Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:42

'Niyə Avropanı söyüb, müalicəyə ora gedirsiniz..?'-Media icmalı


Avropa-Azərbaycan. Karikatura
Avropa-Azərbaycan. Karikatura

Şəkinin UNESCO-nun «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına daxil edilməsi, hakimiyyət rəsmilərinin Avropa İttifaqını tənqid etməsinin səbəbləri və müstəqil vəkillərin ağır durumu medianın aparıcı mövzularındandır ...

Hakimiyyətin Qərbi tənqid etməsinin səbəbləri...

Azadliq.info saytında «Hakimiyyətin Avropa ikiüzlülüyü, yaxud Novruz Məmmədov hansı «klub»ları xoşlayır?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov mətbuata açıqlama verərək, bəzilərinin Avropa İttifaqını «xristian klubu» adlandırmasını nahaq saymayıb. Üstəlik, qurumu Azərbaycana qarşı ədalətsiz mövqedə ittiham edib və ölkə ictimaiyyətinin bundan narahat olduğunu bildirib.

Müəllifin fikrincə, hakimiyyətin avtoritarizmə sevgisi o qədər böyükdür ki, hətta Azərbaycanın 20 faiz ərazisinin işğalına «yaşıl işıq» yandıran Rusiya önündə təzim etməkdən belə çəkinmirlər.

Yazıda bu il noyabrın 24-də Brüsseldə keçirilən «Şərq Tərəfdaşlığı» ölkələrinin sammitində Ermənistandan fərqli olaraq, Avropa İttifaqı ilə saziş imzalanmamasını hakimiyyətin demokratiya istəməməsi kimi dəyərləndirilir:

«Təbii ki, bu qədər rüsvayçı mövqedən sonra, beynəlxalq aləmin önündə limitin bitdiyi bir dövrdə yeganə çıxış yolu kimi Avropanı söyməyə start veriblər. Amma yenə də bütün ittihamları bumeranq effekti verib».

Yazıda bildirilir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən iki qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın işğal edilən rayonlarının boşaldılması ilə bağlı 4 qətnamə qəbul olunub.

Müəllif N.Məmmədova xatırladır ki, strateji müttəfiq saydıqları Rusiya Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistana ən yüksək səviyyədə dəstək göstərir:

«Bu fonda heç bir hökumət nümayəndəsi Rusiyanın ermənipərəstliyinə mövqe bildirməyə cəsarət etmir...».

Yazıda rəsmilərə belə suallar verilir: «Niyə hamınızın müalicəsi, istirahəti, övladlarınızın təhsili, var-dövlətiniz Avropa ölkələrindədir?».

Müəllif yazır ki, əgər Avropa İttifaqı Azərbaycan hakimiyyətindən siyasi islahatlar tələb etməsəydi, yalnız iqtisadi əməkdaşlıqla kifayətlənsəydi, televiziyalarda Avropa liderlərinin şərəfinə «ciyər axşamı» verərdilər.

Məhkəmə
Məhkəmə

Müstəqil vəkil olmağın problemləri...

«Novoye Vremya» qəzetində «Vəkillik olduğu kimi qalır» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, ölkədə vəkillik institutu ağır durumdadır. Müəllif bunun səbəbini hüquq-mühafizə sistemindəki mövcud durumla izah edir. Müəllifə görə, bir sıra tanınmış vəkillərin Vəkillər Kollegiyasından çıxarılması, məhkəmələrdə nümayəndəlik fəaliyyətinin məhdudlaşdırılmasının dəstəkləməsi də həmin ağır durumun göstəricisidir. Yazıda vurğulanır ki, belə olan halda qurumda kimin sədr olması vəziyyətin dəyişməsinə səbəb ola bilməz: ​«Müsbət dəyişiklik olması hakimlərin fəaliyyətində ən azı iki məqamdan asılıdır».

Müəllifin fikrincə, birincisi, hakimlərin savadı artırılmalıdır. İkincisi, hüquqazidd hərəkətlərinə görə hakimlərin cəzalandırılmasında şəffaf sistem yaradılmalıdır:

«Beləliklə, hakim ancaq prokuror və vəkil sübutlar təqdim etdikdə, ədalətli hökm çıxara bilər. İndiki halda müdafiə tərəfi bu imkana malik deyil. Digər tərəfdən, hakimin özündən yuxarı bir neçə instansiyadan güclü şəkildə asılılığı müstəqil olmasına və ədalətli qərar çıxarmasına mane olur».

Müəllif vurğulayır ki, müstəqil vəkillər bəzi işlərdə ittiham tərəfini ifşa edirlər. Ancaq onların özləri təzyiqə məruz qalırlar.

Şəki
Şəki

Şəki UNESCO-nun siyahısında

«Azərbaycan» qəzetində «UNESCO Şəkini seçdi» sərlövhəli yazı yer alıb.

Yazıda Şəki şəhərinin UNESCO-nun «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına daxil edilməsi dəyərləndirilir.

Müəllif yazır ki, Şəki rayon rəhbərliyi şəhərin adının UNESCO-nun «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına daxil edilməsini çox mühüm hadisə kimi diqqətə çatdırıb.

Yazıda bildirilir ki, UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı ilə «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına 44 ölkədən 64 şəhər daxil edilib:

«Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin, şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan, UNESCO-nun bu qərarını xalq sənətkarlığının inkişafında yeni mərhələnin başlanğıcı saymaq olar».

Müəllifə görə, bu hadisə həm də Şəkinin beynəlxalq səviyyədə tanıdılmasından ötrü atılan növbəti uğurlu addımlardan biridir. Təşkilatın bu qərarı son illər Azərbaycanda mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.

Müəllif həmçinin, hesab edir ki, Şəki şəhərinin belə bir mötəbər təşkilatın siyahısına salınması heç də təsadüfi deyil. Yazıda vurğulanır ki, Şəkidə tarixən xalq sənətkarlığı yüksək səviyyədə inkişaf edib. Müəllif bildirir ki, dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər sahələr Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib.

XS
SM
MD
LG