Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:25

Mərkəzi Bank uçot dərəcəsini yenə dəyişmədi


Mərkəzi Bank

Mərkəzi Bankın İdarə Heyəti bu gün, noyabrın 15-i uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Uçot dərəcəsi 15, dəhlizin aşağı həddi 10, yuxarı həddi isə 18 faizdir.

Mərkəzi Bank bildirir ki, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir. Bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır.

«Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar (pul-kredit) şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı və bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir edib. Qiymət stabilliyi üzrə orta- və uzunmüddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir», - məlumatda vurğulanır.

Mərkəzi Bank bildirir ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən iqtisadi aktivlik nəzərə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən vurğulanır ki, 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım baş verib.

CARİ İLİN 9 AYINDA...

Məlumatda bildirilir ki, nəzərə alınan amillərdən biri də xarici balans və valyuta bazarıdır.

«İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.5 mlrd. ABŞ dolları çoxdur», - məlumatda qeyd edilir.

Mərkəzi Bank bildirir ki, ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları artaraq, 42 mlrd. ABŞ dollarını ötüb. Üstəlik, manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4 faiz möhkəmlənib.

Mərkəzi Bank vurğulayır ki, bu məsələdə daha bir vacib amil monetar şəraitdir. 2017-ci ilin 10 ayında manatla pul bazası 8.5 faiz artıb.

Mərkəzi Bank inflyasiya proseslərinin də üzərində dayanır. 2017-ci ilin 10 ayında orta illik inflyasiyanın 13.7 faiz təşkil etdiyi bildirilir.

Məlumatda vurğulanır ki, Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə gələn il fevralın 15-də müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG