Ümumdünya Ticarət Təşkilatı ilə 20 ildir davam edən danışıqlar, 2017-ci ilin iqtisadi dəyərləndirməsi və dövlət başçısı İlham Əliyevə doğum günündə gələn təbriklər medianın aparıcı mövzularındandır...
20 il uzanan danışıqlar...
«Exo» qəzetində «Azərbaycan təcili ÜTT-yə üzv olmalıdır» sərlövhəli yazı dərc olunub.
Müəllif Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsi ilə bağlı danışıqların 20 il uzanmasını ekspert Natiq Cəfərli ilə müzakirə edib.
N.Cəfərli deyib ki, bu quruma üzv olmadığından Azərbaycan bir çox göstəricilərə görə qonşu dövlətlərdən geri qalır:
«Bir tərəfdən, Azərbaycanın biznes mühitinə görə «Forbes» reytinqində 70-ci olması pis qiymət deyil. Digər tərəfdən isə, bu, orta həddən aşağıdır və belə qiymətə sevinməyə də dəyməz. Əsas problem biznes strukturlarının Azərbaycan bazarına etimadının olmamasıdır».
Ekspert xatırladıb ki, Azərbaycan bu quruma üzv olmaq adı ilə 1997-ci ildən danışıqlar aparır. Qonşu dövlətlər isə artıq bu təşkilatın üzvləridir.
N.Cəfərli deyib ki, quruma üzv olmaqdan ötrü ilk növbədə ölkə qanunvericiliyi bu təşkilatın qaydalarına uyğunlaşdırılmalıdır. Bu qurum beynəlxalq ticarətin liberallaşdırılmasını nəzərdə tutur:
«Bunun əsas müsbət tərəfi o olacaq ki, iqtisadiyyat liberallaşacaq, biznes-mühit isə yaxşılaşacaq. 10 ildir ki, hökumət Rəqabət haqqında Məcəlləni qəbul etmir. Bu quruma üzvlük isə rəqabətqabiliyyətliyi kifayət qədər artıracaq».
N.Cəfərli vurğulayıb ki, ÜTT-yə üzvlük məhkəmə sistemində islahatlar da tələb edir. Onun fikrincə, quruma üzvlük iqtisadiyyatın şaxələndirilməsinə və sabit olmayan neft qiymətindən asılılığın azaldılmasına dəstək verəcək.
İlin iqtisadi hadisələri...
«Yeni Müsavat» qəzetində «İlin əsas iqtisadi yekunu: BTQ, yeni neft kontraktı və manat» sərlövhəli yazı oxumaq olar.
Müəllif ekspertlərlə 2017-ci ilin iqtisadi baxımdan təhlilini aparıb.
Deputat Əli Məsimli deyib ki, ölkədə iqtisadi islahatların əhatə dairəsi üzləşdiyi yeni çağırışlara, postneft dövrünün tələb və məntiqinə tam uyğun gəlməyib. Bununla belə, deputat hesab edir ki, 2017-ci ildə islahatlar istiqamətində əvvəlki illərdən daha çox iş görülüb:
«Dövlət idarəetmə strukturu təkmilləşdirilib, struktur islahatları və yeni istehsal sahələrinin yaradılması yönündə zəruri addımlar atılıb. Qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları xüsusi rol oynamağa başlayıb».
Ə.Məsimli vurğulayıb ki, neft hasilatında geriləmələrin təsiri ilə ümumi daxili məhsulda proqnozlaşdırılan 1 faizlik artım baş verməyib.
Deputat deyib ki, manat bu il də real bazar məzənnəsini tapmayıb, dollara və digər valyutalara nisbətdə tarazlaşdırılmış məzənnəsi formalaşmayıb. Ə.Məsimliyə görə, amma bu il neft gəlirlərinin 25 faiz artması, dövlət satınalmalarında idxalın məhdudlaşdırılması və ixracın stimullaşdırılması manatın məzənnəsinin nisbətən sabit qalmasında mühüm rol oynayıb.
İqtisadçı deputat Bakı-Tbilisi-Qars yeni dəmir yolunun açılmasını da ilin hadisələri sırasında qeyd edir.
İqtisadçı Azər Mehtiyev də neftin qiymətinin bahalaşmasını, manatın nisbi məzənnə sabitliyini və «Azəri-Çıraq-Günəşli» yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanmasını əsas hadisələr sırasında göstərib:
«Birinci layihənin başa çatmasına hələ 7 il qalmış sazişin yenilənməsindən dövlətin nələr əldə edəcəyi cəmiyyət üçün qaranlıqdır».
Təbriklər –nüfuzun göstəricisi kimi
«Azərbaycan» qəzetində «İlham Əliyevin rəhbərliyində Azərbaycan inkişaf yolunda inamla irəliləyir» sərlövhəli yazıda dövlət başçısının rəhbərlik xüsusiyyətləri dəyərləndirilir.
Yazıda bildirilir ki, dekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür.
Müəllif yazır ki, İ.Əliyev prezident seçildiyi 2003-cü ildən bu yana Azərbaycan dövlətinin siyasi, iqtisadi müstəqilliyini daha da möhkəmləndirməyi prioritet kimi müəyyən edib, bununla da özünü yeni əsrin yeni lideri kimi təsdiqləyib.
Müəllif dünyanın ayrı-ayrı dövlət rəhbərlərinin, siyasətçilərin, mədəniyyət xadimlərinin doğum günü münasibətilə İ.Əliyevə zənglərini onun yüksək nüfuza malik olması ilə izah edir. Bu sırada Türkiyə, Rusiya, Çin, Monteneqro, Belarus və başqa bir sıra dövlətlərin rəhbərlərinin adları çəkilir .
Yazıda vurğulanır ki, bu təbriklərdə İ.Əliyev siyasi təcrübəyə malik nüfuzlu dövlət xadimi, xalqının dəstəyini qazanmış lider kimi dəyərləndirilir.
Yazıda bəzi təbrik məktublarından sitatlar da gətirilir. Onlardan biri də Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevin məktubudur.
«Sizin parlaq siyasi istedadınız və müdrik diplomatik qabiliyyətiniz sayəsində bu gün Azərbaycan dünyanın siyasi arenasında nüfuzlu yer tutur. Siz ölkənizi qətiyyətlə yeni qələbələrə doğru aparırsınız. Azərbaycan xalqı sizin müdrik rəhbərliyinizlə ölkənin gələcəyini qurmaq üçün ətrafınızda sıx birləşib», - D.Savelyev yazıb.