Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:26

Yuxarı məhkəmə də Gözəl Bayramlını buraxmadı


Gözəl Bayramlı

Noyabrın 15-i Bakı Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlını ev dustaqlığına buraxmamaq haqda qərarını qanuni sayıb.

Bunu AzadlıqRadiosu-na AXCP sədrinin həbsdəki müavininin vəkillərindən Zübeydə Sadıqova bildirib.

Vəkilin deməsinə görə, noyabrın 7-si Nəsimi Rayon Məhkəməsi G.Bayramlının həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti rədd edib. Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

Şikayətə Rizvan Səfərovun sədrlik etdiyi məhkəmə heyəti baxıb.

Məhkəmə şikayətin əsassız olduğu qənaətinə gəlib, rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Z.Sadıqova qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.

G.Bayramlının ev dustaqlığına buraxılmasından üçüncü dəfədir ki, imtina edilir.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

G.Bayramlının istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb. İstintaq artıq bitib. Vəkillər cinayət işinin materialları ilə tanış olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG