Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:30

Hakimiyyət və müxalifətdə 'islahatçılar' söhbəti-Media icmalı


İ.Əliyev və M.Əliyeva
İ.Əliyev və M.Əliyeva

Azərbaycan büdcəsinin bir sıra region ölkələri ilə müqayisəsi, iqtisadiyyatın neftdən asılılığı və hakimiyyətdəki mövcud komanda ilə bağlı düşüncələr medianın aparıcı mövzularındandır...

Hanı o islahatçı komanda?

Azadliq.info saytında «Vaxtilə İlham Əliyevə də «islahatçı» deyirdilər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, hakimiyyət son zamanlar siyasi dövriyyəyə yeni bir «islahatçılar» komandası haqqında fikirlər buraxıb:

«Guya, bu komanda ABŞ-da, Avropa ölkələrində ali məktəbləri bitirmiş məzunlardan ibarətdir. O məzunlar respublikamızı «xilas» edəcəklər».

Müəllif bu fikriləri «nağıl və qurama» adlandırır:

«2003-cü il prezident seçkisi ərəfəsində İ.Əliyevin böyük bir siyasətçi, islahatçı, ölkəni bütün bəlalardan qurtaracaq xilaskar kimi təqdimatı yəqin ki, yadınızdadır. Hətta «O, böyük siyasətə hazırdır» kitabının səsi-sədası ölkədən uzaqlarda da eşidildi. Hakimiyyətinin 14 ili ərzində aydın oldu ki, İ.Əliyevə bəslənilən ümidlər əbəs imiş».

Müəllif iddia edir ki, bu illər ərzində ölkədə bir ciddi problem belə, həllini tapmayıb.

Yazıda vurğulanır ki, idarəetmə orqanlarında Avropa dövlətlərində təhsil almış məzunlar indi də az deyil:

«Doğrudan da, bu məzunlar istedadlıdırlarsa, niyə diplomlarının, bitirdikləri institutlarının arxasında gizlənirlər».

Yazıda bildirilir ki, məsələ tək Avropada təhsil almaqda deyil. Müəllifin fikrincə, insanın təfəkkürü də Avropa dəyərlərinə açıq olmalıdır.

Yazıda vurğulanır ki, mövcud hakimiyyətin idarəçiliyi yalan üstündə qurulub.

Müəllif hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son 14 ildə ölkədə 1.9 milyon iş yeri açılması barədə bəyanatı da belə yalanların bariz nümunəsidir.

Neft
Neft

Neft qiymətinə bağlı iqtisadiyyat

«Novoye Vremya» qəzetində «Neft-qaz sektoru rentabelliyi itirir?» sualı gündəmə daşınır.

Yazıda bir sıra beynəlxalq analitik və reytinq qurumlarına istinadən bildirilir ki, yaxın illərdə neftin qiymətinin yenidən düşəcəyi proqnozlaşdırılır. Müəllif belə proqnozları neft hasil edən ölkələrə neft asılılığından qurtulmaqdan ötrü yaxşı stimul adlandırır.

Yazıda vurğulanır ki, bəzi ekspertlərin fikirlərinə görə, Azərbaycan neft sektoru hətta «qara qızıl»ın indiki qiymətlərində də rentabelliyini tədricən azaldır.

Müəllif hesab edir ki, «qara qızıl»ın qiyməti yenidən düşərsə, o zaman neft-qaz sektoru qazandığından daha çox xərcləməli olacaq:

«Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının mövsümi ixracı göstərir ki, bu sahədə səmərəlilik hələ təmin olunmayıb. Deməli, qış fəslində kənd təsərrüfatı birmənalı olaraq indiki kimi gəlir gətirə bilməyəcək. Neft-qaz sahəsi ölkəyə davamlı valyuta gətirən yeganə əsas mənbədir».

Yazıda bildirilir ki, hər şeyin əvvəlki kimi qalmasının ölkə iqtisadiyyatına faydası yoxdur:

«Azərbaycan iqtisadiyyatının inkişafına yeni impulsu neftin qiymətinin yüksəlməsi verməməlidir. Hökumət ölkədə elə iqtisadiyyat qurmalıdır ki, neft bazarındakı istənilən vəziyyət ona ciddi təsir edə bilməsin».

Müəllif hesab edir ki, son vaxtlar manatın məzənnəsinin sabitləşməsinin kökündə də neftin bahalaşması durur.

Yazıda vurğulanır ki, əgər neftin qiymətinin yaxın illərdə düşəcəyi ilə bağlı proqnozlar özünü doğruldacaqsa, ölkə iqtisadiyyatı gözlənilməz nəticələrlə üz-üzə qalacaq.

Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Postsovet məkanında inkişafın yeni nümunəsi

«Azərbaycan» qəzetində «İlham Əliyev postsovet məkanında inkişafın yeni nümunəsini yaradıb» sərlövhəli yazı dərc olunub.

Müəllif yazır ki, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası dinamik inkişafı şərtləndirən əsas amillər sırasında yer alır:

«Əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan ölkəmizdə reallaşdırılan strateji inkişaf kursu hələ qarşıdakı dövrdə də böyük uğurlar vəd edir».

Müəllif hesab edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycan etibarlı tərəfdaşdır. Ölkə qlobal və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı kimi tanınır.

Yazıda vurğulanır ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı strateji layihənin həyata keçirilməsi mümkünsüzdür:

«Çünki Azərbaycan mövcud olduğu regionun lider ölkəsi statusunu daşıyır və əsas parametrlər üzrə bütün iqtisadi göstəricilər məhz ölkəmizə məxsusdur. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar».

Müəllif xatırladır ki, 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21.047 milyard manat, gəlirləri 20.127 milyard manat və ya 11.842 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır.

Yazıda qeyd edilir ki, Cənubi Qafqazın ikinci ən böyük iqtisadiyyatı sayılan Gürcüstanın büdcəsi 2018-i il üzrə 4.965 milyard ABŞ dolları təşkil edəcək. Bu, Azərbaycan büdcəsindən 2.4 dəfə azdır.

Müəllif iddia edir ki, Ermənistanın büdcəsi isə Azərbaycan büdcəsindən təqribən 4 dəfə azdır.

Yazıda vurğulanır ki, Azərbaycanın bir çox postsovet ölkələri ilə müqayisədə yüksək nəticə əldə etməsi prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası və islahatların göstəricisidir.

XS
SM
MD
LG