Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:24

'Oğrunun cəzası doğruya, doğrunun mükafatı oğruya verilir'-Media icmalı


Elektrik dirəyi
Elektrik dirəyi

«Made in Azerbaijan» brendinin təşviqi, kommunal qiymətlərin artma ehtimalı və dövlət təltifləri medianın aparıcı mövzularındandır...

Ekspert: «Elektrik enerjisi tarifləri qalxa bilər»

«Novoye Vremya» qəzetində «Güzəşt əsaslı barrel qiyməti» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, «Azərişıq» ASC və «Azərsu» ASC-nin ağır maliyyə durumuna baxmayaraq, hökumət təmsilçiləri 2018-ci ildə əhaliyə verilən elektrik və suyun qiymətinin qaldırılmayacağını bəyan ediblər. Amma müəllif yazır ki, ekspertlər bu bəyanatdan tez nəticə çıxarmağa tələsmirlər.

Yazıda vurğulanır ki, qiymətlərin artırılmaması bu iki dövlət qurumuna gəlirlərini artırmağa mane olmur.

İqtisadçı Rövşən Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib:

«Bu, daha çox ağır maliyyə durumunda olan bu dövlət qurumlarına büdcə dəstəyinə oxşayır. 2018-ci ildə «Azərişıq» ASC-yə 55 milyon manat, «Azərsu» ASC-yə isə 22 milyon manat subsidiya ayrılacaq».

Başqa bir ekspert İlham Şaban da deyib ki, neftin bahalaşması hökumətin imkanlarını artırır:

«Neftin qiymətinin artması büdcə xərclərini, eləcə də büdcə təşkilatlarının borc haqq-hesabları üzrə xərclərini artırmağa imkan verir».

Müəllif isə gündəmə belə bir sual daşıyır: Neftin qiyməti yenidən ucuzlaşsa və manat dəyərdən düşsə, elektrik enerjisinin qiymətlərini indiki səviyyədə saxlamaq mümkün olacaqmı?

Ekspertlər bu suala cavab olaraq bildiriblər ki, onda qiymətləri olduğu kimi saxlamaq mümkün olmayacaq. Energetika Mütəxəssisləri və Mühəndisləri Assosiasiyasının sədri Rəsul Süleymanov:

«Yaxın iki ildə qiymət ən yaxşı halda 17 qəpiyə qalxacaq və ya daha 33 faiz bahalaşacaq».

Otboy, hamı yerinə!- [Karikatura]
Otboy, hamı yerinə!- [Karikatura]

Xalqa xidmətə «töhmət»,...

Azadliq.info saytında «Əliyevin analoqsuz təltifləri» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif yazır ki, uzun illərdir Azərbaycanda haqlı və haqsız yeri dəyişik düşüb:

«Oğrunun cəzası doğruya, doğrunun mükafatı oğruya verilir. Bir qayda olaraq, bu ölkədə ən yüksək mükafatlar cəmiyyətdə ən az nüfuza malik olan şəxslərə verilir... Bəli, bu ölkədə dövlətə və xalqa xidmətə görə heç bir mükafat nəzərdə tutulmur. Bütün mükafatlar hökumətə xidmətə görə verilir».

Müəllif iddia edir ki, əksinə, vətən, xalq maraqları uğrunda savaşanların əksəriyyəti həbsxanalarla «mükafatlandırılıblar».

Yazıda vurğulanır ki, barəsində mənfi faktlar üzə çıxan, fəaliyyəti nöqsanlı və «mətbuatın sevimlisi»nə çevrilmiş adamların mükafat alma imkanları artır.

Müəllif hesab edir ki, hansısa əməlinə görə insanların tənəsinə tuş gəlmiş adamı məqsədli şəkildə önə çəkirlər.

Yazıda bildirilir ki, bu günlərdə universitetlərdən birinin rektoruna ölkədə təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni verilib. Halbuki, bir neçə ay öncə Hesablama Palatası həmin universitetdə neqativ halların olması ilə bağlı hesabat yaymışdı:

«Azərbaycanda tamam fərqli prinsiplər hökm sürür. Hakimiyyət ölkəni «bütün pislər mükafata layiqdir» şüarı ilə idarə edir. Buna görə də heç bir vəzifəli şəxs pis əməllərdən çəkinmir. Necə deyərlər, yuxarının haqqını ver, aşağının haqqını tapdala. Müxtəsər, xalqın «qara siyahı»sına düşmək qorxulu deyil. Əsas odur ki, hökumətin «qara siyahı»sına düşməyəsən. Xalqa xidmətə görə töhmət, hökumətə xidmətə görə «Şöhrət» verilir».

İxrac
İxrac

«Made in Azerbaijan» brendinin təşviqi

«Azərbaycan» qəzetində «Prezident İlham Əliyevin iqtisadi siyasəti «Made in Azerbaijan» brendinin dünyada yüksələn nüfuzunu şərtləndirir» sərlövhəli yazı yer alır.

Yazıda bu günlər Bakı Biznes Mərkəzində keçirilən «Made in Azerbaijan» brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbirdən bəhs edilir.

Yazıda bildirildiyinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam edir, biznes-investisiya mühiti yaxşılaşdırılır və qeyri-neft ixracı artır.

«Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ixrac potensialı böyükdür. Bu potensialın reallaşdırılması üçün prezident İlham Əliyev yeni ixrac bazarlarına çıxışı təmin etməklə bağlı qarşıya mühüm vəzifələr qoyub... «Made in Azerbaijan» brendinin dünyada tanıdılması kimi məsələlərin vacibliyini qeyd edib», - deyə nazir bildirib.

Müəllif qeyd edir ki, bu tədbirlər artıq müsbət nəticələrini verir və bu çərçivədə 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bir il ərzində qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2.7 milyon manatdan çox ixrac təşviqi ödənilib.

Müəllifə görə, sahibkarlığın dövlət səviyyəsində dəstəklənməsindən ötrü atılan bu addımlar ixracın artmasına, keyfiyyətin daha da yüksəlməsinə səbəb olacaq.

XS
SM
MD
LG