Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'İqtidar-müxalifət qovğasında ziyalının yeri'-Media icmalı


Eldəniz Quliyev
Eldəniz Quliyev

Beynəlxalq layihələrdə Azərbaycan mütəxəssislərinin iştirakı, dəm qazından ölüm hallarının səbəbləri və ziyalıların siyasətdə rolu medianın aparıcı mövzularındandır...

İŞIQSIZ ÇIRAQ SÖHBƏTİ

Azadliq.info saytında ssenarist və kinodramaturq Eldəniz Quliyev «Ziyalı siyasiləşməlidirmi?» sualını gündəmə daşıyır.

E.Quliyev yazır ki, son vaxtlar mətbuat səhifələrində, eləcə də bəzi tədbir və müzakirələrdə ziyalıların siyasiləşməsi haqda müxtəlif fikirlər səslənir:

«Bu yaxınlarda hörmətli bir təşkilatın keçirdiyi və, əsasən, bu mövzuya həsr edilmiş tədbirin iştirakçısı oldum. Təəccübümə rəğmən, çıxış edənlərin əksəriyyəti: «Bu gün ziyalılarımız hökmən siyasiləşməlidir. Buna alternativ yoxdur!» deyirdilər».

Yazıda bildirilir ki, həmin düşüncənin tərəfdarları M.F.Axundovdan tutmuş, Ü.Hacıbəyovu, C.Məmmədquluzadəni, M.Ə.Sabiri nümunə göstərərək, sitatlar gətiriblər:

««SİYASİLƏŞMƏLİDİLƏR» kəlməsi qulaqlarımda, eynilə «SİLAHLANMALIDILAR!» kimi cingildədi.

Nə deyim, vallah?.. Özümü cəmləyib, bu odlu-alovlu çıxışların arasına bir-iki replika «atmağa» cəhd göstərdim. İstədim deyəm ki, cənablar, bəylər, müəllimlər, mən sizinlə əsla razı deyiləm. Çünki siyasiləşən ziyalı tək əllə voleybol oynayan idmançıya oxşar və o, siyasətə baş vuran kimi, «cini uçub getmiş çırağa» çevrilər».

Müəllif hesab edir ki, əsl bitərəflik elə xalqın tərəfində olmaq deməkdir:

«Bu mənada, tərəfsiz, təmənnasız olmaq, əslində hər iki tərəfdən daha artıq məsuliyyət daşımaq, daha artıq əzab-əziyyətə qatlaşmaq deməkdir...».

DƏM QAZI YENƏ «MEYDAN OXUYUR»

«Yeni Müsavat» qəzetində «Dəm qazı yenə can almağa başladı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, havalar soyuyan kimi dəm qazı adlı «ölüm mələyi» yenidən ölkədə insanları səssiz-küysüz həyatdan aparır. Müəllif vurğulayıb ki, qış aylarında yol qəzalarından sonra ən çox dəm qazı can alır.

Ekspertlər qəzetə deyiblər ki, belə hallara əsas səbəb qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. «Azəriqaz» İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə bunları deyib:

«Təbii qazdan istifadə edən abonentlər texniki təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Həm fərdi yaşayış evlərində, həm də binalardakı mənzillərdə tüstü bacalarının işlədiyinə əmin olmaq üçün ən azı ildə iki dəfə onları təmizlətməlidirlər. Təbii qazla işlədilən suqızdırıcı quraşdırılan hamam otaqlarının həcmi 7.5 kubmetrdən, hündürlüyü 2.2 metrdən az olmamalıdır. Bu kimi təhlükəsizlik tələblərinə riayət olunsa, dəm qazından zəhərlənmə baş verməz».

«Azəriqaz» İB sözçüsü iddia edib ki, dəm qazından zəhərlənmə bütün növ yanacaq məhsullarının tamam yanmaması üzündən baş verir. Ona görə də qaz sobası alarkən, onun texniki pasportu və sertifikatı ilə tanış olmaq lazımdır.

Amma yazıda dəm qazından ölümün səbəbləri ilə bağlı başqa fikirlərin də üzərində dayanılır. Müəllif bildirir ki, dəm qazının daha çox can almasına daha bir səbəb kimi qazın tərkibinin normal olmaması göstərilir.

İ.Kərbəlayev isə yenə iddia edib ki, qazın tərkibi dövlət standartına uyğun tənzimlənir və xüsusi laboratoriyalarda yoxlanılır:

«Qazın tərkibi təmizdir, içində hər hansı zəhərli bir maddənin olmasından söhbət gedə bilməz».

İ.Kərbəlayevin deməsinə görə, sadalanan texniki parametrlərə əməl olunsa, hər hansı bədbəxt hadisənin baş verməsi mümkün deyil.

Kəmər tikintisi
Kəmər tikintisi

XARİCİ ŞİRKƏTLƏRDƏ İŞLƏYƏN AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİNİN SAYI ARTIR

«Azərbaycan» qəzetində «10 faizdən 90 faizə» sərlövhəli yazıda ölkədə icra edilən beynəlxalq layihələrdə yerli vətəndaşların iştirak faizi dəyərləndirilir.

Müəllif yazır ki, bu layihələrin icrasının ilk mərhələlərində əməkdaşların cəmi 10 faizi Azərbaycan vətəndaşları idi. Qalan 90 faiz iştirakçı isə kənardan gələnlər olub.

Yazıda bildirildiyinə görə, indiki prezident İlham Əliyev hələ SOCAR-ın birinci vitse-prezidenti olduğu zaman demişdi ki, vaxt gələcək neft-qaz layihələrində çalışanların 90 faizi Azərbaycan vətəndaşları olacaq. Müəllif vurğulayıb ki, indi artıq bu mərhələ gəlib çatıb:

«Məlum olduğu kimi, hazırda ən genişmiqyaslı işlər «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində və «Cənub Qaz Dəhlizi»nin tərkib hissəsi olan Cənubi Qafqaz Kəmərinin genişləndirilməsi sahələrində aparılır».

Müəllif vurğulayıb ki, «Şahdəniz-2»də işlərin 97 faizdən çoxu tamamlanıb. Tikintinin ən qızğın vaxtlarında işlərə 24 min nəfərdən çox insan cəlb olunub. Onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları olub.

Yazıda bildirilir ki, beynəlxalq şirkətlərdə çalışan Azərbaycan mütəxəssislərinin də da sayı getdikcə artmaqdadır:

«İxtisaslı işçilərin təxminən 85 faizini yerli mütəxəssislər təşkil edir. Bunların da çoxu rəhbər vəzifələrdədir».

XS
SM
MD
LG