Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

'Azərbaycan universitetlərində təhsilin 85 faizi ödənişlidir'-Media icmalı


Tələbələr
Tələbələr

Bölgələrdə yeni müəssisələrin açılması, idxaldan asılılığının davam etməsi və xaricdə təhsillə bağlı dövlət proqramının 2 ildir dayandırılması medianın aparıcı mövzularındandır...

«Unudulan Azərbaycan gəncləri...»

Ayna.az saytında «Qayğıdan məhrum Azərbaycan vətəndaşı» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşlarının Azərbaycanda ali təhsil almalarından ötrü təhsil qrantları haqqında sərəncam imzalanıb. 2018-ci ildən onlardan ötrü Azərbaycan ali təhsil məktəblərində bütün pillələrdə təhsil qrantı proqramı təsis edilir. Yazıda qeyd edildiyinə görə, proqram hər il 20 nəfər olmaqla, 5 ildə 100 nəfərin təhsil, yataqxana və tibbi müalicə xərclərini nəzərdə tutur.

Müəllif ardınca da vurğulayıb ki, amma hökumət bu qayğını öz tələbələrinə göstərmir:

«Adam Azərbaycan vətəndaşlığından çıxıb İƏT dövlətlərindən birinin vətəndaşı olmaq istəyir».

Yazıda həmçinin xatırladılır ki, Azərbaycan hökuməti öz vətəndaşlarından ötrü xaricdə təhsillə bağlı dövlət proqramını 2 ildir dayandırıb:

«Büdcədən bunun üçün pul ayrılmır. Amma İƏT dövlətlərinin vətəndaşları üçün büdcədən pul ayrılır. Buna diskriminasiya və ya dövlətin vətəndaşına münasibəti kimi də yanaşa bilərik... Azərbaycan universitetlərində təhsilin 85 faizi ödənişli əsaslarladır».

Yazıda vurğulanır ki, Azərbaycan ali məktəblərində uşaq oxutmaq çox çətindir:

«Biz beləyik də. İdman yarışları keçiririk, yarışlarda iştirak edəcək dövlətlərə səxavətimizi göstərmək üçün onların bütün xərcini öz üzərimizə götürürük. Var-dövlətimizi göstərmək istəyirik, başqa ölkələrin vətəndaşlarına imtiyazlar yaradırıq. Amma bu səxavətdən, bu var-dövlətdən öz balalarımız olan vətəndaşlarımıza qıymırıq...».

İdxal
İdxal

İdxaldan asılılıq davam edir

«Novoye Vremya» qəzetində «İqtisadiyyatda banan cənnəti» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda bildirilir ki, ölkədə qeyri-neft sahəsinin inkişaf etdirilməsi prioritet elan olunub. Amma ölkə hələ də bu sahədə idxaldan asılıdır.

Müəllif vurğulayıb ki, məmurlarının qeyri-xammal ixracının artması, iqtisadiyyatın şaxələndirilməsi haqda bəyanatlarına baxmayaraq, ərzaq məhsullarının idxalı artmaqda davam edir:

«Hər halda, bu ilin10 ayının göstəriciləri bunu deməyə əsas verir».

Ekspert V.Məhərrəmov isə qəzetə deyib ki, bu ilin 10 ayı ərzində kənd təsərrüfatında ciddi geriləmələr olub. Ötən illərə aid göstəricilərlə müqayisədə idxal bir xeyli artıb:

«Cəmi 5 il əvvəl ölkəyə 815 milyon dollar həcmində ərzaq idxal olunurdu. Bu ilin 10 ayında isə bu rəqəm 1 milyard 121 milyon dollara yüksəlib».

Ekspertin deməsinə görə, bu müddət ərzində ət idxalı 3.7 dəfə artıb. O bildirib ki, diri ət çəkisində artım 2 dəfədir. Üstəlik, süd və süd məhsullarının idxalında da 2 dəfədən çox artım var:

«Əgər 5 il öncə, yəni 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 54 milyon dollarlıq süd və süd məhsulları gətirilirdisə, bu ilin 10 ay ərzində bu rəqəm 103 milyon dollara yüksəlib. Eyni zamanda, kərə yağı, kartof, meyvə, tərəvəz idxalı da əhəmiyyətli dərəcədə artıb».

V.Məhərrəmov vurğulayıb ki, bu artımda bahalaşmanın da müəyyən təsiri var.

Müəllif yekunda da hesab edir ki, qeyri-neft sektoru yetərli inkişaf etmir. Neftin qiyməti isə sabit deyil. Yazıda vurğulanır ki, neftin qiyməti düşərsə, bunun iqtisadiyyata ciddi mənfi təsirləri ola bilər.

İsmayıllı Velosiped Zavodunun açılışı
İsmayıllı Velosiped Zavodunun açılışı

İsmayıllıda qeyri-neft sektorunun inkişafı

«Azərbaycan» qəzetində isə «Sürətli inkişafın təmin olunduğu məkan» sərlövhəli yazı yer alıb.

Yazıda «Novoye Vremya» qəzetinin tam əksinə olaraq, İsmayıllı rayonu nümunəsində ölkədə qeyri-neft sektorunun inkişafından bəhs edilir.

Müəllifə görə, dünya yeni sınaq mərhələsindədir, bu, hamını narahat edir. İctimai-siyasi, sosial-iqtisadi sahədə arzuolunmaz gərginlik yaşanır.

Yazıda qeyd edilir ki, belə bir zamanda Azərbaycan dövlətinin inkişafa xidmət edən hədəflərə doğru irəliləməsi düzgün siyasi kursla bağlıdır:

«Səbəb aydındır: regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, qanunvericilik bazasında sahibkarların xeyrinə edilən dəyişikliklər, aqrar sektorda çalışan insanlara dövlətdən olan güzəşt və dəstəklər artıq öz bəhrəsini verməkdədir».

Müəllif hesab edir ki, inkişaf edən bölgələr arasında İsmayıllı rayonu da var.

Yazıda bildirilir ki, turizm marşrutu üzərində olduğundan, bu il bu məkanı 100 mindən çox turist ziyarət edib. Bunun da 13 min nəfərdən çoxu xarici turistlər olub.

Yazıda daha sonra rayonda məhsul istehsalının artmasından da bəhs edilir. Yeni müəssisələrin açılması diqqətə çatdırılır. Yazıda qeyd edilir ki, bəzi kəndlərdə 88 ha sahədə böyürtkən, moruq, gilə meyvə yetişdirilməsindən ötrü örtülü təsərrüfatlar təşkil edilib.

Müəllif vurğulayıb ki, İsmayıllı sakinlərinin içməli su tələbatının ödənilməsindən ötrü bəzi kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılır.

XS
SM
MD
LG