Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:27

Erməni dissident aclıq aksiyası keçirir


Paruyr Hayrikian, 20 noyabr, 2017-ci il

Sovet dövrünün tanınmış dissident Paruyr Hayrikian Ermənistan Mərkəzi Seçki Komissiyasının “qeyri-konstitusion” davranışına etiraz olaraq aclıq aksiyası keçirir.

Hayrikian Milli Öz Müqəddəratını Təyinetmə Birliyinin sədidir, prezidentliyə namizəd də olub. O iddia edir ki, MSK ona konstitusiya islahatları üçün imzatoplama kampaniyası başlatmağa gərəkən sənədləri verməməklə ölkənin ali qanununu pozub.

*** Buna da bax: Ermənistanda prezidentliyə namizədə sui-qəsd olub

TƏLƏBLƏR

Həyatının 18 ilini sovet həbsxanasında keçirmiş Hayrikian 2013-cü ildə prezidentliyə namizəd olarkən güllələnib və yaralanıb. O, illərdir Ermənistan Konstitusiyasına dəyişikliklər tələb edir, deyir, bu dəyişikliklər ölkəni “tam demokratiya”ya aparar, “qüsurlu seçki sistemi səbəbindən heç bir vətəndaşın səsi itməz”.

Ermənistanın 2015-ci il referendumunda qəbul olunmuş yeni konstitusiyasının 202-ci maddəsinə görə, ali qanuna dəyişiklik təşəbbüsündən ötrü azı 200 min vətəndaşın imzası gərəkdir.

“Qəribə cavab almışıq, görünür, onlar ya 2015-ci il referendumunu tanımır və yeni konstitusiyanı qəbul etmirlər, ya da bu yeni sənədin qanuniliyini sual altında qoyurlar”, – Hayrikian deyib.

Hələlik, yeni konstitusiyanın heç də bütün maddələri qüvvəyə minməyib. Keçid dövrü maddələrinə görə, sözügedən dəyişiklik də Ermənistanın yeni prezidenti gələn yaz vəzifəyə keçincə hüquqi qüvvəyə minəcək.

*** Buna da bax: Ermənistan müxalifəti etirazlara başlayacağını deyir​

MSK-NIN İZAHI

Ancaq Hayrikian hələ də imzatoplama kampaniyası hüququndan yararlanmağa çalışır.

MSK sədri Tigran Mukuchian ötən həftəsonu AzadAvropa/AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Hayrikian-a imza toplamağa gərəkən sənədlərin verilməməsinin səbəbi referendumla bağlı mövcud qanunun belə bir proseduru nəzərdə tutmamasıdır.

Hayrikian ilk dəfə deyil siyasi tələblə aclıq aksiyası keçirir. 2014-cü ildə Ermənistan Rusiyanın rəhbərlik etdiyi ticarət blokuna qoşulmaq qərarı verəndə də o, oxşar etiraz formasına əl atmışdı.

O zaman Hayrikian bir həftə aclıq elədi, prezident Serzh Sarkisian-ın istefasını, hakimiyyətin avropapərəst qüvvələrə keçməsini tələb etdi.

Hazırda o, aclıq aksiyasını Yerevanda seçki komissiyası binasının önündə keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG