Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Putin Navalny-yə "Rusiyanın Saakashvilisi" deyir


 Vladimir Putin
Vladimir Putin

Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün illik mətbuat konfransı keçirir.

***

Vladimir Putin-dən müxalifət lideri Aleksei Navalny barədə də soruşublar. Jurnalist Ksenia Sobchak-ın sualına cavabında Putin deyib ki, Navalny “Rusiyanın Saakashvilisi”dir.

O, Navalny-nin ölkədə sabitsizlik yaratmaq istədiyini söyləyib.

Sobchak soruşurdu ki, Navalny və digər müstəqil müxalifətçiləri 2018-ci il seçkisinə niyə buraxmırlar.

“İstəyirsiz ki, bir Maydandan o birisinə gedək, bizdə dövlət çevrilişinə cəhdlər olsun? Əminəm ki, rusiyalıların çoxu bunu istəmir”, – deyən Putin Navalny-nin adını çəkməyib.

Putin daha öncə Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili barədə demişdi ki, “Saakashvili-nin elədiyi gürcü və Ukrayna xalqlarının üzünə tüpürcəkdir”.

***

Vladimir Putin deyir ki, ABŞ prezidenti Donald Trump-ın həmkarlarıyla Rusiyanın işbirliyi iddialarını Trump-ın opponentləri “uyduraraq” onun legitimliyinə zərbə vurmaq istəyiblər.

ABŞ kəşfiyyatı bu ilin yanvarında belə bir qənaətə gəlib ki, Putin kiberhücumlar, saxta xəbərlər və digər metodlarla ABŞ-da prezident seçkisinə “müdaxilə kampaniyası”na göstəriş verib. Onların fikrincə, Kremlin məqsədi demokratların namizədi Hillary Clinton-a qarşı Trump-a üstünlük qazandırmaq olub. Putin bu iddiaları artıq bir neçə dəfə təkzib edib.

Putin deyir ki, seçki kampaniyası dövründə Rusiyayla gərgin münasibətləri düzəltmək istəyini dilə gətirən Trump-a bu yöndə əngəl törədildiyinə inanır.

Donald Trump (solda) və Vladimir Putin APEC sammitində, noyabr, 2017-ci il
Donald Trump (solda) və Vladimir Putin APEC sammitində, noyabr, 2017-ci il

Rusiya prezidentinin fikrincə, Moskvanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsiylə bağlı araşdırma daxili çəkişmələrin nəticəsidir, Birləşmiş Ştatlarda “yerli siyasi duruma ziyan vurub”, Trump-ı seçmiş “seçicilərə sayqısızlıq” sərgiləyir. O, Trump-ın prezident kimi böyük uğurlar qazandığını vurğulayıb, bazarların böyüməsini misal gətirib və ABŞ-Rusiya münasibətlərinin dirçələcəyinə ümidini ifadə edib.

***

Vladimir Putin bir daha bəyan edib ki, Ukrayna ərazisində Rusiya ordusu yoxdur. “Orada müəyyən hərbi-milis dəstələri yaradılıb və onlar Donbasa qarşı istənilən hərbi hərəkətin qarşısını almağa hazırdırlar”, – Putin deyib.

Rusiya liderinin fikrincə, bu hərbi birləşmələr münaqişə zonasında “yaşayanların maraqlarına cavab verir”.

Putin Kiyevi Minsk razılaşmalarını və əsir mübadiləsini pozmaqda ittiham edib.

Qərb Kremli Donbasda separatçılara hərbi dəstək verməkdə ittiham edir. Rəsmi Kiyevin hesablamalarına görə, Ukraynanın şərqində 5 min rus hərbçisi var. Kremlsə bu şəxsləri “könüllülər” adandırır.

2014-cü ildən bəri Ukraynanın şərqindəki münaqişədə 10 mindən çox adam həlak olub.

***

Mətbuat konfransının birinci saatında yerli məsələlərlə bağlı suallar üstünlük təşkil edib. Putin cavablarını statistikayla əsaslandıraraq Rusiyada həyatın yaxşılaşdığını, problemlərin həll olunduğunu göstərməyə çalışıb. O, bağçalar, meşələrin qorunması, torpağın qiyməti, etnik qrupların dillərinin tədrisinin azaldılmasıyla bağlı sualları cavablandırıb.

***

Xarici məsələlərə gəlincə, Putin Rusiyanın Birləşmiş Ştatların 1987-ci il Ortamənzilli Nüvə Qüvvələri Sazişini (INF) pozmasına dair ittihamı bir daha səsləndirib, deyib ki, Vaşinqton, faktiki olaraq, sovet dövrünə aid silahlara nəzarət paktından çıxıb.

ABŞ isə iddia edir ki, Rusiya sazişi pozaraq raket qurğusu hazırlayıb.

Putin-in sözlərinə görə, Rusiya silahlara nəzarət sazişlərindən çıxmayacaq, amma silahlanma yarışına cəlb olunmadan ordusunu inkişaf etdirəcək.

***

Putin deyib ki, seçkiyə hakim Vahid Rusiya Partiyasından deyil, müstəqil namizəd kimi gedəcək. Vahid Rusiya hökumətə nəzarət eləsə də, Putin qədər populyar deyil.

Bu qərar Putin-in növbəti prezidentlik müddəti və sonrakı illərlə bağlı planları ətrafında spekulyasiyalar yaradıb. Belə ki, konstitusiya onun 2024-cü ildə bir daha namizəd olmasına imkan vermir.

“Vahid Rusiya”nın katbi Andrey Turchak isə bildirib ki, partiya Puin-in qərarını dəstəkləyir və ona seçki kampaniyasında hərtərəfli dəstək göstərəcək.

Putin deyib ki, seçkidə “vətəndaşlardan böyük dəstəyə bel bağlayır” və ümid edir ki, birdən artıq partiyadan dəstək alacaq. Onun deməsinə görə, müxalifətin güclü namizədi yoxdur, siyasi rəqiblərinin çoxu hay-küy salıblar, amma ölkəyə güclü bir şey verən deyillər. Putin bu iddianı əvvəllər də dəfələrlə dilə gətirib.

***

Putin-ə ilk sual “Govorit Moskva”dan gəlir:

“Seçkiyə niyə gedirsiz, məqsədiniz, missiyanız nədir, Rusiya üçün nə etmək istəyirsiz?”

Vladimir Putin: “Rusiyanı necə görmək istədiyim barədə dəfələrlə danışmışam… O, müasir, siyasi sistemi çevik olmalıdır, iqtisadiyyatı yüksək texnologiyalar üzərində qurulmalıdır”.

Putin deyib ki, rusiyalıların həyatını yaxşılaşdırmaq istəyir. Onun sözlərinə görə, hakimiyyət Rusiya vətəndaşlarının gəlirlərinin artırılmasına diqqət ayırmalıdır və bu, infrastruktur, təhsil və səhiyyə sistemində dəyişikliklərdən ötrü vacibdir.

***

İqtisadiyyatla bağlı suala cavabında Putin deyib:

Nəyin hesabına artırıq? Bəlkə daha çox traktor, dəzgah, kompüter buraxmağa başlamışıq?.. Artımın əsas səbəbi odur ki, 2014 və 2015-ci illərdə yaşadığımız iki şoku üstələmişik – enerjidaşıyıcılarının qiymətinin kəskin düşməsini və xarici məhdudiyyəti, necə deyərlər, sanksiyaları. Əminliklə deyirəm, sanksiyaların təsiri olmayıb, amma hər halda, təsirini göstərdi. İqtisadiyyat daha çox daxili tələbata arxalanmağa başladı”.

***

Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putin yerli və xarici jurnalistlər üçün illik mətbuat konfransı keçirəcək. Bu, Putin-in gələn ilin martına planlaşdırılan prezident seçkisi öncəsi ictimaiyyət qarşısında son iri çıxışlarından biri sayılır.

Putin-in 1600 jurnalist üçün mətbuat konfransı Bakı vaxtıyla günorta 1-də başlanacaq.

Televiziya ilə yayımlanan bu illik tədbirdən Putin, adətən, öz imicini yüksəltmək, rusiyalılara və dünyaya siqnallar göndərməkdən ötrü yararlanır.

Putin ilk dəfə 2000-ci ildə prezident postuna keçib və bu, artıq onun 13-cü illik mətbuat konfransıdır.

Ötən ilin dekabrında 3 saat 53 dəqiqə davam edən tədbirdə Putin 50 suala cavab vermişdi. Ən uzun mətbuat konfransı isə 2008-ci ildə keçirilib, dörd saat 39 dəqiqə çəkib.

İllik mətbuat konfransından əlavə, Putin həm də hər il rusiyalıların suallarını Birbaşa Xətt vasitəsiylə cavablandırır.

Putin hər il parlamentdə də çıxış edir. Dekabrın 1-nə planlaşdırılan builki çıxış ertələnib. Təsdiqlənməmiş məlumatlara görə, Putin çıxışını gələn ilin fevralında – 18 mart seçkisindən bir neçə həftə öncə edəcək.

***

Mətbuat konfransında qeydiyyatdan keçmiş jurnalistlər arasında Ksenia Sobchak da var. O, 18 mart seçkilərində namizədliyini verəcəyini açıqlayıb.

AzadlıqRadiosunun rus xidmətinin jurnalistləri mətbuat konfransına akkreditı oluna bilməyiblər.

Baxmayaraq ki, Kremlin sözçüsü Dmitry Peskov xarici jurnalistlər üçün heç bir məhdudiyyət olmadığını deyirdi. “Xarici agentlər barədə qanun, digər ölkələrdə olduğu kimi, jurnalistlərin işini əngəlləmi. Bu fəaliyyət sadəcə reqlamentləşdirir və bu medianın müəyyən hərəkətləri tamamlaması üçün bəzi öhdəliklər qoyur”, – Peskov deyirdi.

Söhbət hökumətə xaricdən maliyyələşən media orqanlarını “xarici agent” kimi tanımağa imkan verən qanundan gedir.

***

65 yaşlı Putin bu yaxınlarda daha altı il müddətinə prezidentliyə namizədliyini vermək niyyətini açıqlayıb. Ölkədə siyasi mühitin sərt nəzarətdə olduğunu, seçkilərin idarə olunduğunu nəzərə alan təhlilçilər onun qalib gələcəyini düşünürlər.

Kreml seçici fəallığının az olacağından narahatdır. Müstəqil Levada Mərkəzi seçicilərin 53 faizinin səsverməyə gedəcəyini proqnozlaşdırır.

18 mart Moskvanın Ukraynanın Krım yarımadasını öz ərazisi elan etdiyi tarixdir. Seçkinin həmin günə salınmasında da məqsədin seçici fəallığını gücləndirmək məqsədi daşıdığı bildirilir.

Müxalifət lideri Aleksei Navalny seçkiyə buraxılmır, hakimiyyət ona qarşı dələduzluq ittihamlarının olduğunu əsas gətirir.

Digər namizədlər kommunistlərin lideri Gennady Zyuganov, millətçi Vladimir Zhirinovsky, liberal Grigory Yavlinsky, biznes ombudsmanı Boris Titov-dur.

Levada Putin-ə dəstəyin 61 faiz olduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG