Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:20

Azərbaycan Dövlət Neft Fondu (DNF) «Azəri-Çıraq-Günəşli» (AÇG) blokundan əldə edilən gəlirlərin məbləğlərini açıqlayıb. Bu il bu blokdan Neft Fonduna 5.78 mlrd. dollar vəsait daxil olub. Bu, 2016-cı ilin eyni göstəricilərindən 680 mln. dollar çoxdur. Halbuki, AÇG-də bu il hasilat 2 mln. tondan çox azalıb. Qazancda artım neftin nisbətən bahalaşması ilə izah edilir.

Fondun açıqlamasına görə, 2001-ci ildən 2017-ci il dekabrın 1-nə kimi isə blokdan ümumilikdə 127 milyard 889 mln. ABŞ dolları gəlir əldə edilib. Son məlumatlarda fondun bu vəsaitlərdən cəmi 36 milyard dolları qaldığı bildirilir.

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataqlar 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), «ExxonMobil» (8 faiz ), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləridir.

Yataqlarda habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətlərinin də payı var.

Bu il sentyabrın 14-də sazişin müddəti artırılıb.

Yeni saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdə olub: BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited» (OVL) - 2.31 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG