Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (Expo-2025) ev sahibliyi etməkdən ötrü namizədliyini irəli sürməsi, Mərkəzi Bankın pul siyasəti və məhkəmələrin durumu medianın aparıcı mövzularındandır...
«Tutub içəri atmaq bacarığı...»
Azadliq.info saytında «Azərbaycanda məhkəmələr hakimiyyətə xidmət üçündür» sərlövhəli yazı oxumaq olar.
Müəllif yazır ki, mütərəqqi cəmiyyətlərdə hakimiyyət siyasi baxımdan xalqla «birgə» olmaq niyyətini ortaya qoyur. Qeyri-mütərəqqi cəmiyyətlərdə isə əbədi hakimiyyətdən ötrü xalqa «qarşı» olmaq mübarizəsi aparılır.
Azərbaycandakı idarəçiliyə toxunan müəllif bunu daha çox biznes, sahibkar fəaliyyəti sayır.
Yazıda vurğulanır ki, Azərbaycan ictimaiyyətinin nəinki hüquq və azadlığı boğulur, normalda yaşamaq haqqı da məhdudlaşdırılır:
«Ölkə sosial, hüququ, siyasi, eləcə də iqtisadi xarakterliliyindən qopub. Cəmiyyət düşüncə dayazlığınızda nəfəssiz hala çatıb. Dəhşətə baxın, nə qədər bəsit bir mübarizə. Parlament üzvləri, politoloqlar Azərbaycan xalqına beynəlxalq təşkilatları, mütərəqqi dövlətləri təhlükə mənbəyi kimi göstərir. Beynəlxalq təşkilatları, mütərəqqi cəmiyyətləri xalqa «xortdan» gözündə göstərmək sabahınızın siyasi baxımdan xilası deyil».
Müəllif hakimiyyətin əsas qollarından sayılan məhkəmə institutunu da tənqid edir:
«Sanki, Azərbaycan məhkəmələri yalnız hökm oxumaq üçündür. «Tutub içəri atmaq» üçündür. Əslində, hər bir kəsin başa düşəcəyi tərzdə ifadə etsək, məhkəmələr cəmiyyətlə hakimiyyət arasında tərəfsizliyi təmin etmək üçündür. Sadə vətəndaşlarla məmurları hüquqi baxımdan bərabərləşdirmək üçündür. Artıq bunu da bildik, ölkədə hüquqi baxımdan bərabərliyimiz niyə pozulub».
Ölkə iqtisadiyyatının «pul aclığı»
«Exo» qəzetində «Azərbaycanın Mərkəzi Bankı ölkədə pul «aclığı» yaradır» sərlövhəli yazıda iqtisadçı Natiq Cəfərlinin düşüncələrinə yer verilib.
Ekspert deyib ki, ölkədə pul kütləsi bundan sonra da azaldılsa, bu, ciddi problemlər yaradacaq:
«Pul kütləsinin bundan sonra azaldılması ölkə iqtisadiyyatına əsaslı ziyan vura bilər. Odur ki, Mərkəzi Bank şübhəli oyunlarına son qoymalı, qarşıdakı ildə manat kütləsini tədricən artırmalıdır. Bu il tənzimləyici bir neçə dəfə ölkədə manat kütləsini gah artırıb, gah da azaldıb».
N.Cəfərli bunun səbəbini Mərkəzi Bankın (MB) dollara nisbətdə manatın məzənnəsini sabit saxlamaq siyasəti ilə izah edir:
«Uzun zamandır ki, MB depozit hərracları keçirir və bunun da əsas məqsədi pul kütləsinin bir hissəsini iqtisadiyyatdan geri çəkməkdir. Nəticədə manat kütləsinin əhəmiyyətli hissəsi dövriyyədən çıxarılır və MB-in saxlanclarına yerləşdirilir. Bu müstəvidə tənzimləyici manatın məzənnəsini hələlik sabit saxlaya bilsə də, inflyasiyanın qarısını ala bilmir. Həm də manatın bir hissəsinin dövriyyədən çıxarılması ilə ölkə iqtisadiyyatı «pul aclığı» yaşayır».
N.Cəfərli vurğulayıb ki, hətta rəsmi rəqəmlərdə də ümumi daxili məhsulun azalmasının davam etməsi etiraf olunur.
Ekspert hesab edir ki, artıq Mərkəzi Bank təkcə öz vəzifələri haqda yox, ölkə iqtisadiyyatının gələcəyi haqda da düşünməlidir.
Beynəlxalq tədbirlərin mərkəzi
«Azərbaycan» qəzetində «Bakı «Expo-2025» üçün ideal məkandır» sərlövhəli yazı yer alır.
Yazıda Azərbaycanın beynəlxalq miqyasda tədbirlərə ev sahibliyi etməsi təcrübəsi dəyərləndirilir.
Müəllif hesab edir ki, Azərbaycan qısa müddətdə dünya birliyinin hörmətlə yanaşılan üzvünə çevrilib. Odur ki, bütün dövlətlər Azərbaycanla əməkdaşlığa maraq göstərirlər:
«Son illər Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri ölkənin hərtərəfli inkişafıdır. Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə, bunun da nəticəsində beynəlxalq tədbirlər mərkəzinə çevrilib».
Müəllif sözlərinə nümunə kimi Bakıda «Eurovision» mahnı yarışmasının, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərir. Yazıda vurğulanır ki, bu tədbirlər Azərbaycanın təşkilatçı kimi potensialını, ən mürəkkəb yarışları təşkil etmək bacarığını ortaya qoyub.
Müəllif hesab edir ki, hazırda Bakı növbəti tədbirə, Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (Expo-2025) ev sahibliyi etməkdən ötrü namizədliyini irəli sürüb.
Yazıda qeyd edilir ki, Azərbaycanın «Expo-2025» Ümumdünya Sərgisinə namizəd olması tamamilə təbiidir:
«Azərbaycan dünyada müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, yarışların yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib».
Müəllifə görə, bu sərginin Bakıda keçirilməsi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək, yeni bölgədə, yeni bir tarix yazmaq imkanı yaradar.