Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:36

'Avropadan qaçmaq...'-Media icmalı


Dollar
Dollar

Xalq-iqtidar münasibətləri, Azərbaycanın Avropaya inteqrasiyası və investorların ölkənin əyalətlərinə daha az maraq göstərməsi medianın aparıcı mövzularındandır...

Sərmayə Bakıya yönəlib

«Exo» qəzetində «Azərbaycan regionları investorlara maraqlı deyil?» sualı gündəmə daşınır.

Yazıda ölkənin regionlarına sərmayə yatırımı iqtisadçı-ekspert Natiq Cəfərli ilə təhlil edilib.

N.Cəfərli deyib ki, bu sahədə vəziyyət heç də xoşagələn deyil:

«Yerli sərmayəçilər pullarını başqa ölkələrin regionlarının inkişafına yatırırlar. Vətəndə cəlbedici şəraitin olmaması ölkə rayonlarını yerli və xarici kapital yatırımçıları üçün maraqsız edib».

Ekspert vurğulayıb ki, Bakıda xarici sərmayə, əsasən, enerji sektoruna qoyulub:

«Burada oyun qaydaları tamamilə fərqlidir. Bütün neft-qaz sazişlərini parlament təsdiq edir, yerli idarəetmə orqanlarının bura müdaxilə etmək hüququ yoxdur. Qeyri-neft sektoruna gəlincə, burada vəziyyət tamamilə başqadır. Məhz buna görə, xarici sərmayəçilərin əsas payları enerji sektoruna yönəlir. Yerli sərmayəçilər isə yatırımı daha çox dövlət layihələrinə qoyurlar».

N.Cəfərli deyib ki, bu məsələ daim şəffaf yanaşma tələb edir. Onun fikrincə, yerli hakimiyyət orqanları isə özlərini heç bir qanun tanımayan külli-ixtiyar sahibi kimi aparırlar:

«Sabah qoyduqları vəsaitləri itirə biləcəkləri qorxusuna görə sərmayəçilər regionlara pul yatıra bilmirlər. Yerli orqanların sərmayəçilərə və yerli iş adamlarına təzyiqlərini sübut edən onlarla faktlar var».

N.Cəfərli hesab edir ki, üstəlik, regionlarda alıcılıq qabiliyyətinin aşağı olması da bu məsələdə önəmli faktorlardandır.

Yazıda vurğulanır ki, 2017-ci ilin yanvar-oktyabr aylarında Bakıya 11.302 mlrd. manat yatırım qoyulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.9 faiz azdır. Üstəlik, bu, bütün ölkəyə yatırılan sərmayənin 90 faizindən çoxdur.

S.Seyidov
S.Seyidov

Azərbaycan hara gedir?

Azadliq.info saytında «Avropa İttifaqından qaçmağın arxasında çox təhlükəli planlar ola bilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanın Avropaya inteqrasiyası məsələsini təhlil edib.

Yazıda bildirilir ki, bu günlər deputat Səməd Seyidov Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» ilə bağlı Tbilisidə keçirilən tədbirində «Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil» fikrini səsləndirib. Yerli saytların məlumatına görə, deputat həmçinin vurğulayıb ki, Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir.

Müəllif xatırladıb ki, S.Seyidov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin rəhbəridir.

Yazıda belə bir statuslu şəxsin qeyd edilən fikri səsləndirməsi mənfi hal kimi dəyərləndirilir:

«Xalqımızın keçmişini və bu coğrafiyada tarixən başımıza gələn müsibətlərin gerçək səbəblərini, bugünkü durumumuzu soyuqqanlı şəkildə analiz etdikcə, gələcəyimiz üçün təşviş keçirməmək mümkün deyil».

Müəllif Avropanı üstün məkan, elmin, mədəniyyətin, mütərəqqi düşüncələrin mərkəzi adlandırır:

«Niyə Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı olmamalıdır? İnsan haqlarının və sosial-siyasi dəyərlərin ən üstün olduğu bir məkana yaxınlaşmaqdan nə itirəcəkdik?».

Müəllif hesab edir ki, hakimiyyət rəsmilərinin belə açıqlamalarının arxasında çox təhlükəli planlar dura bilər. Onun fikrincə, həmin planlar ölkənin gələcəyinə yaxış bir şey vəd etmir.

İ.Əliyev Qobustan rayonunda
İ.Əliyev Qobustan rayonunda

Xalq-iqtidar birliyi

«Azərbaycan» qəzetində «Sağlam təməl üzərində qurulan xalq-iqtidar birliyi» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, vətəndaşların sosial müdafiəsinin təmin olunması və həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin başlıca vəzifəsidir. Onun fikrincə, sosial dövlət hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistemdir.

Yazıda vurğulanır ki, prezident İlham Əliyev son 14 ildə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini başlıca hədəfi kimi müəyyən edib:

«İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq, dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib».

Yazı müəllifinə görə, məhz bu siyasət sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atılıb. Qazanılan uğurların əsasında isə ölkədə yürüdülən müstəqil siyasət, həmin siyasətin əsasında isə xalq-iqtidar birliyi durur.

Yazıda həmçinin bildirilir ki, Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramının sifarişi ilə Azərbaycanda bir sorğu keçirilib. Həmin sorğuya görə, rəyi soruşulanların 81 faizi hökumətə etibar etdiyini bildirib. Rəyi soruşulanların 83 faizi isə öz şəxsi gələcəyinə nikbin baxıb.

Müəllif yazır ki, Azərbaycanın sosial dövlət quruculuğu modeli indi dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilir.

XS
SM
MD
LG