Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Prezidentlə müxalifətin kitab 'davası'-Media icmalı


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Son 14 ildə ölkədə baş verən iqtisadi proseslər, tikinti sektorundakı durum və prezidentin «müxalifətin kitabının bağlanması» haqqında fikirləri medianın aparıcı mövzularındandır...

«AVTORİTARİZMİN KİTABI AÇILIB»

Azadliq.info sayında «Bağlanmayan kitab» sərlövhəli yazı oxumaq olar.

Müəllif dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə bağlı keçirilən mərasimdə müxalifətin ünvanına dediyi «onların kitabı çoxdan bağlanıb» ifadəsinə yozum verir. Yazıda bildirilir ki, həmin ifadədən bir neçə nəticələr çıxır:

«Əvvəla, bir ölkədə müxalifətin kitabı bağlanıbsa, deməli, həmin ölkədə azad sözün, fərqli fikrin, şəffaf seçkinin, sağlam tənqidin də «kitab»ı bağlanıb. Yəni, «müxalifətin kitabı bağlanıb» demək, «avtoritarizmin kitabı açılıb»ın etirafıdır. Normalda hökumətlər müxalifətə geniş imkanlar tanıdıqları üçün öyünürlər. Bizdə isə müxalifətin kitabını bağlamaq qəhrəmanlıq sayılır».

Müəllif hesab edir ki, əslində ölkədə hökumətin cavabdeh olduğu bir çox sahədə işlər qaydasında getmir:

«Bu ölkədə hüququn, seçkinin, təhsilin, səhiyyənin, ədalətin, azadlığın kitabı bağlanıb. Bu ölkədə minlərlə arzuların, talelərin kitabı bağlanıb».

Yazıda vurğulanır ki, insanların siyasi əsaslarla həbsi, hakimiyyətin korrupsiyaya görə tənqid edilməsi, minlərlə insanın meydanlarda etirazı göstərir ki, bu ölkədə müxalifət hələ də «kitab yazmaq»la məşğuldur:

«Bəli, normal hökumət «jurnal»ı buraxa bilməyənlər, müxalifətin kitabını bağlaya bilməzlər. Müxalifətçinin iş yerini bağlayırlar, azadlığını bağlayırlar, amma kitabını bağlaya bilmirlər».

Müəllif sonunda da yazır ki, məqsəd kitabları bağlamaq yox, açmaq olmalıdır:

«Bu ölkə kitabı bağlanmayanların sayəsində azad olacaq».

Tikinti
Tikinti

«TİKİNTİDƏ CANLANMA VAR, AMMA...»

«Yeni Müsavat» qəzetindəki «Bakının tikinti sektorunda canlanma» sərlövhəli yazıda ölkənin tikinti bazarındakı durum ekspertlərlə müzakirə edilir.

Yazıda bildirilir ki, dövlət tikinti sektorunda inkişafı təmin etməkdən ötrü dəstək tədbirlərini davam etdirir .»Pilot Layihə» çərçivəsində azmərtəbəli, qəzalı, yararsız tikililərin sökülərək yerində çoxmərtəbəli yeni binaların tikilməsi bu dəstəyin birbaşa nümunəsidir:

«Bu proqram beş il ərzində Bakı şəhərində 1094 yaşayış binasının (893 min kvadratmetr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünü və 49614 sakinə daha çox yaşayış sahəsi təklif etməklə onların köçürülməsini nəzərdə tutur».

«MBA Group» konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, 2015-2016-cı illərdə ay ərzində bir-iki binanın təməli qoyulurdusa, indi dörd-beş binanın inşasına başlanır:

«Neft qiymətlərinin artımı, manatın məzənnəsindəki sabitlik, maliyyə sahəsinin durğunluqdan çıxması investorlarda inam yaradıb və onlar bu sektorda fəaliyyətlərini intensivləşdiriblər. Deməzdim ki, 201-2014-cü illərdəki aktivlik var, amma, az da olsa, canlanma hiss olunmaqdadır».

«Əmlak» Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə hesab edir ki, tikinti sektorunda durum heç də ürəkaçan deyil:

«Dövlətin bir neçə istiqamətdə dəstək tədbirləri həyata keçirməsi müəyyən aktivlik yaradır. Lakin 2013-2015-ci illərlə müqayisədə 2016-2017-ci illərdə tikinti sektorunda azalma hələ də müşahidə edilir. Bunun da əsas səbəbi ümumi makroiqtisadi vəziyyət, maliyyə-bank sektorundakı böhrandır. Söhbət özəl şirkətlərin birbaşa sektorda iştirakından gedir, dövlət dəstəyi ilə olan layihələrdən deyil. Bu baxımdan, tikinti sektorundakı hazırkı vəziyyət qeyri-qənaətbəxşdir».

Mərkəz rəhbəri hesab edir ki, bu sahədə ciddi canlanmaya nail olmaqdan ötrü ölkədə ümumi iqtisadi aktivlik artmalıdır. Üstəlik, bu sektora müəyyən vergi-rüsum güzəştləri tətbiq olunmalıdır:

«İpoteka kreditləri üçün vəsaitlərin artırılması ümumilikdə bazarda müəyyən canlanma yaradacaq. Lakin onun sektorda əhəmiyyətli dirçəlişə gətirəcəyini düşünmürəm».

İlham Əliyev
İlham Əliyev

«SÜRƏTLİ İSLAHATLAR ÖLKƏSİ»

«Azərbaycan» qəzetində «İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır» sərlövhəli yazı yer alır.

Yazıda hazırkı prezident İlham Əliyevin 14 ilik hakimiyyəti dəyərləndirilir. Müəllif yazır ki, bu müddət ərzində ölkəyə 225 milyard dollar həcmində investisiya yatırılıb. Hazırda ölkənin 42 milyard dollarlıq strateji valyuta ehtiyatları var.

Yazıda vurğulanır ki, 14 il ərzində 6 beynəlxalq hava limanı, 438 ədəd körpü və tunel inşa edilib.

Müəllifə görə, 270 gəmidən ibarət iri ticarət donanması, 7 sənaye parkı, 2 sənaye məhəlləsi, yüzlərlə fabrik-zavod və logistik mərkəzlər hazırda ölkənin qüdrətini göstərir.

Yazıda bildirilir ki, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli kredit verilib:

«Bütün bunlar müstəqilliyinin cəmi 26 yaşı olan Azərbaycan dövlətinin son 14 ildəki uğurlarıdır. Bu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsinin təsdiqidir».

Müəllif vurğulayır ki, son 14 ildə Azərbaycan keyfiyyətcə yeni və sürətli inkişaf mərhələsinə daxil olub. Yazıda prezident İlham Əliyevdən belə bir sitat da gətirilir:

«Biz özümüz üçün güclü dövlət qururuq ki, hər bir kəs Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin».

XS
SM
MD
LG