Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:29

Ali Məhkəmə bugün, noyabrın 22-si İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun saxlanma şəraitinin pisləşməsi və Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı kassasiya şikayətinə baxıb. Kassasiya şikayətini verən vəkil Yalçın Imanovun fəaliyyətinin dayandırılması üzündən hakimlər prosesi dekabrın 6-a kimi təxirə salıb. Məhkumun yaxınlarına tezliklə yeni vəkil tutmaq tövsiyə olunub.

Noyabrın 20-də Vəkillər Kollegiyası Penitensiar Xidmətin müraciətinə əsasən, Y.İmanovun səlahiyyətini dayandırıb. Beləliklə, M.Səmədov vəkilsiz qalıb. Bu qərar avqustda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında verilib. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan Qapalı Həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən və Qobustan həbsxanasında saxlanılan A.Hüseynov vəkilinə yazılı izahatında göstərib ki, onu təcridxanadan gətirəndən dərhal sonra işgəncələrə məruz qalıb. Nardaran məhbusunun yazmasına görə, həbsxananın rəisi və rəis müavini, müxtəlif əməkdaşları əllərini qandallayıb döyüblər. Qızmar günün altında dəmir dirəyə bağlayıb saatlarla o vəziyyətdə saxlayıblar, soxulcanlarla dolu cərimə kamerasına atıblar.

Ədliyyə polkovniki O.Məmmədov iddia edir ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışır.

«Ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır, Penitensiar Xidmət kollektivinin əhval-ruhiyyəsinə mənfi təsir göstərir», - məktubda qeyd edilirdi.

XATIRLATMA

M.Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə qanunsuz silah saxlama, Konstitusiya quruluşunu dəyişmək və başqa cinayətlərdə ittiham edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi ilə bağlı kommunikasiyaya başlayıb.

M.Səmədov 2014-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 12 Saylı Cəzaçəkmə Müəssisəsindən 2 il müddətinə Qobustan Qapalı Həbsxanasına köçürülüb. O, 12 Saylı Cəzaçəkmə Müəssisəsinə 2016-cı ilin noyabrında qaytarılıb. Elə həmin gün də 15 gün müddətinə cərimə kamerasına salınıb. Bunun arxasınca cəzaçəkmə müəssisəsi onun yenidən Qobustan həbsxanasına qaytarılması barədə təqdimat verib. Bu il iyunun 14-də Qaradağ Rayon Məhkəməsi bu təqdimatı təmin edib. Bununla bağlı müdafiə tərəfinin iyul ayında verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Hüquq müdafiə təşkilatları M.Səmədovu siyasi məhbus kimi tanıyırlar. Ancaq Azərbaycan rəsmiləri deyir ki, ölkədə siyasi məhbus yoxdur. Siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG