Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:47

Noyabrın 16-da Londonda araşdırmaçı-jurnalist Xədicə İsmayıla Sergey Maqnitski adına İnsan Haqları Mükafatının verildiyi açıqlanıb. Jurnalistin ölkədən çıxışına icazə verilmədiyindən, o, təqdimat mərasiminə «Skype» vasitəsi ilə qatılıb.

Bu barədə Xədicə İsmayıl məlumat verib.

Jurnalist bu mükafata korrupsiya ilə bağlı araşdırmalarına görə layiq görülüb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə 2016-cı il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.

Məhkəmə ona ittiham olunduğu iki maddə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) - üzrə bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə - 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) - üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib. Ancaq onun ölkədən çıxışına icazə verilmir.

Üstəlik, jurnalist bu günlər açıqlayıb ki, onun «Kapital Bank»dakı hesabına həbs qoyulub. O vurğulayıb ki, bu, Vergilər Nazirliyinin tələbi əsasında gerçəkləşib.

«Noyabrın 27-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində bu məsələ ilə bağlı məhkəmə baxışı olacaq. Məhkəmə qərar verənədək bank hesablarımda həbs olacaq», – jurnalist bildirib.

X.İsmayıl son illər bir neçə nüfuzlu mükafatlara layiq görülüb. O, dünyada azadlıq mesajını yayan jurnalist kimi 2016-cı il UNESCO-nun Gilyermo Kano Dünya Mətbuat Azadlığı Mükafatına layıq görülüb.

Bu il sentyabrın 26-da X.İsmayıl «Nobel mükafatına alternativ» - «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanıb.

Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatının qalibi də X.İsmayıl elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG