Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 03:41

Müsavat Partiyasının Şirvan şəhər təşkilatının həbsdəki sədri Əlikram Xurşidovla bağlı istintaq hərəkətləri aparılıb.

Bu haqda onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil onunla dünən, dekabrın 19-u təcridxanada görüşüb.

Ə.Xurşidov hazırda Şüvəlandakı 3 Saylı İstintaq Təcridxanasında saxlanılır.

Vəkilin sözlərinə görə, Ə. Xurşidovun sağlıq durumunda problem yoxdur.

«Əlikram Xurşidovla bağlı istintaq hərəkətləri aparıldı. Ona elan edilib ki, istintaq qrupu «paltarların ekspertizaya təqdim edilməsi» haqqında qərar qəbul edib», - vəkil əlavə edib.

Bu gün, dekabrın 20-si isə Ə.Xurşidova göndərilən sovqatın bir hissəsinin geri qaytarıldığı bildirilir.

Bu haqda müsavatçının hüquqlarının müdafiə etmək məqsədilə yaradılan komitənin sədri Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, sovqat qəbul edilsə də, Ə.Xurşidova göndərilən şor geri qaytarılıb. G.Aslanlı vurğulayıb ki, təcridxana əməkdaşları bunu bəzi məhbusların ailə üzvlərinin sovqat olaraq göndərdikləri şora narkotik qatması ilə izah ediblər.

Xatırlatma

Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu noyabrın 22-si axşam saatlarında Şirvanda polislər saxlamışdı.

Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham edirlər.

Noyabrın 24-ü Şirvan Şəhər Məhkəməsi müsavatçı barəsində 3 aylıq məhkəməyəqədər həbs qərarı verib. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib.

Müsavat Partiyasının təmsilçiləri isə bəyan edib ki, Ə.Xurşidov bu günlərdə özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Partiya hesab edir ki, onun həbsi də elə statusları, tənqidi mövqeyi ilə bağlıdır.

Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Bu il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.

Bu maddələr üzrə ittihamlar məhkəmədə də təsdiqlənərsə, müsavatçıya 7 ilə qədər həbs cəzası verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG