Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Fevral, şənbə, Bakı vaxtı 23:14

ABŞ, Rusiya və Fransadan Qarabağla bağlı bəyanat


S.Lavrov və R.Tillerson

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Vyanada keçirilən 24-cü Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri bəyanatla çıxış ediblər. Sənəddə bildirilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktını, güc tətbiqi ilə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquq və xalqların öz müqəddəratını təyin etmək prinsiplərini əsas götürürlər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən ötrü vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər:

«Biz region xalqlarının həqiqətən barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq. Danışıqların oktyabrın 16-da Vyanada yüksək səviyyədə bərpasını və ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə xarici işlər nazirlərinin dekabrın 6-da keçirilən görüşünü alqışlayırıq. İntensiv dialoqdan razılığımızı ifadə edirik və tərəfləri öz səylərini siyasi nizamlanmanın substantiv məsələlərində güzəştli həllə kökləməyə çağırırıq. Hər hansı təxirə salma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin həll prosesinə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər».

Sənəddə yazılır ki, prezidentlərin təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsinə dair üzərilərinə götürdükləri öhdəlikləri əsas tuturlar.

«Əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür»

«Yerevan və Bakını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsini qəbul etməyə çağırırıq. 2016-cı ildə Vyanada və Sankt-Peterburqda keçirilmiş sammitlərdə qəbul edilmiş digər qərarlar da icra edilməlidir. Həmsədrlərin Ermənistan və Azərbaycan xalqları arasında təmasların bərpasına yönəlmiş təkliflərini tərəflərin nəzərdən keçirməsini və itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsində Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəklənməsini alqışlayırıq. Tərəfləri bu kimi mühüm humanitar addımları siyasiləşdirməkdən çəkinməyə təşviq edirik», - bəyanatda qeyd edilir.

Sənəddə vurğulanır ki, həmsədr ölkələr davamlı sülhə nail olmaqdan ötrü tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır:

«Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq. Lakin Dağlıq Qarabağ münaqişəsinə son qoyulması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür».

Bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roje-Lakan veriblər.

Dekabrın 6-da Vyanada Azərbaycanla Ermənistan xarici işlər nazirləri bir-birləri və ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlərin əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif etdikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG