Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:14

'Bu gedişlə hansısa general təhsil naziri təyin oluna bilər'-Media icmalı


Mikayıl Cabbarov
Mikayıl Cabbarov

«Azərbaycan Kredit Zəmanət Fondu» ASC-nin yaradılması, yaşayış minimumu və prezident İlham Əliyevin son kadr dəyişiklikləri medianın aparıcı mövzularındandır...

Fazil Məmmədovun yerinə Mikayıl Cabbarov

Azadliq.info saytında «Analoqu olmayan sürpriz kadr təyinatları» sərlövhəli yazı oxumaq olar. Yazıda dövlət başçısı İlham Əliyevin Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib, onun yerinə təhsil nazirini təyin etməsi dəyərləndirilir.

Müəllifin fikrincə, görünür, islahatları səbirsizliklə gözləyənlər hələ bir müddət də gözləməli olacaqlar. Müəllif baş verənləri «sürpriz kadr təyinatları» adlandırır:

«Gözlənilmədən təhsil naziri vəzifəsindən azad edilən Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi. Vergilər naziri vəzifəsindən azad edilən Fazil Məmmədovun təhsil naziri olacağı isə gözlənilmir».

Yazıda bildirilir ki, nazirliyin vergi öhdəliklərini çətinliklə yerinə yetirməsi son illər müzakirə mövzularından biri idi. Müəllif hesab edir ki, bu kadr dəyişiklikləri dövlət idarəetməsinin yox, mövcud hakimiyyətin möhkəmlənməsinə hesablanıb:

«Şəxsi sədaqət, ailə-qohumluq bağları və inam üzərində qurulan sistem kənar riskləri də artıq nəzərə almağa başlayıb. Bu risklərə daxil olan həssas məsələlərin də sırası getdikcə genişlənir və kadr təyinatlarında bu amillər qabarıq sezilir».

Yazıda vurğulanır ki, Azərbaycanda kadrların təyin olunduqları sahələr üzrə peşəkarlıq heç bir önəm daşımır:

«Bu gedişlə sabah hansısa bir generalın təhsil naziri təyin olunduğunu eşidə bilərik və bu, heç də cəmiyyətdə təəccübə səbəb olmaz. Belə səbəblər üzündən hakimiyyət nə böyük islahatlara gedə bilir, nə də ki, struktur islahatlarını aparmağı bacarır».

Normal yaşayış üçün minimum nə qədər pul lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Yaşayış minimumu ən azı 500 manat...

«Exo» qəzetində «SORĞU: Azərbaycanda yaşayış minimumu ən azı 500 manat olmalıdır» sərlövhəli yazı diqqət çəkir.

Qəzet vətəndaşlara «yaşayış minimumu nə qədər olmalıdır» sualı ilə üz tutub. Yazıda bildirilir ki, rəyi soruşulan vətəndaşların əksəriyyəti bu suala «ən azı 500 manat olmalıdır» cavabını veriblər.

Müəllif vurğulayır ki, sorğuda 784 nəfər iştirak edib və rəyi soruşulanların 67 faizi «yaşayış minimumu 500 manatdan yuxarı olmalıdır» variantına üstünlük verib.

Respondentlərin 16 faizi «yaşayış minimumu 400-450 manat olmalıdır» variantını məqbul sayıb.

Rəyi soruşulanların ancaq 12 faizi 300-350 rəqəminin üzərində dayanıb.

Sorğunun nəticələrinə görə, respondentlərin cəmi 3 faizi yaşayış minimumunun 200-250 manat, 2 faizi isə 150-200 manat olması variantını məqbul sayıb.

Müəllif xatırladır ki, 2018-ci il üzrə yaşayış minimumu 173 manat müəyyən edilib. Artıq sona çatmaq üzrə olan 2017-ci ildə isə bu, 155 manat təşkil edib. Beləliklə, 2017-ci illə müqayisədə yaşayış minimumu 2018-ci ildə 11 faiz artırılıb.

Ekspert Nəriman Ağayev deyib ki, insanın bir ay ərzində «bir təhər» yaşamasından ötrü Bakıda ən azı 400 manat, regionlarda isə 300 manat lazımdır.

"İri sahibkar vergidən yayınır, zərbə kiçik sahibkara dəyir"
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Sahibkarlığa dəstək...

«Azərbaycan» qəzetində «Sahibkarlığın inkişafını sürətləndirəcək növbəti addım» sərlövhəli yazıda ölkədə özəl sektorun inkişafı dəyərləndirilir.

Müəllif yazır ki, Azərbaycanda özəl sektor dövlətin xüsusi himayəsindədir. Bu, hələ keçmiş prezident Heydər Əliyevin dövründən belə olub.

Müəllifin gəldiyi nəticəyə görə, Azərbaycan kimi az ölkə var ki, sahibkarlara belə üstün şərait yaradılır:

«Yalnız son bir neçə fakta nəzər salaq: indi Azərbaycanda istehsal olunan sənaye məhsullarının 80 faizdən çoxu qeyri-dövlət sektorunun payına düşür. Tamamilə özəl sektora məxsus qeyri-neft bölməsində məhsul istehsalının ÜDM-də xüsusi çəkisi isə 63 faizə yaxındır. Belə misalların sayını artırmaq da mümkündür».

Müəllif vurğulayır ki, təkcə bu ilin 9 ayında ölkə üzrə 240 minə yaxın yeni iş yeri açılıb. Onun da 150 mini daimidir. Üstəlik, bu iş yerlərinin 60.3 faizi qeyri-dövlət sektorunda açılıb.

Müəllif prezident İlham Əliyevin bu il noyabrın 29-da «Azərbaycan Kredit Zəmanət Fondu» ASC (qısa adı «Azərkreditzəmanət» ASC) yaradılması haqqında fərmanını «sahibkarlığın inkişafında növbəti addım» adlandırır:

«Yeni qurumun əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaqdır. Həmçinin, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır».

Müəllif yazır ki, «Azərkreditzəmanət» ASC-nin fəaliyyət sahələrinə daxil olan vəzifələr sırasında sahibkarları çoxdan rahatsız edən, işlərini genişləndirməyə imkan verməyən iki əsas problem həllini tapıb:

«Onlardan biri banklardan kredit götürərkən zəmanət, ikincisi isə verilən kreditlərə müvəkkil banklar tərəfindən yüksək faizlərin hesablanması məsələləridir».

Yazıda vurğulanır ki, bu problemlərlə daha çox regionlarda fəaliyyət göstərən iş adamları qarşılaşıblar.

XS
SM
MD
LG