Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

'Osminoqun bir qolu' –Media icmalı


Hacı Məmmədov
Hacı Məmmədov

Ölkədə özəl sektorun inkişafı, Ombudsman Aparatının fəaliyyətinə baxış, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həbsdə ölümü medianın aparıcı mövzularındandır...

«Osminoqun sirləri»

Azadliq.info saytında «Cəmiyyət Hacı Məmmədovun «intihar» xəbərini çoxdan gözləyirdi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı rəsmi açıqlamalara baxmayaraq, cəmiyyətdə bu məsələyə şübhələr həmişə qalacaq:

«Çünki həm ictimaiyyətin rəsmi məlumatlara güvəni sarsılıb, həm də sabiq polis polkovnikinin bir çox sirlərdən xəbərdar olduğunu hələ də düşünənlər var...».

Müəllif hesab edir ki, H.Məmmədovun ölümü ölkədə baş verən bir sıra qətl və adam oğurluqlarını unutmağa əsas vermir:

«Təsadüfi deyil ki Hacı Məmmədov özünü yalnız «osminoqun bir qolu» adlandırırdı və digər qolların çöldə olduğunun xəbərdarlığını edirdi».

Müəllifin gəldiyi nəticəyə görə, H.Məmmədov özü ilə çox az sirləri məzara aparır. Yazıda vurğulanır ki, məhkəmədə bir çox mətləblər, əsasən, aydınlaşıb:

«Onun «osminoq» adlandırdığı kod altında nə demək istədiyi də bir gün mütləq açılacaq».

Ombudsman Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova

«Ombudsmanı parlament yox, xalq seçsin»

«Novoye Vremya» qəzetində «Yeni ombudsman seçkisini yaza qədər gözləyək» sərlövhəli yazı diqqət çəkir.

Müəllifə görə, ölkədə ombudsmanın fəaliyyəti ilə bağlı ictimai rəy o qədər də müsbət deyil. Yazıda vurğulanır ki, ombudsman ölkədə insan hüquqlarını təmin etmək sahəsində səlahiyyətini yerinə yetirə bilmir. Bu institutun özünün islahatlara ehtiyacı var.

Yazıda bildirilir ki, ombudsman vəzifəsinə yeni namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr 2018-ci ilin yaz sessiyasına saxlanıb.

Müəllif hesab edir ki, ölkədə Ombudsman Aparatının işi düzgün qurulmayıb:

«Bu institut vətəndaşın hüquqlarının qorunmasından çox, məmur aparatının hüquqlarını müdafiə edir. Odur ki, bu institutun fəaliyyətinə cəmiyyətin etimadı olduqca aşağıdır».

Müəllifin gəldiyi nəticəyə görə, bu da ölkədəki siyasi durumdan irəli gəlir. Hakimiyyət özü Ombudsman Aparatının müstəqilliyini tanımır. Müəllifə görə, əslində indi Azərbaycanda kimin bu vəzifəni tutması da bir elə önəm daşımır.

Yazıda vurğulanır ki, hələ ombudsman bir dəfə də olsun ictimai-siyasi qurumların qeydə alınmaması və vətəndaşların mülkiyyət hüquqlarının tapdanmasına görə hökuməti tənqid etməyib:

«Bunun da nəticəsi kimi ölkədə ədalət əldə edə bilməyən vətəndaşlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Bir çox hallarda hakimlər ölkə qanunvericiliyinin qəsdən pozulmasının birbaşa iştirakçıları olurlar».

Müəllif yazır ki, Azərbaycanda Milli Məclis icra hakimiyyətindən çox asılıdır. Ombudsmanın seçkisi Milli Məclisin yox, xalqın ixtiyarına buraxılmalıdır.

İ.Əliyev Zirə aqroparkında
İ.Əliyev Zirə aqroparkında

Özəl sektorun inkişafı

«Azərbaycan» qəzetində «Ölkənin əsas investoru qeyri-dövlət sektorudur» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, iqtisadiyyatın dinamik inkişafından ötrü investisiya qoyuluşu mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyin ilk illərində Azərbaycanda iqtisadiyyatı dövlət kreditləşdirib, indi isə bu prosesə özəl sektor da qoşulub:

«Özəl banklarla yanaşı, dövlət müxtəlif iqtisadi və sosial layihələri maliyyələşdirir. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verir. Təkcə son 10 ildə özəl sektorun inkişafı üçün dövlət 2 milyard manatdan çox güzəştli kredit ayırıb. Azərbaycanda özəl sektorun sürətlə inkişaf etməsinin bir səbəbi də budur».

Müəllif rəsmi statistik rəqəmlərə istinadən bildirir ki, 2017-ci ilin 10 ayında qeyri-dövlət sektorunun sənayedə payı 80.2 faizə çatıb:

«Ümumi istehsalın 89.8 faizi sənaye məhsullarının, 10.2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb. Bu rəqəmlərdən də aydın görünür ki, qeyri-dövlət sektorunda məhsul istehsalı sürətlə artır».

Yazıda vurğulanıb ki, özəl sektorun inkişafı dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Müəllif Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezidentin çıxışından sitat da gətirir:

«Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir...».

XS
SM
MD
LG