Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:54

'Ev heyvanları saxlamağın xərcləri artıb'-Media icmalı


Eldəniz Quliyev
Eldəniz Quliyev

Əngəlli şəxslərə dövlət qayğısı, heyvan bazarındakı bahalıq və Azərbaycan kinosunun indiki durumu medianın aparıcı mövzularındandır...

AZƏRBAYCAN KİNOSUNUN PROBLEMLƏRİ...

Azadliq.info saytında «Bir neçə kəlmə kinomuz haqda…» sərlövhəli yazıda ssenarist və kinodramaturq Eldəniz Quliyevin Azərbaycan kinosunun indiki vəziyyətinə dair düşüncələrinə yer verilib.

Müəllif yazır ki, TV və böyük ekranlarda nümayiş olunan yeni filmlərə, teleseriallara baxarkən xəcalət çəkirik və bunun da səbəbi diletantlıqdır. Müəllif bu diletantlığı futbol üzləyən azarkeşin futbolçulara kənardan «belə et, belə oyna» kimi göstərişlər verib, hər şeyi asan zənn etməsi ilə müqayisə edir:

«Əgər hansısa möcüzə sayəsində o cür fikirləşən adamları götürüb oyunçularla əvəz etsən… matçın hansı vəziyyətə düşəcəyi, yəqin ki, hər kəsə aydındır… Eyni ilə buna bənzər vəziyyət televiziya seriallarında və milli kinomuzda baş verir».

E.Quliyev hesab edir ki, elə bil, hansısa gözəgörünməz bir əlin işarəsiylə «kinematoqrafiya» adlandırılan sənətin «yüyəni» peşəkarlardan alınıb həvəskarlara peşkəş edilib.

E.Quliyev vurğulayıb ki, bu filmlərdə mövzu bəsitliyi, obrazların, süjet xəttinin və konfliktlərin primitiv təqdimatı var. Onun fikrincə, kobud montaj qüsurları, bayağı musiqi seçimləri, səviyyəsiz aktyor oyunu və səviyyəsiz operator, rejissor işi də diqqətdən qaçmır.

Müəllif hesab edir ki, Azərbaycan kinosunun belə bir duruma düşməsinin səbəblərindən biri də ölkədə turizmə mədəniyyətdən daha çox önəm verilməsindən irəli gəlir:

«Nəhayət və ən başlıcası: görünür, bu hakimiyyətə zövqü korlanmış, intellektsiz, estetik baxışlardan məhrum kütlə instinktləriylə yaşayan tamaşaçı lazımdır».

Heyvan bazarının satıcıları danışır
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

BAHALIQ HEYVAN BAZARINI DA VURUB

Musavat.com saytında «Bahalaşma «it bazarı»nı da vurdu: Şəxsi ev heyvanları bazara çıxarılır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bahalaşma artıq, əksər sahələr kimi, heyvan bazarından da yan keçməyib:

«Bakının zoomağazalarında ev heyvanlarının, eləcə də, heyvan yemlərinin qiyməti artıb. Bu da heyvansevərlərin də vəziyyətini çətinləşdirib».

Yazıda vurğulanır ki, Azərbaycana cins heyvanların əksəriyyəti xaricdən idxal olunur. Müəllif hesab edir ki, manatın zəifləməsi, gömrük, vergi rüsumları və lojistik xərclər qiymətlərə təsir edib.

Yazıda bildirilir ki, alıcılar ən çox az qulluq tələb edən dekorativ balıqlara üstünlük verirlər və balıqların qiyməti bu il iki dəfə artıb.

«Balıqların xaricdən gətirilməsi baha başa gəlir. Həmçinin, gömrük rüsumları qalxdığından balığı topdan gətirənlərə də artıq ticarət sərf etmir və məcbur olub baha satırlar», - yazıda satıcılara istinadən vurğulanır.

Yazıda satıcılara istinadən həmçinin bildirilir ki, bahalaşma alıcıların azalmasına səbəb olub. Müəllif yazır ki, əvvəl bir ədədi 1 manata satılan balıqlar indi 2 manata satılır. Hətta bəzi yerlərdə bu, 3 manatdır. Balıq yeminin bir kiloqramı isə 60 manata satılır.

Yazıda daha sonra da bildirilir ki, bazarda ən çox üstünlük təşkil edən cins itlərdir. Amma it bazarında alıcıdan çox satıcı var. Bu şəxslərin ev heyvanlarını satmalarına səbəb kimi it yemi və ətin bahalaşması göstərilir

Bir satıcı qəzetə deyib ki, itini bazara satmağa gətirsə də, bir neçə həftədir ki, alıcı tapa bilmir:

«Artıq bir neçə bazardır ki, itimi sata bilmirəm. İndi yemlər bahalaşıb, saxlamağa imkanım yoxdur...».

Azərbaycanda əlillərin ən ağrılı yeri
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

ƏLİLLƏRƏ QAYĞI

«Azərbaycan» qəzetində «Sosial müdafiəyə xüsusi ehtiyacı olanlara qayğı göstərilir» sərlövhəli yazıda əlillərə dövlət səviyyəsində qayğı dəyərləndirilir.

Müəllif vurğulayıb ki, son illər Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, maddi və mənəvi tələbatlarının dolğun şəkildə ödənilməsi yönündə fəal siyasət həyata keçirilir.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda əlillərə dövlət qayğısının artdığını deyən müəllif 1994-cü ildə Bərpa Mərkəzinin tikilməsini və elə həmin ildən ölkədə Əlillər gününün qeyd olunmasını buna nümunə göstərir.

Müəllif yazır ki, indiki prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 14 ildə isə dövlət əlilliyi olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıb. Onların müalicəsi, reabilitasiyası və sosial təminatı ildən-ilə yaxşılaşıb:

«Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa etdirilərək istifadəyə verilib. Həmçinin, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa mərkəzləri yaradılıb».

Yazıda bildirilir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla, ölkədə 15 bərpa-müalicə müəssisəsi fəaliyyətdədir. Əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək hüquqları var.

XS
SM
MD
LG