Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Ölkənin səhiyyəsi 'xəstələnib'-Media icmalı


TV studiyası
TV studiyası

Ölkədə tolerantlığın səviyyəsi, səhiyyənin durumu və yeni televiziya kanalından gözləntilər bu gün (16 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

«UCUZ TƏBLİĞATDA QAZANC GÜDMƏK...»

Azadliqinfo.az saytında «Azərbaycan «Euronews»u yaratmaq avantürası milyonlar aparacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda yeni televiziya kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurası (MRTŞ) müsabiqə elanı verib.

Müəllif hesab edir ki, Şuranın budəfəki elanı ənənəvi televiziya kanalı formatında yox, sırf yeni konsepsiya ilə fəaliyyət göstərəcək kanalın yaradılmasından xəbər verir:

«Əldə etdiyimiz məlumata görə, söhbət dünyada artıq çoxdan mövcud olan, özünü doğrultmuş bir layihənin ölkədə tətbiqindən gedir. Belə ki, dünyada fəaliyyət göstərən «Euronews», CNN, BBC, NTV, «Rossiya 24», «Əl Cəzirə» kimi sırf xəbər kanallarının milli versiyasının yaradılması nəzərdə tutulub».

Yazıda bildirilir ki, bununla da, həmin xəbər TV-si vasitəsilə Azərbaycan dünya informasiya mübarizəsinə qoşulmuş olacaq. Amma müəllifə görə, bu, heç də asan görünmür. Yazıda vurğulanıb ki, Azərbaycanda teleməhsul istehsalı çox aşağı səviyyədədir. Müəllif hesab edir ki, bu ideyanın arxasında, həmişə olduğu kimi, sırf maddi maraqların da mövcudluğu şübhə doğurmur.

Yazıda bildirilir, Azərbaycanda hakimiyyət teleməkandan ucuz təbliğat vasitəsi kimi istifadə edir. Bu isə peşəkar jurnalistikaya yol vermir.

Əməliyyat
Əməliyyat

AZƏRBAYCAN SƏHİYYƏSİNƏ İNAM VARMI

«Novoye Vremya» qəzetində «Əgər səhiyyə «xəstə»dirsə onda nə etməli?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, Azərbaycanda səhiyyənin vəziyyəti getdikcə pisləşir. Artıq bu durum xarici ölkələrin də diqqətini cəlb edir. Müəllif vurğulayıb ki, bəzi ölkələr öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaq və apteklərdən mümkün olduğu qədər dərman almamaqla bağlı tövsiyələr veriblər. Yazıda əcnəbilərin ölkə səhiyyəsinə belə münasibət göstərməsi heç də təsadüf sayılmır. Müəllif xatırladır ki, ötən il Azərbaycanda cərrah xəstənin iltihablı ayağını qoyub sağlam ayağını kəsmişdi.

Yazıda bildirilir ki, son vaxtlar ölkədə müasir tibbi avadanlıqlarla təchiz edilən onlarla tibbi müəssisəsi açılıb. Amma müəllifin fikrincə, tibbi xidmətin səviyyəsi heç də artmır:

«Maraqlıdır ki, tibb müəssisələri nə qədər təmtəraqlıdırsa, sadə vətəndaşlar üçün o qədər də əlçatmazdır, Konstitusiyaya görə isə, dövlət müəssisələrində tibbi xidmət pulsuz olmalıdır».

Müəllif hesab edir ki, əslində Azərbaycan vətəndaşı da yerli səhiyyəyə etibar etmir. İldə 100 minlərlə vətəndaş müalicədən ötrü xarici ölkələrə üz tuturlar. Yazıda bildirilir ki, onların arasında məmurlar da yer alır.

Müəllif vurğulayıb ki, ölkədə peşəkar həkimlər var. Amma aşağı maaş və səhiyyədəki qüsurlar bu peşəkarlığı heçə endirir. Yazıda bildirilir ki, bəzi bacarıqlı mütəxəssislər Azərbaycanı tərk edərək xaricə gedirlər.

Müəllif hesab edir ki, önəmli olan tibb klinikalarının sayı yox, tibbi xidmətin keyfiyyətidir. Səhiyyə Nazirliyinin rəhbərliyi də tənqidlərdən nəticə çıxarmalıdır.

Bakıda Qurban bayramı namazı
Bakıda Qurban bayramı namazı

TOLERANTLIQ NÜMUNƏSİ-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycanda bütün dinlərə və fərqli mədəniyyətlərə eyni qayğı ilə yanaşılır» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü qeyd edilir.

Yazıda bildirilir ki, Azərbaycanda da qeyd olunan bu gün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib:

«Həmin gün UNESCO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. Məqsəd, qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır».

Sənədə görə, dövlət səviyyəsində dözümlülük qanunçuluğa, məhkəmə-prosessual və inzibati normalara əməl edilməsidir. Hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmalıdır.

Müəllif bildirir ki, ölkədə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlər keçmiş prezident Heydər Əliyevin adı ilə bağlıdır:

«Ümummilli lider multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Azərbaycan cəmiyyəti daxilində milli, dini, məzhəblərarası məsələlərə, dövlət-din münasibətlərinin tənzimlənməsinə hər zaman xüsusi diqqət yetirirdi».

Yazıda bildirilir ki, tolerantlıq, multikulturalizm kimi ümumbəşəri önəm kəsb edən dəyərlər məhz Azərbaycanın nümunəsində dünya miqyasında analoqu olmayan bir fenomenə dönüb.

Yazıda bildirilir ki, bu siyasət indi də ölkədə davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda «Multikulturalizm ili» elan edilib.

Müəllif vurğulayıb ki, hazırda ölkədə 2 mindən çox məscid, 7 yəhudi sinaqoqu, 13 xristian kilsəsi fəaliyyət göstərir.

XS
SM
MD
LG