Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:54

Prezidentin köməkçisi Avropa Birliyini tənqid edir


Novruz Məmmədov

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Avropa Birliyini (AB) tənqid edib. O, bu gün, dekabrın 4-ü özünün Facebook səhifəsində birliyi hədəf alıb.

«Avropa Birliyinin ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir. Tarixin bir qanunu belədir: Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir», - İlham Əliyevin köməkçisi vurğulayıb. O, Avropa Birliyi ilə bərabər əksər nüfuzlu beynəlxalq qurumların, ölkələrin rəhbərlərinin fəaliyyətindən də narazılıq ifadə edib:

«Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, ittifaqlar və aparıcı ölkələr, liderlər hadisələrin qarşısını almaq əvəzinə, onların arxasınca sürünürlər».

N.Məmmədova görə, belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. O vurğulayıb ki, beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də belə xarakterlidir.

Hazırda Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilən xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu gün, dekabrın 4-ü səhər dövlət başçısı İ.Əliyev həmin nümayəndə heyətini qəbul edib. Görüşdə N.Məmmədov da iştirak edib.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Ancaq bu il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Azərbaycandan fərqli olaraq, Ermənistan «Avropa Birliyi ilə hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması» adlı sənədi imzalayıb. Azərbaycanın belə bir sazişi nə vaxt imzalayacağı bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG