Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:23

ABŞ Şimali Koreyayla bağlı yumşalma sərgiləyir- YENİLƏNİB


Rex Tillerson

Moskva ABŞ-ın Şimali Koreyayla danışıqlar təklifini alqışlayıb.

“Təbii ki, bu yanaşmanı dəstəkləyirik. İnanırıq ki, bu, ən mümkün korrekt yanaşmadır”, – Rusiyanın “Interfax” xəbər agentliyi xarici işlər nazirinin müavini Sergei Ryabkov-a istinadla yazıb. Onun sözlərinə görə, Rusiya belə bəyanatlardan sonra “praktik addımlar atılmasını” gözləyir.

Rusiya indiyədək BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarını dəstəkləyib. Ancaq eyni zamanda Birləşmiş Ştatlar və Cənubi Koreyanı həddən artıq tələbkar olmaqda, hərbi təlimlərlə Pxenyanı təhrik etməkdə suçlayıb.

Prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov Tillerson-un bəyanatını “konstruktiv” adlandırıb.

Rusiyanın Şimali Koreya üzərində nüfuzu Çininkindən daha azdır, ancaq Vaşinqton-Pxenyan münasibətlərindən daha istidir.

***

ABŞ dövlət katibi Rex Tillerson dekabrın 12-də Şimali Koreyayla “ilkin şərtsiz” danışıqlara başlamağı təklif edib. Birləşmiş Ştatlar indiyədək tələb edirdi ki, Pxenyan əvvəlcə nüvə silahlarından əl çəkməlidir, istənilən danışıq sonra keçirilə bilər.

Tillerson-un açıqlamasından öncə BMT elçisi altı ildə ilk dəfə olaraq Şimali Koreyaya səfər edib.

BMT-nin siyasi məsələlər üzrə rəhbəri Jeffrey Feltman dekabrın 12-də deyib ki, ötən həftə Pxenyana səfərinin danışıqların başlanmasına səbəb ola biləcəyinə inanır. Ancaq o, Şimali Koreya rəsmilərinin hər hansı öhdəlik götürmədiklərini də sözlərinə əlavə edib.

“Məncə, biz qapını yarıaçıq qoymuşuq və çox ümid edirəm ki, danışıqlar yoluyla həllə qapı tezliklə tam açılacaq”, – Feltman BMT Təhlükəsizlik Şurasını səfəriylə bağlı bilgiləndirədən sonra jurnalistlərə deyib.

Feltman-ın çıxışıyla eyni vaxtda Şimali Koreya lideri Kim Jong Un ölkəsini nüvə dövlətinə çevirmək vədi verib.

Tillerson isə deyib ki, Pxenyanın xeyli sərmayə qoyduğu silahlardan əl çəkib danışıqlar masasına əyləşməsinə gözləmək “qeyri-real” olardı.

“Gəlin, sadəcə görüşək”, – Tillerson Vaşinqtondakı Atlantik Şurasında bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG