Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:31

'Yeni gömrük rüsumları idxal mallarını bahalaşdıracaq'-Media icmalı


Supermarket
Supermarket

Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub Qaz Dəhlizi» layihəsinin yekunlaşması, Mərkəzi Bank rəhbərliyinin nikbin proqnozları və yeni gömrük rüsumları medianın aparıcı mövzularındandır...

UCUZ MAKARON ÜMİDİNƏ QALANLAR...

«Exo» qəzetində «Azərbaycanın aclıq çəkən əhali təbəqələri və yeni gömrük rüsumları» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ölkə 2018-ci ildən yeni gömrük rüsumları sisteminə keçəcək. Mövzu ekspert Seyfəl Əliyevlə müzakirə edilib.

Yazıda bildirilir ki, Azərbaycan idxal olunun qida məhsullarından asılılığa çoxdan vərdiş edib. Daxili istehsal bu yaxınlarda inkişafa başladığına görə «Made in Azerbaijan» məhsulları mağazalarda məhdud saydadır.

Ekspert deyib ki, Azərbaycan daha çox MDB ölkələrindən məhsullar idxal edir:

«Nəqliyyat xərclərini, gömrük rüsumlarını da nəzərə alsaq, nəticədə idxal məhsulları heç də ucuz başa gəlmir. 2018-ci ildən isə bu, daha da bahalaşacaq və səbəb heç də manatın dollara nisbəti deyil. Azərbaycan gömrük rüsumlarının ödənilməsində yeni sistemə keçməlidir».

S.Əliyev deyib ki, Azərbaycan zəruri qida məhsulları ilə özünü təmin etməyə hazır deyil. Onun fikrincə, belə olan halda gömrük rüsumlarının artırılması ölkədə iqtisadi durumu bir qədər də ağırlaşdıra bilər:

«Əhalinin bir çox təbəqələri ucuz makaron məhsulları ilə qidalanaraq, sadəcə aclıq keçirir. Hətta bu gün ölkədə kərə yağından istifadə çoxları üçün əlçatan deyil. Üstəlik, idxal məhsulları da bahalaşırsa, bu fonda 2018-ci ilin əvvəlində manat dollara nisbətdə ucuzlaşacaq. Nəticədə yoxsulluq səviyyəsi daha da artacaq».

Müəllif yazır ki, Nazilər Kabineti gömrük rüsumlarının yeni ödəniş qaydası ilə bağlı qərarını gömrük tarifləri mexanizminin modernləşdirilməsi yolu ilə xarici iqtisadi fəaliyyətin səmərəliliyinin artırılması istəyi ilə izah edir. Yəni daxili istehsala, qeyri-neft ixracına dövlət dəstəyinin gücləndirilməsi, daxili bazarın müdafiəsi və daha az gömrük rüsumları ödənilməsi sisteminə keçid məqsədilə bu addımın atıldığı bildirilir.

Mərkəzi Bank
Mərkəzi Bank

MİLLİ BANK NİKBİNDİR, BƏS...

«Novoye Vremya» qəzetində «Nikbin Mərkəzi Bank» sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda bildirilir ki, parlamentdə 2018-ci ilin büdcə müzakirələrində Mərkəzi Bank (MB) rəhbərliyi bir xeyli nikbinlik sərgiləyib. Müəllifin fikrincə, MB daha çox «hər pisdə bir yaxşılıq tapmaq» prinsipi ilə hərəkət edir:

«Əks halda, ümumi daxili məhsulun (ÜDM) 1 faiz azalmasını, inflyasiyanın 13.7 faiz həddində olmasını «müsbət makroiqtisadi proses» kimi izah etmək sadəcə mümkün deyil. ÜDM-in zamanla ayaqlaşması heç də ölkə iqtisadiyyatının yox, neftin qiymətinin artması hesabına baş verir. Bu məsələdə yeganə müsbət cəhət neft bazarında qiymətlərin nisbətən qalxmasıdır».

Yazıda mövcud vəziyyət «yenə də neftdən asılılığın başlaması təhlükəsi» kimi dəyərləndirilir.

Müəllif vurğulayıb ki, yeni büdcə layihəsi dolayısı ilə 60 faiz neftdən asılıdır:

«Onda belə alınır ki, manat 2015-ci ildəki kimi yenə də neftin qiymətindən asılıdır və son 3 ilin acı təcrübəsindən hər hansı nəticə çıxarılmayıb. Bu müddət ərzində hökumətin nə işlə məşğul olduğu məlum deyil».

Müəllif Mərkəzi Bank rəhbərliyinin gələn il inflyasiyanın 6 faizə düşəcəyi ilə bağlı proqnozunu da şübhə ilə qarşılayır. Yazıda vurğulanır ki, hətta kərə yağına görə dünya bazarından asılı olan ölkədə inflyasiyanın enəcəyi inandırıcı görünmür.

Müəllif hesab edir ki, inflyasiyanın yüksəldiyi, bankların kredit vermədiyi, islahatların ancaq sözdə olduğu bir vaxtda ölkənin iqtisadi inkişafına ümid etmək düzgün deyil.

Kəmər tikintisi
Kəmər tikintisi

«ŞAHDƏNİZ-2» START HALINDA

«Azərbaycan» qəzetində ««Şahdəniz-2» ilk qazın yolunu gözləyir» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, 2006-cı ildən «Şahdəniz-1» yatağından qaz və kondensat hasil olunur. «Cənub Qaz Dəhlizi»nin ehtiyat mənbəyi olacaq ikinci mərhələ çərçivəsində isə ilk qazın 2018-ci ildə əldə ediləcəyi gözlənilir:

««Şahdəniz» qaz-kondensat yatağının ehtiyatları 1.2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir. Yataqdan hasilata başlanmasından 11 ilə yaxın vaxt keçir. Ötən müddət ərzində «Şahdəniz-1»in işlənməsi çərçivəsində Gürcüstan və Türkiyə davamlı surətdə qazla təmin edilib».

Müəllif vurğulayıb ki, Avropanı qaz ilə təmin edəcək «Cənub Qaz Dəhlizi» üzrə əsas yataq olan «Şahdəniz-2»dən isə hasilatın 2018-ci ildən başlanacağı gözlənilir:

«Layihədə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını ildə 16 milyard kubmetr qazla təmin edilməsi nəzərdə tutulur. Türkiyəyə ildə 6 milyard, Avropaya 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq».

Yazıda bildirilir ki, bu işlərin 97 faizdən çoxu tamamlanıb.

XS
SM
MD
LG