Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Saakashvili təslim olmayacağını deyir - YENİLƏNİR


Mikheil Saakashvili tərəfdarları qarşısında çıxış edir, 5 dekabr, 2017-ci il
Mikheil Saakashvili tərəfdarları qarşısında çıxış edir, 5 dekabr, 2017-ci il

Mikheil Saakashvili dekabrın 6-da parlament yaxınlığındakı etiraz düşərgəsində tərəfdarlarına deyib ki, hakimiyyətin təslim olmaq tələbinə əməl etməyəcək.

“Psevdo baş prokurorluğa getməyəcəyəm. Müstəntiqlərlə bu düşərgədə danışmağa hazıram”, – o deyib.

“Planlarımız aydındır. Əsas məqsədimiz kriminal qrupu hakimiyyətdən uzaqlaşdırmaq və impiçment etməkdir”, – Saakashvili prezident Petro Poroshenko administrasiyasını nəzərdə tutaraq söyləyib.

Dekabrın 5-də prokurorlar Saakashvili-nin polisə təslim olmasından ötrü 24 saatlıq vaxt qoymuşdular.

Hakimiyyət etirazçılarla polisin toqquşmasına azı dörd polisin, etirazçılarsa doqquz fəalın xəsarət aldığını bildirirlər.

Saakashvili Facebook postunda Poroshenko-ya xitab edib: “Bu provokasiyalar nəyinizə lazımdır? Hücum etməyin, adamları vuruşmağa məcbur edə bilməyəcəksiniz! Bu, dinc aksiyadır! Heç nə öyrənmədiz?”

Bununla müxalifət lideri 2014-cü ilin Avromaydan etirazlarına eyham vurub. Həmin etirazlar rusiyapərəst prezident Viktor Yanukovych-in devrilməsiylə sonuclandı.

***

Kiyevdə yüzlərlə etirazçı polislə toqquşub, Ukrayna prezidentinin istefasını tələb ediblər. Hakimiyyətsə etirazların lideri Mikheil Saakashvili barəsində axtarış elan edib.

Ukrayna prokurorluğunun sözçüsü Andriy Lysenko dekabrın 5-də Gürcüstanın keçmiş prezidenti barədə axtarış elan edildiyini açıqlayıb. Bundan öncə Saakashvili-nin tərəfdarları onu polis maşınından çıxarmışdı. Təhlükəsizlik qüvvələri Saakashvili-nin evində axtarış aparmış, onu yaşadığı evin damında yaxalamışdılar.

Mikheil Saakashvili düşərgədə
Mikheil Saakashvili düşərgədə



Lysenko Facebook-da yazıb ki, Odessanın keçmiş qubernatoru olan Saakashvili “mütəşəkkil cinayətkar qrup”la əlaqələrdə ittiham olunur və axtarışdadır, bu barədə milli polisin rəhbəriSerhiy Knyazev-ə məlumat verilib.

Saakashvili isə həbsinə dirəniş göstərəcəyini bildirib. Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib ki, “təhlükəsizlik xidməti məni həbs edə bilməyəcək”.

*** Buna da bax: Ukraynada Saakaşvilinin axtarışı elan edilib

POROSHENKO-NUN İSTEFASI İSTƏNİLİR

Dekabrın 5-də tərəfdarlarının köməyilə polisin əlindən qurtulan Saakashvili yüzlərlə etirazçını parlamentə doğru aparıb və orada bir neçə min qarşısında prezident Petro Poroshenko-nun istefasını tələb edib. O, prezidenti “cinayətkar”, “Ukraynaya xəyanət edən” adlandırıb.

Saakashvili “bütün ukraynalıları küçələrə çıxmağa və oğruları qovmağa” çağırıb. Bu arada onun tərəfdarlarıyla polis toqquşub. Daxili İşlər Nazirliyi toqquşmalarda azı beş nəfərin saxlandığını bildirib.

Baş prokuror Yuriy Lutsenko keçirdiyi brifinqdə iddia edib ki, Saakashvili-nin təşkil etdiyi etirazları Ukraynanın Rusiyada yaşayan keçmiş prezidenti Yanukovych-in rəhbərlik etdiyi “mütəşəkkil qrup” maliyyələşdirib. Saakashvili bu ittihamları saxta adlandırıb.

Dünyada Putin-in məndən qatı düşməni yoxdur, mənim Rusiyaya bağlılığıma dair ittihamsa tamamilə absurddur”, – deyən Saakashvili Lutsenko-nun da istefasını tələb edib.

Poroshenko-nun idarəsi isə hüquq-mühafizə orqanlarının Saakashvili-yə qarşı iddiaları əsaslandıracaq dəlili tapdığını bildirib.

*** Buna da bax: Saakaşvili prezident Poroşenkonun impiçmenti tələbilə yürüş keçirib [Fotolar]

Bu arada digər müxalifət liderləri də Saakashvili-ni dəstəkləyib. Keçmiş baş nazir Yulia Tymoshenko parlamentdə çıxışında Saakashvili-ni həbs etmək cəhdini “siyasi terror” adlandırıb.

XATIRLATMA

Mikheil Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrında istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.

XS
SM
MD
LG