Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'Qara mühasibat' ölkəsi-Media icmalı


Hərbi akademiyanın kursantları.
Hərbi akademiyanın kursantları.

Ölkədə yol infrastrukturunun inkişafı, əhalinin gəlirlərinin getdikcə azalması və «Azərbaycan Silahlı Qüvvələri haqqında» yeni qanun layihəsinin hazırlanması medianın aparıcı mövzularındandır...

«İqtidarın maraqlarının daha etibarlı qorunması»

Azadliq.info saytında «Silahlı Qüvvələr haqqında yeni qanunun qəbulunu zəruri edən nədir?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, «Azərbaycan Silahlı Qüvvələri haqqında» yeni qanun layihəsi hazırlanıb və dekabrın 15-də Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Rəsmi səbəb kimi Konstitusiyaya edilən son dəyişikliklərdə II fəslin ( dövlətin əsasları) 9-cu maddəsinə «Silahlı Qüvvələr (SQ) Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir» cümləsinin əlavə edilməsi göstərilib:

«SQ-in fəaliyyəti ilə bağlı hüquqi tənzimləmənin zəruriliyinin arxasında həm də siyasi səbəblərin və məqsədin dayanması istisna deyil. Yeni qanun layihəsində SQ-in əsas vəzifələri sırasında ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak kimi məsələlər qoyulub. Əgər indiyədək bu funksiyaları digər güc strukturları ilə yanaşı, əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları (DQ) yerinə yetirirdisə, bundan sonra sadalanan funksiyalar bütövlükdə SQ-in səlahiyyətində olacaq».

Müəllif vurğulayır ki, SQ-in dəqiq siyahısını prezident müəyyən edib təsdiqləyəcək. SQ-in tərkib hissəsi olan qurumların fəaliyyəti isə ayrıca qanunlarla tənzimlənəcək.

Yazıda hesab edilir ki, ölkədə müşahidə edilən gərgin sosial-siyasi durum hakimiyyəti əlavə inzibati tədbirlər görməyə vadar edir:

«Çox güman ki, məqsəd həm ehtimal edilən geniş xalq etirazlarının qarşısını almaq, həm Silahlı Qüvvələrə daha etibarlı nəzarətin təşkili, həm də hansısa böyük təsir imkanları olan oliqarx-nazirlərin dolayısı ilə zərərsizləşdirilməsidir. İstənilən halda, bu tənzimləmələr əhalinin maraqlarını deyil, iqtidarın maraqlarını daha etibarlı qorumağa hesablanmış cəhddir».

Bakı camaatının maaşı nəyə çatır, nəyə çatmır? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Əhalisinin rəsmi qazancı az üç ölkədən biri

«Exo» qəzetində «Azərbaycan Avropanın ən yoxsul dövlətləri siyahısında» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Ukrayna ekspertləri Avropanın əhalisi ən yoxsul dövlətlərinin siyahısını hazırlayıb və siyahı texty.org.ua saytında yerləşdirilib.

Müəllif vurğulayır ki, ekspertlər siyahını ölkə əhalisinin vergi ödənişlərindən sonra əlində qalan təmiz gəliri meyarı əsasında tərtib ediblər.

Ekspertlərin gəldiyi nəticəyə görə, bu sırada ən yoxsul Avropa ölkəsi elə Ukraynanın özüdür. Əhalinin gəliri cəmi 190 avrodur. Daha sonrakı yerdə 216 avro gəlirlə Moldova, ondan sonra isə 232 avro ilə Azərbaycan qərarlaşıb.

Yazıda bu rəy ətrafında Azərbaycanın yerli ekspertlərinin də fikri öyrənilib.

«Azərbaycanın ən aşağı maaşlı ölkələrdən biri kimi «antireytinq üçlüyü» sırasına düşməsi təəccüblü deyil. Amma Azərbaycanda minlərlə vətəndaşın əlavə gəlirləri var. Rəsmi gəlirdən danışsaq, Azərbaycan hazırda əhalinin belə gəlirlərinə görə ən yoxsul ölkələrdən biridir, bunu minimum əməkhaqqı da göstərir», - deyə ekspertlər qəzetə bildiriblər.

Ekspertlərə görə, Azərbaycan əhalisinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasının səbəbi 2015-ci ildə manatın iki dəfə devalvasiyaya uğramasıdır. Onlar başqa bir səbəb kimi isə qazancda əks edilməyən «boz» gəlirləri göstərirlər:

«Tədqiqatçılar reytinqləri tərtib edərkən ancaq rəsmi gəlirləri əsas götürüblər. Amma Azərbaycan əhalisinin çoxu «boz» gəlirlərə malikdir. Bunlar «zərf»lərdə verilir və bu vəsaitlər heç bir maliyyə sənədində qeydə alınmır. Belə vətəndaşların sayı çoxdur. Ölkədə bu qadağan olunsa da, amma faktdır və buna kifayət qədər nəzarət olunmur. Ölkədə «ikili mühasibat» və ya «qara mühasibat» mövcuddur. Çoxları gəlirinin cüzi hissəsini rəsmi, əksər hissəsini isə qeyri-rəsmi alır».

Yeni yol
Yeni yol

Abad yollar...

«Azərbaycan» qəzetində «Yolumuz abad olsun!» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, ölkədə icra edilən yol infrastruktur layihələri Azərbaycanı dünyaya tranzit ölkə kimi tanıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi isə ölkəyə əlavə dividentlər qazandırır. Müəllif bu marşrutu şərqlə qərbi birləşdirən ən əlverişli nəqliyyat dəhlizi hesab edir. Yazıda bildirilir ki, yaxın gələcəkdə oradan yüklərin daşınmasının həcmi artaraq milyon tonlarla ölçüləcək.

Müəllif əhəmiyyətli layihələrdən biri kimi də Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək «Şimal-Cənub dəhlizi»ni göstərir:

«Yəni, ölkəmiz şərqdən qərbə, şimaldan cənuba gedən beynəlxalq tranzit yollarının üzərindən sərfəli nəqliyyat qovşağına malik olacaq. Bütün bunların nəticəsidir ki, Azərbaycan dünyada yol-nəqliyyat infrastrukturuna görə yüksək reytinqə malikdir».

Müəllif hesab edir ki, son illər Azərbaycanda beynəlxalq miqyaslı avtomobil yollarının tikintisi və yenidən qurulması da geniş vüsət alıb:

«Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yolun Qəndob qəsəbəsindən Rusiya ilə dövlət sərhədinədək olan 69 kilometr hissəsi yüksək səviyyədə tikilərək istifadəyə verilib. Uzunluğu 204 kilometr olan Ələt-Astara-İran dördzolaqlı yolun 2018-ci ildə açılacağı gözlənilir. Bundan başqa, şərq-qərb istiqamətində dördzolaqlı ipək yolunun Gəncə şəhərindən keçməklə Gürcüstanla dövlət sərhədinədək olan 130 kilometrlik hissəsinin 2020-ci ildə, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin yenidən qurulmasının isə cari ilin sonunda yekunlaşacağı planlaşdırılır».

Yazıda vurğulanır ki, Bakıda tıxacların qarşısının alınması və gediş-gəlişin asanlaşdırılması məqsədilə 26 yeni körpü tikilib, 20-si təmir edilib, piyadalara 8 keçid inşa olunub.

XS
SM
MD
LG