Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 01:09

Bloklanan saytın nazirliklə məhkəməsi başladı


Bloklanmış sayt (arxiv fotosu)

Bu gün, dekabrın 8-i 1 Saylı İnzibati-İqtisadi Məhkəməsində infoaz.org xəbər saytının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı məhkəmə çəkişməsi başlayıb.

Bu haqda AzadlıqRadiosu-na resursun rəhbəri Namiq Cəfərli məlumat verib.

infoaz.org xəbər saytına Azərbaycan ərazisindən giriş avqust ayından, blok edilib. Sayt rəhbərliyi əlaqəli bütün qurumlara müraciət etsə də, blok aradan qaldırılmayıb. Resurs rəhbəri sonunda məhkəməyə müraciət edib.

Namiq Cəfərli
Namiq Cəfərli

Əsas əlaqəli qurum kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə verilib.

İnternet resursunun iddiasına hakim Müseyib Bayramovun sıdrliyi ilə baxılır.

Dekabrın 8-də keçirilən iclasda saytın nümayəndəsi vəkil Zibeydə Sadıqova iddianı müdafiə edib. Məhkəmədən infoaz.org xəbər saytına ölkə daxilində blokun qaldırılması, ifadə azadlığı hüququnun pozuntusunun tanınması istənilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil olunmadığından məhkəmə dekabrın 22-nə ertələnib.

infoaz.org xəbər saytıdır. Resursa ölkə ərazisindən girişin avqustun 19-dan blok qoyulduğu bildirilir. Saytın rəhbəri Namiq Cəfərli elə həmin gün Baş Prokurorluğa da dəvət edilmişdi.

Buna da bax: Prokurorluqdan sonra jurnalist DTX-ya çağırıldı [yenilənib]

«Baş Prokurorluğa dəvət olunmağım prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov barədə yazdığım müəllif yazısı ilə bağlı idi», - Baş Prokurorluqdan çıxdıqdan sonra N.Cəfərli belə demişdi.

«Əli Həsənov Prezident Administrasiyası uğrunda gedən savaşdan qalib çıxa biləcəkmi?» sərlövhəli yazıda iddia edilirdi ki, hakimiyyət daxilində bəzi qüvvələrin bir-biri ilə kəskin mübarizəsi gedir.

Ardınca N.Cəfərli avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) də çağırılmışdı. O, DTX-dən çıxdıqdan sonra demişdi ki, onu yazılarına görə sorğu-sual ediblər.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

«Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmağım rəhbəri olduğum saytda yayılmış bəzi yazılarla bağlı idi. Həmin yazılara müəyyən iradlarını bildirdilər», – deyən jurnalist bu yazılar barədə detallı danışmamışdı.

Sayt redaktorunun açıqlamalarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər rəsmi qurumlardan, hələ ki, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Saytların bloklanması Azərbaycanda bu ilin əvvəlindən geniş vüsət almağa başlayıb. Qanunvericiliyə müəyyən dəyişiklik edildikdən sonra, mart ayından ölkədə bir neçə müstəqil və müxalif sayta giriş əngəllənib. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən əvvəlcə bundan xəbərsiz olduqlarını bildirsələr də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciəti ilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla həmin saytların bloklanması məhkəmə müstəvisində həllini tapıb. Söhbət AzadlıqRadiosu-nun, «Azadlıq» qəzetinin, “MeydanTV”nin, “TuranTV”nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir. Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib.

Nazirlik prokurorluğa istinadən iddia edib ki, həmin saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayılıb. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Son aylarda bir neçə başqa internet resursuna da ölkə daxilindən girişin məhdudlaşdırıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG