Almaniyanın kansleri Angela Merkel bazar ertəsi – noyabrın 20-də bildirib ki, üçtərəfli koalisiya yaratmaq cəhdləri alınmayıb. Bununla da Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya siyasi böhrana girib, artıq yeni seçkinin mümkünlüyündən danışılır.
“Reuters” informasiya agentliyi bir neçə təhlilçinin fikirlərini öyrənib:
Berenberg Bank-dan Holger Schmieding:
“Almaniya üçün bu, ciddi siyasi dilxorçuluqdur. Ancaq bunun fəsadları məhdudlaşdırılmalıdır. İqtisadiyyat elə yaxşı formadadır ki… Şirkətlər sərmayə artımını çox da kəsməyəcəklər, artım elə siyasi keçid zamanı da gedə bilər.
Almaniyanın qeyri-sabit Veymar respublikası dövründəki qısa tarixini nəzərə alsaq, almanlar azlıq hökumətlərini və təkrar seçkiləri dəyərləndirmirlər. Ancaq gələn ilin əvvəlində təkrar seçkilər bir variant kimi görünür. Bir neçə gün ərzində böyük partiyalara sabit razılaşma əldə etməkdən ötrü təzyiq böyük olacaq”.
DIW Alman İqtisadi Tədqiqat İnstitutundan Marcel Fratzscher:
“Yamayka partiyaları arasındakı danışıqlar Almaniyanı bir neçə həftə gərginlikdə saxlasa da, nəticəsiz qaldı… Ancaq heç də hər şey bitməyib. Yamayka partiyaları yenidən başlamağa cəhd etməlidirlər, çünki hamı bilir ki, yeni seçki olsa, ondan qazanmayacaqlar”.
Qeyd edək ki, Almaniyada Xristian Demokrat/Xristian Sosial Birliyi (CDU/CSU), Azad Demokratik Partiya (FDP) və Yaşıllar Partiyasının koalisiyasına “Yamayka koalisiyası” deyilir. Bu, bu partiyaların simvolik rənglərinin birlikdə Yamaykanın bayrağıyla üst-üstə düşməsiylə izah olunur.
Commerzbank-ın baş iqtisadçısı Joerg Kraemer:
“Qeyri-müəyyənlik iqtisadiyyat üçün zəhərdir. Ancaq Yamayka danışıqlarının iflası şirkətlərə şok yarada bilməz. Üstəlik, Almaniya iqtisadiyyatı indi çox yaxşı formadadır. Rəqabətlilik çox yüksəkdir və Avropa Mərkəzi Bankının sərbəst pul siyasəti tələbi stimullaşdırır. İqtisadiyyat o qədər dinamikdir ki, yolların bərbadlığından tutmuş internetin sürətinədək çoxsaylı problemlər belə indilik hiss olunmayacaq. Bu il 2 faizlik artım gözləyirəm”.
QC Partners şirkətində portfel meneceri Thomas Altmann:
“İndiki qeyri-müəyyənlik seçkidən sonrakından daha böyükdür… Seçkinin yenidən keçirilməsi bazarlara da böyük risk faktorudur. Ancaq heç kəs təkrar seçkinin necə keçəcəyini bilmir. Almaniya bir müddət siyasi baxımdan iflic ola bilər. Bu, təkcə Almaniya üçün deyil, bütün avrozona və Avropa Birliyi üçün pis xəbərdir”.