Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:35

İcra hakimiyyəti: 'Hələlik evlər sökülməyib, amma...'


Tikinti. Foto arxiv

«Şəki rayonunun «Çölyol» adlanan ərazisində evlər sökülməyib. Bu ərazidə yarımçıq tikililərin dayandırılması tələb edilib».

Bunu Şəki Rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, həmin ərazidə tikilən evlər qanunsuzdur, torpaqlar isə dövlət fonduna aiddir:

«Bu, təqribən 2008-ci il və bir qədər də irəli gedən tarixdə tikilən evlərdir. Əhaliyə ucuz torpaq adı ilə dövlət fonduna aid torpaqlar satılıb. Sadə insanlar isə bu torpağın hansı mülkiyyətə aid olması ilə maraqlanmayıblar».

İcra hakimiyyətindən bildirilib ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı rayonda işlər görülməlidir:

«Ərazilər lazımdır. Dövlət aqrar sənayeni inkişaf etdirmək siyasəti yürüdərək, komplekslər tikmək istəyir və bunun üçün dövlət fonduna aid torpaqlardan istifadə edilir. Həmin torpaqlarda isə fərdi evlər tikilib. Hələlik evlər sökülməyib, amma ehtiyac olacaqsa, bu evlər də sökülə bilər. Belə ki, dövlət mənafeyi hər şeydən üstündür. Amma insanları da qınamırıq, vaxtilə buna yol verən vəzifəli şəxslər belə məsuliyyətsizliyə yol verdiklərinə görə cəzalandırılmalıdır».

XATIRLATMA

İki gün öncə, noyabrın 15-i Şəki şəhərində «Çölyol» deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etiraz etdikləri bildirilirdi. Ərazidə yaşayanların yolu bağlamağa cəhd göstərdikləri deyilirdi. Verilən məlumata görə, hadisə yerinə xeyli sayda polis qüvvələri də cəlb edilmişdi.

Sakinlər deyirdilər ki, «Çölyol» deyilən ərazi səfalı bir yerdir. Həmin yerin hansısa oliqarxa satıldığından ehtiyatlanırlar.

Sonradan verilən məlumata görə, polis sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib. Dörd nəfər saxlanıb.

Şöbədə etiraz edən sakinlərdən dördü haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq), 513 (toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunduğu deyilirdi.

Verilən məlumata görə, Şəki Şəhər Məhkəməsinin qərarı ilə narazı vətəndaşlardan Şamxal İslamova 20 sutka inzibati həbs cəzası verilib. Mahmud AbdullayevAnar Fədiyevin hər birinin 600 manat, adının açıqlanmasını istəməyən daha bir yerli sakinin isə 500 manat cərimələndiyi bildirilirdi.

Ancaq bu deyilənləri rayonun rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG