Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Bunun harası sosialyönümlü büdcədir? – Media icmalı


Yanacaq
Yanacaq

Azərbaycan ədliyyə sistemi, dizel yanacağının bahalanacağı ilə bağlı gözləntilər və 2018-ci ilin dövlət büdcəsi layihəsi medianın aparıcı mövzularındandır...

ZƏNCİRVARI BAHALANMA GÖZLƏNTİSİ

«Exo» qəzetində «Benzindən dizelə: Azərbaycanı dizel yanacağının bahalaşması gözləyir?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, bu günlərdə Aİ-95 və Aİ-98 markalı benzinlər bahalanıb. Bu bahalanmanın ardınca kütləvi istehlak edilən Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətlərinin də artırılacağından narahatlıq var:

«Aİ-95 və Aİ-98 benzinlər ölkəyə idxal edilir, məhdud dairə istifadəçisi var. Həmin benzinlər istehsalçı ölkələrin özlərində də bahalaşıb».

Müəllif hesab edir ki, Tarif Şurası həmişə Yeni il öncəsi ölkəni belə sürprizləri ilə «sevindirməyi» bacarır.

«Azərbaycanda Aİ-92 markalı benzinlə dizel yanacağının qiyməti arasında indiki kimi böyük fərq heç zaman olmayıb. Hazırda bu fərq 30 qəpikdir (Aİ-92 benzini dizel yanacağından bahadır-AR). Neft emalı zavodları üçün Aİ-92 markalı benzin istehsal etmək daha sərfəlidir. Odur ki, dizel yanacağı istehsalının həcmini azaldıblar. Son statistik məlumatlara görə, Azərbaycanda dizel yanacağının istehsal həcmi 7 faizdir», - deyə ekspert Natiq Cəfərli qəzetə bildirib.

Ekspert deyib ki, bütün yığım texnikası dizel yanacağı ilə işləyir, kənd təsərrüfatı məhsullarının dəyəri yanacağın qiymətindən çox asılıdır və bu, 30 faiz təşkil edir.

N.Cəfərli vurğulayıb ki, dizel yanacağının qiyməti artırılarsa, bu, zəncirvarı reaksiya kimi bir çox məhsul və xidmətlərin 15 faizə qədər bahalaşmasını qaçılmaz edəcək.

N.Cəfərlinin deməsinə görə, qiymət artımını qaçılmaz edən daha bir amil SOCAR-ın daxili borclarının artmasıdır.

Əli Məsimli
Əli Məsimli

SOSİALYÖNÜMLÜ XƏRCLƏRİN ARTIMI... 7.5 DƏFƏ GERİ QALIR

«Yeni Müsavat» qəzetində «Deputatdan hökumətə həyəcan təbili» sərlövhəli yazı oxumaq olar.

Müəllif deputat Əli Məsimlinin parlamentdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə yer verib. Deputat çıxışında büdcə layihəsində müsbət məqamlar olmasını vurğulayaraq, diqqəti başqa bir sıra məqamlara yönəldib. Ə.Məsimli deyib ki, gələn il ölkə iqtisadiyyatı dünya iqtisadiyyatı ilə müqayisədə aşağı sürətlə inkişaf edəcək:

«Hökumətin siyasətində orta perspektivdə iqtisadi artım templərinin dünya göstəricilərindən yüksək tutulmamasını mənfi qiymətləndiririk. Bu faktlar onu göstərir ki, iqtisadi və sosial göstəricilərin potensial səviyyəsinə çatması üçün Azərbaycanda ciddi islahatlara ehtiyac var».

Deputat hesab edir ki, 2013-cü ildən sonra iqtisadiyyatın neftdən asılılığının azaldılması siyasətinə keçilsə də, 2018-ci il büdcəsində neftdən asılılıq gücləndirilib. O, Neft Fondundan transfertlərin artırılmasını düzgün saymır.

Ə.Məsimli vurğulayıb ki, təqdimat sənədlərində 2018-ci il büdcəsi sosialyönümlü göstərilir, amma bu, göstəricilərdə əksini tapmır:

«Əsaslı xərclərin artım tempi büdcə xərclərinin artım tempini 2.8 dəfə üstələyir. Büdcə xərclərinin artım tempindən isə sosialyönümlü xərclərin artımı 7.5 dəfə geri qalır».

Ə.Məsimli hesab edir ki, daha bir problem vaxtı keçmiş kreditlərin təhlükəli həddi keçərək, 2 milyard manata yaxınlaşmasıdır. Deputatın fikrincə, hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində onu həll etmək şansını da itirməkdədir.

Fikrət Məmmədov
Fikrət Məmmədov

ÖLKƏDƏ 5 MİN 200 KİV VAR...

«Azərbaycan» qəzetində «Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsini yaşayır» sərlövhəli yazıda ədliyyə naziri Fikrət Məmmədovun fikirləri əks olunub. Bugün, noyabrın 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür.

Müəllif yazır ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə demokratik hüquqi dövlət qurulub. İctimai-siyasi həyatın bütün sahələrində islahatlar aparılıb.

Yazıda vurğulanır ki, H.Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ədliyyə sistemi davamlı inkişaf etməkdədir.

F.Məmmədov bildirib ki, nazirlik qanun yaradıcılığında fəal iştirak edərək, ötən bir ildə ölkənin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik 1300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlayıb. 2600-dən çox layihə hüquqi ekspertizadan keçirilib.

F.Məmmədov yazır ki, ölkədə 4100-dən artıq kommersiya qurumu və 5200-ə yaxın KİV qeydə alınıb.

Nazir vurğulayır ki, mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcmini artırıb:

«Ötən bir ildə icra işlərinin sayı 30 faiz artaraq 800 mini ötüb. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4000 nəfər inzibati məsuliyyətə cəlb olunub. 2700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb».

F.Məmmədov yazısında məhkəmə hakimləri ilə bağlı duruma da toxunub. Nazir bildirib ki, yol verilən nöqsanlara görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verilib. 6 məhkəmə sədri və 8 hakim də aşağı işə keçirilib.

XS
SM
MD
LG