Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Azərbaycan Silahlı Qüvvələrində «NATO günləri» tədbiri keçirilir. Tədbiri NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupunun apardığı bildirilir.

Bu haqda bu gün, noyabrın 20-si Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti bu tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında, Azərbaycan Ali Hərbi Məktəbində və Hərbi Dəniz Qüvvələri komandanlığında olacaq.

«NATO günləri» çərçivəsində zabit heyətinə mühazirələr oxunacaq. Mühazirələr «NATO-nun komandanlıq strukturu», «Azərbaycan-NATO əməkdaşlığı», «Strateji öncəgörmə analizi», «NATO-Cənubi Qafqaz tərəfdaşlığı» və digər mövzularda olacaq.

Azərbaycan Silahlı Qüvvələrində «NATO günləri» noyabrın 25-dək davam edəcək.

XATIRLATMA

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Rəsmilər isə belə yanaşmanı qəbul etmir, Azərbaycanın balanslaşdırılmış xarici siyasət apardığını vurğulayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG