki, indi istehlak bazarını «çalxalamağın» yeri deyildi. Bu, birinci növbədə sıravi vətəndaşların cibinə ziyan olacaq.

Yazıda vurğulanır ki, haqqında çox danışılan islahatlar həqiqətən olmadan iqtisadiyyatı sağlamlaşdırmaq mümkün deyil. Amma bunun yolu idxala aid aksiz dərəcələrini artırmaqdan keçmir. Müəllifə görə, hakimiyyət qeyri-neft sektorunun inkişafına yönəlik antiböhran tədbirləri hazırlamayıb, islahatlar əvəzinə neftdən asılılıq artır.

Yazıda bildirilir ki, hökumət idxal məhsullarına aid aksiz vergilərini artırmaqla büdcəni doldurmaq məqsədi güdür. Müəllifin fikrincə, bu isə ölkə iqtisadiyyatının sonrakı inkişafına mane ola bilər.

İ.Əliyev Dubayda
İ.Əliyev Dubayda

Həmrəyliyin Azərbaycan nümunəsi

«Azərbaycan» qəzetində isə «Həmrəyliyə çağırışın Azərbaycan nümunəsi» sərlövhəli yazı dərc edilib.

Müəllifə görə, islam dünyası ilə sıx əməkdaşlıq Azərbaycan xarici siyasətinin prioritetidir:

«Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq son bir neçə ildə Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur».

Müəllif yazır ki, bu arada diqqəti cəlb edən əsas məqam da Şərq dövlətləri ilə əlaqələrin genişləndirilməsidir. Yazıda buna misal olaraq prezident İlham Əliyevin təkcə bu ilin əvvəlində Səudiyyə Ərəbistanı, Qətər, İran kimi ölkələrə səfərləri göstərilir.

Müəllif qeyd edir ki, hazırda Yaxın Şərq regionundakı bir sıra islam dövlətləri daxilində nizam pozulub. Müharibə və münaqişələr davam edir. Məzhəb və fikir ayrılıqları güclənib. Yazıda vurğulanır ki, belə durumda islam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.

Müəllifin fikrincə, bu mənada prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda «İslam həmrəyliyi ili» elan etməsi müsəlman birliyi ilə bağlı siyasi iradənin göstəricisidir:

«Bu addım həm də, bütün dünyaya müsəlman həmrəyliyinin Azərbaycanda dövlət siyasətinin prioriteti olması, bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyması mesajıdır».

XS
SM
MD
LG