ABŞ-Rusiya münasibətlərinin istiləşməsinə ən böyük problem Rusiyanın Ukraynaya təcavüzüdür. Bunu ABŞ dövlət katibi Rex Tillerson dekabrın 7-də Avropa xarici işlər nazirlərinin Vyana görüşündə deyib.
Tillerson-un sözlərinə görə, Rusiya Ukraynanın şərqindən və Krımdan qüvvələrini çəkməyincə, Birləşmiş Ştatlar Rusiyaya sanksiyaları qaldırmayacaq.
“Bu yolda duran əsas məsələ Ukraynadır”, – Tillerson ATƏT nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.
“Başqa sahələrdə fikir ayrılığımız ola bilər... Ancaq bir ölkə başqasını işğal edəndə, bu fikir ayrılığını arxada buraxmaq, yaxud onunla barışmaq çətindir”, – Tillerson bildirib.
Bu bəyanatdan sonra görünən odur ki, rusiyalı həmkarı Sergei Lavrov-la üzbəüz görüşdə iki ölkə arasında gərginlik yaradan məqamlarla bağlı irəliləyiş əldə olunmayıb.