Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:43

'Qiymətlər gəlirlərdən 2.5 dəfə sürətlə artıb'-Media icmalı


Dollar
Dollar

Ölkədə sahibkarlığın vəziyyəti, «kölgə iqtisadiyyatı»nın fəsadları, bahalaşma və yoxsulluğun səviyyəsi medianın aparıcı mövzularındandır...

«Kölgə iqtisadiyyatı» inkişafa «kölgə salır»

«Novoye Vremya» qəzetində «Hökumətdən həyəcan təbili: «Kölgə iqtisadiyyatı» təhlükəyə çevrilir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın problem olması çoxdan bəllidir. Bəzi araşdırmalara görə, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 2/3 hissəsi qeyri-formal sektorun payına düşür:

«Bu haqda Beynəlxalq Diplomlu Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının qlobal «kölgə iqtisadiyyatı»nın qiymətləndirilməsi və inkişaf proqnozuna dair tədqiqatlarında yazılır. Tədqiqatın nəticələrinə görə, Azərbaycanda ÜDM-də «kölgə iqtisadiyyatı»nın payı 67 faizə çatır. Bu da dünya üzrə orta göstəricidən 3 dəfə yuxarıdır».

Yazıda vurğulanır ki, yüksək vergi yükü, dövlətin biznesə təzyiqi, yoxsulluq, işgüzar sövdələşmələr və əməliyyatların rəsmiləşdirilmədən aparılması «kölgə iqtisadiyyatı»nı inkişaf etdirir.

Müəllif hesab edir ki, Azərbaycanda qeyri-formal biznesin çiçəklənməsi korrupsiyanın yüksəlməsinə, demokratik institutların zəifləməsinə və iqtisadiyyatın geriləməsinə təsir göstərir: «Beləliklə, Azərbaycan milli ÜDM-də «kölgə iqtisadiyyatı»nın payına görə MDB üzrə qonşularından çox irəlidədir»

Yazıda vurğulanır ki, «kölgə bazarı»nda milyardlar dövr edir. Bundan nə dövlətə, nə də xalqa fayda dəyir.

Yazıda əcnəbi iqtisadçı Robin Hodessin də «kölgə iqtisadiyyatı» haqqında fikirlərinə yer verilib. O deyib ki, «kölgə iqtisadiyyatı»ndan gələn istənilən gəlir qısaömürlüdür:

«Çünki vergi orqanlarından gizlədilən gəlir nəticə etibarilə ən aztəminatlı əhali təbəqəsinin sosial durumuna mənfi təsir edir».

Yazıda vurğulanır ki, «kölgə iqtisadiyyatı» ilə mübarizə ciddi islahatlar tələb edir.

Rövşən Ağayev
Rövşən Ağayev

Qiymətlər çox, qazanc az artır, amma...

Azadliq.info saytında «Ərzaq səbəti 50 faiz, minimum əməkhaqqı 10 faiz artıb» sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda iqtisadçı-ekspert Rövşən Ağayevin istehlak səbətinin artımı ilə minimum əməkhaqqının artımı arasında apardığı dəyərləndirməyə yer verilib. Ekspert deyib ki, onun çıxartdığı nəticələr yalnız Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara söykənir.

R.Ağayev vurğulayıb ki, əhalinin gündəlik istehlakında əsas yer tutan 25 qida növündən (un, un məmulatları, kərə yağı, bitki yağı, qoyun, toyuq , mal əti, çay, duz, meyvə, tərəvəz və s.) ibarət ərzaq səbətinin dəyəri 2014-cü ilin dekabr ayında 95 manat olub:

«2017-ci ilin oktyabrında eyni səbətin dəyəri 143 manata yüksəlib . Hətta rəsmi rəqəmlərə görə, iki devalvasiyanın baş verdiyi son 3 ilə yaxın dövrdə ərzaq səbətinin dəyəri 50 faiz bahalanıb».

Ekspert yenə də rəsmi statistikaya istinad etməklə bildirib ki, son üç il müddətində minimum əməkhaqqı cəmi 10 faiz artaraq, 105 manatdan 116 manata çatdırılıb:

«Nominal orta əməkhaqqı 18 faiz artıb (445 manatdan 525 manata). Pensiyaların minimum məbləği 10 faiz çoxalıb (100 manatdan 110 manata). Pensiyaların orta məbləği 15 faiz yüksəlib (170 manatdan 195 manata). 3 ilin yekunlarına görə, qiymətlər gəlirlərdən təxminən 2.5 dəfə sürətlə artıb».

Ekspert hesab edir ki, belə olan halda yoxsulluq səviyyəsində kəskin artımı qaçılmazdır. Amma rəsmi statistikaya görə, son 3 ildə yoxsulluq səviyyəsi yüksəlməyib, yenə 5 faiz civarında qalır.

R.Ağayev vurğulayıb ki, qiymət və gəlirlərin artım tempi baxımından Azərbaycanla oxşar olan Rusiya hökuməti son 3 ildə ölkədə yoxsulluq səviyyəsinin 12 faizdən 20 faizə yüksəldiyini rəsmi olaraq bəyan edib.

İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllıda velosiped zavodunun açılışında

Sahibkarlara qayğı

«Azərbaycan» qəzetində «Azərbaycanda sahibkarlara əlverişli biznes mühiti yaradılıb» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, son illər ölkədə davamlı iqtisadi inkişaf və əldə edilən uğurlar prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlara, əlverişli investisiya mühitinin yaradılmasına söykənir:

«Məhz bu siyasətin nəticəsidir ki, sahibkarlığın hərtərəfli dəstəklənməsi sayəsində yeni və müasir texnologiyalara əsaslanan bir çox sahələrdə normal fəaliyyət təmin olunur. Daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli ixracyönümlü məhsulların istehsal həcmi artır, onların çeşidi genişləndirilir».

Müəllif vurğulayıb ki, iqtisadiyyata investisiyaların yatırılması hər bir dövlətin iqtisadi siyasətinin özəyini təşkil edən aktual məsələlərdən biridir.

Yazıda daha sonra investisiya təşviqi ilə bağlı qəbul edilən sənəd və layihələrə toxunulur:

«Bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1.7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək. Yəni görün, bir ciddi islahatın aparılması ilə biz 1.7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb etdik».

Müəllifə görə, «İnvestisiyaların təşviqi proqramı»nın uğurlu icrası müstəsna əhəmiyyət daşıyır və Azərbaycanda da investisiyalar milli iqtisadiyyatın inkişafının mühüm maliyyə mənbəyidir.

XS
SM
MD
LG