Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 22:24

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili nəzərdə tutulub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 28-dən 31-nə kimi mövcud olacaq yarmarkalarda məqsəd əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı və möhtəkirliyin qarşısının almaqdır.

Yarmarkalar Bakının 5 rayonunda açılacaq. Bunlar Xətai, Nərimanov, Binəqədi, Səbail və Suraxanı rayonlarıdır.

Xətai rayonunda «Bakı» kinoteatrının yaxınlığında, Nərimanov rayonunda Keşlə bazarının ərazisində, Səbail rayonunda Badamdar qəsəbəsində, Suraxanı rayonunda Əmircan qəsəbəsində, Binəqədi rayonunda isə Dərnəgüldə təşkil ediləcək. Sumqayıt şəhərində isə ümumilikdə iki yerdə.

«Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qruplar yarmarkalara təhkim olunub. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq», - məlumatda vurğulanır.

Hər il Azərbaycanda Yeni il və Novruz bayramları öncəsi belə yarmarkalar təşkil edilir. Ancaq yarmarkalara münasibət birmənalı deyil. Bəzi alıcılar deyirlər ki, yarmarkalarda bəzi mallar ucuz olsa da, onlar o qədər də keyfiyyətli olmurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG