Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

'İkinci çörək' istehsalı azalır-Media icmalı


Kartof
Kartof

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, parlamentdə hakimlərin sayının artırılması ilə bağlı təklifin səslənməsi və ölkədə kartof istehsalının azalması bu gün (14 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

«AĞ QIZIL» «İKİNCİ ÇÖRƏYİ» VURDU

Azadliq.info saytında «Kartof istehlakında da sonuncu yerdəyik» sərlövhəli yazı oxumaq olar.

Yazıda başlığa çıxarılan mövzu ilə bağlı ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.

V.Məhərrəmli deyib ki, hökumət «ikinci çörək» adlandırılan kartof istehsalında da geriləməyə yol verib. Azərbaycan özünün kartofa olan tələbatını daxili istehsal hesabına ödəyə bilmir:

«Xatırladım ki, son 5 ildə ölkəyə kartof idxalı fiziki çəkidə 2.7 dəfə, dəyər ifadəsində isə 6.4 dəfə artıb. Belə ki, 2011-ci ildə ölkəyə 5.2 milyon dollar dəyərində 67.4 min ton kartof idxal olunmuşdusa, 2016-cı ildə 33.7 milyon dollar dəyərində 182.9 min ton kartof idxal olunub. Bu müddət ərzində kartof ixracı kəskin şəkildə azalıb».

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ekspert deyib ki, 2011-ci ildə Azərbaycan 91.7 min ton kartof ixrac edib. 2016-cı ildə bu göstərici 2.7 dəfə azalaraq 38.2 min ton təşkil edib.

V.Məhərrəmli vurğulayıb ki, 2017-ci ildə pambıq ərazilərinin genişləndirilməsi kartofçuluqdan da yan keçməyib. Onun bildirməsinə görə, 2016-cı ilə nisbətən 2017-ci ildə kartof əkilmiş sahələr 2 min hektar azaldılıb.

Ekspert hesab edir ki, artıq ölkənin kartofçuluq sahəsində də idxaldan asılı vəziyyətdə düşdüyünü söyləmək olar:

«İstehlakçılara təklif olunan kartof, əsasən, Rusiyadan, İrandan, Gürcüstandan və digər ölkələrdən gətirilir. Adambaşına kartof istehlakına görə Azərbaycan hətta MDB ölkələri sırasında axırıncı yeri tutur».

V.Məhərrəmli deyib ki, MDB ölkələrinin əksəriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə inkişaf edir.

Ekspert vurğulayıb ki, adambaşına kartof istehlak norması 124 kiloqramdır. Azərbaycan əhalisi isə adambaşına ancaq 94 kiloqram kartof istehlak edir.

Məhkəmə zalı
Məhkəmə zalı

SAY YOX, İSLAHAT LAZIMDIR

«Novoye Vremya» qəzetində «İslahatlar lazımdır, hakimlərin sayının artırılması yox» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Azərbaycanda məhkəmə çəkişmələrində hüquqi alət olan nümayəndəlik institutu məhdudlaşdırılıb. Müəllifin fikrincə, bunun ağır nəticələri gözlənilir:

«Bu məsələ cəmiyyətdə qızğın diskussiyalara yol açdı. Belə ki, Azərbaycanda əhalinin sayı ilə münasibətdə vəkillərin sayı azdır. Təqribən hər 10 min vətəndaşa 1 vəkil düşür. Bu və ya digər şəkildə çoxları hüquqi müdafiəsiz qalacaq. Amma bu deputat korpusunu narahat etmədi».

Yazıda bəzi deputatların hakimlərin sayının artırılması ilə bağlı təklifinə də münasibət bildirilir.

Müəllifin bildirməsinə görə, deputat Qüdrət Həsənquliyev deyib ki, əhalinin hər min nəfərinə düşən hakimlərin sayı ilə bağlı Azərbaycan Avropa ölkələrindən hələ çox geridə qalır. Deputata görə, onların sayı iki dəfə artırılmalıdır.

Müəllif isə hesab edir ki, saydan da önəmli bu sahədə islahatların aparılmasıdır:

«İlk növbədə ədalət mühakiməsinin keyfiyyəti təmin olunmalıdır. Məhkəmə sisteminin modernləşdirilməsi təkcə hakimlərin sayının artırılması ilə məhdudlaşdırılmamalıdır. İslahatlara daha geniş anlamda yanaşmaq lazım gəlir. İslahatlarının son məqsədi isə məhkəmələrin tam müstəqilliyi və hakimlərin daha çox ədalətli qərarlar verməsi olmalıdır».

Müəllifə görə, bu sahədə korrupsiyanın da qarşısı alınmalıdır:

«Məhkəmə orqanları korrupsiyaya uğrayıbsa, hətta hakimlərin sayının üç dəfə artırılması bürokratik aparatın böyüməsindən başqa heç nə verməyəcək».

Kolbasa
Kolbasa

QİDA TƏHLÜKƏSİZLİYİ

«Azərbaycan» qəzetində «Ekspert: Qida Təhlükəsizliyi Agentliyinin (QTA) yaradılması vətəndaşların keyfiyyətli məhsullarla təminatına xidmət edəcək» sərlövhəli yazı yer alır. Yazıda yeni yaradılan bu qurumla bağlı ekspert Ramil Hüseynin dəyərləndirməsinə yer verilib.

Müəllif yazır ki, ölkədə struktur islahatları davam edir və QTA yaradılması bunun tərkib hissəsidir.

Yazıda vurğulanır ki, qurumun fəaliyyətinin təmin edilməsindən ötrü noyabrın 13-də əsasnaməsi imzalanıb. 2018-ci ildən onun fəaliyyətə başlaması gözlənilir.

«Agentliyin yaradılmasında müasir çağırış və yeni təşəbbüslər nəzərə alınıb. Həmçinin, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini, optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq», - deyə ekspert R.Hüseyn bildirib.

Ekspertə görə, bu sahədə vahid idarəetmənin tətbiqi resurslara qənaətə, istehlakçı maraqlarının müdafiəsinə, idxal-ixrac prosesində sənədləşmənin asanlaşmasına və sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına səbəb olacaq.

R.Hüseyn deyib ki, bu, qida təhlükəsizliyinə nəzarət sahəsində paralelçiliyi aradan qaldıraraq səmərəli tənzimləmə sistemi qurulmasına imkan verəcək:

«Ümumiyyətlə, qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək».

XS
SM
MD
LG