Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Şərabçılığın ən qədim izləri Gürcüstanda tapılıb


Gürcüstanda şərab hazırlamağa üzüm yığılır
Gürcüstanda şərab hazırlamağa üzüm yığılır

Dünyada üzümdən şərab çəkilməsinə dair izlər Gürcüstanda 8 min illik saxsı qablarda aşkarlanıb. Bu, şərabçılığın indiyədək bilinən tarixini min il də geri atır. Bunu tədqiqatçılar noyabrın 13-də açıqlayıblar.

İndiyədək şərabçılığın ən qədim izi Yaxın Şərqdə, İranın Zaqros dağları yaxınlığında tapılmışdı, eramızdan 5 min 400 – 5 min il əvvələ aiddi. ABŞ-ın “Proceedings of the National Academy of Sciences” adlı dərgisində yayılmış hesabatda belə deyilir.

Dünyada şərabın ilk dəfə Çində 9 min il öncə düyüdən hazırlandığı bildirilir. Üzümdən hazırlanan spirtli içkiysə daha sonra İranda tapılıb. Gürcüstanda aşkarlanan qalıqlar eramızdan 6 min il əvvələ aiddir, tədqiqatçılar bildirirlər.

“İnanırıq ki, bu, Avrasiyada şərab istehsalından ötrü üzümçülüyün salınmasına ən qədim sübutdur”, – Toronto Universitetində baş tədqiqatçı, hesabatın həmmüəllifi Stephen Batiuk deyib.

QVEVRİ METODU

Gürcüstan hazırda Vitis vinifera adlı üzüm növündən istifadə etməklə regionda ən böyük şərab istehsalçısıdır.

“Bu şərab bu gün Gürcüstanda istifadə olunan ənənəvi qvevri metoduna oxşar metodla hazırlanıb, salxımlar əzilir, meyvəsi, saplağı və tumlar birlikdə qıcqırmağa qoyulur”, – Batiuk söyləyib.

*** Buna da bax: Gürcüstanda şərab turizmi geniş yayılır

Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze də araşdırmaya kömək edib. Onun sözlərinə görə, bu gün Gürcüstanda şərab qədim qvevri saxsı qablara oxşar qablarda hazırlanır, bu qabların hündürlüyü 80, eni 40 santimetrdir.

Araşdırma komandasına ABŞ, Kanada, Danimarka, Fransa, İtaliya, İsrail və Gürcüstandan tədqiqatçılar daxil olub. Onlar dörd il idi ki, onillər öncə tapılmış arxeoloji saytları yenidən təhlil edirdilər.

Saxsı çəllək fraqmentlərinin bəzilərinin üstündə üzüm təsvirləri də var, 300 litrədək içki tutur. Bu qalıqlar Gadachrili Gora və Shulaveris Gora adlı iki arxeoloji ərazidə, paytaxt Tbilisidən 50 kilometr cənubda aşkarlanıb.

AZƏRBAYCANIN DA ADI ÇƏKİLİR

“Dünyada hazırlanan şərabın 99,9 faizini Avrasiya şərabı təşkil edir və onun kökləri də Qafqaza gedib çıxır”, – Batiuk belə deyib.

“Alkoqol indiki kimi, keçmişdə də cəmiyyətlərdə vacib rol oynayıb. Şərab, Qərbdəki kimi, sivilizasiyanın mərkəzində durur”, – o, sözlərinə əlavə edib.

Ancaq araşdırmanın digər aparıcı müəllifi Patrick McGovern şərabçılıq tarixinin izlərinin aşkarlanmasından ötrü araşdırmaların davam edəcəyini bildirib.

“Cənubi Qafqazda digər yerlərdə – Ermənistanda və Azərbaycanda tədqiqatlar şərabçılığın Gürcüstandakından da qədim tarixini ortaya qoya bilər”, – o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin şərqindəki Taurus dağlarında da gələcəkdə araşdırmalar aparılması mümkündür.

XS
SM
MD
LG