Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:01

Ülvi Həsənlinin şikayəti yenə təmin edilməyib


Ülvi Həsənli

Bu gün, noyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin sədrliyi ilə hərbi xidmətə aparılan gənc fəal Ülvi Həsənlinin işindən verilən şikayətə baxılıb.

Müdafiə tərəfi gəncin qanunsuz saxlandığını və onun həmin zaman insan ləyaqətini alçaldan rəftara, işgəncəyə məruz qaldığını bildirir.

Ancaq vəkil Elçin Sadıqov bildirir ki, şikayət təmin edilməyib. Vəkilin deməsinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinin qərarında verilmişdi.

Müdafiə tərəfi bu məhkəməyə müraciət edərək, gəncin qanunsuz saxlandığını və onun insan ləyaqətini alçaldan rəftara, işgəncəyə məruz qaldığını bildirmişdi. Noyabrın 3-də Bakı Hərbi Məhkəməsi şikayəti qəbul etməmişdi.

«Hərbi məhkəmə əvvəlcə Ülvi Həsənlinin məhkəməyə gətirilməsi üçün məktub göndərdiyini bildirsə də, sonradan onun iştirakını təmin etmədi. Ü.Həsənli isə yoldan yenidən hərbi hissəyə qaytarılıb», - vəkil E.Sadıqov deyir.

Vəkilin bildirməsinə görə, bu gün, noyabrın 13-də də Apellyasiya Məhkəməsində 8 vəsatət qaldırıb. Bu vəsatətlərdə Ü.Həsənlinin hərbi xidmətə aparılmasının qanuni olub-olmaması və ona qarşı kobudluğa yol verilib-verilməməsinin aydınlaşdırılması istənilib:

«Apellyasiya Məhkəməsi vəsatətlərin heç birini təmin etmədi və Bakı Hərbi Məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxladı».

Vəkil baş verənlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəklərini bildirib.

Dünən, noyabrın 12-də Ü.Həsənlinin hərbi hissələrin birində hərbi and içdiyi bildirilmişdi.

XATIRLATMA

İctimai-siyasi fəal gənclərin birliyi olan NİDA Vətəndaş Hərəkatının fəalı Ü.Həsənli oktyabrın 26-sı hərbi xidmətə aparılıb. Bununla bağlı hərəkat məlumat yaymışdı.

Məlumatda vurğulanırdı ki, müayinədən ötrü getdiyi xəstəxanada onu hərbi polis saxlayıb.

Verilən məlumata görə, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ü.Həsənli sonuncu dəfə bu ilin əvvəlində tibbi müayinədən keçib. Ona 2019-cu ilədək möhlət hüququ verilib.

Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər.

«Hərbi Komissarlıqda təkrar müayinə zamanı onun böyrəyində daş və iltihab olduğu təsdiqlənsə də, Ülvi Həsənliyə əlavə müayinələr təyin olunub», – deyə hərəkatın açıqlamasında qeyd edilirdi.

Oktyabrın 25-i keçirilən əlavə müayinələr zamanı isə onun böyrəyinin sağlam olduğu bildirilib.

Hərəkatdan həmçinin vurğulayıblar ki, Ü.Həsənli sağlıq durumu imkan verdiyi halda, hərbi xidmətə hazır olub.

Vəkillərinin deməsinə görə isə, Ü.Həsənli deyib ki, ona saxlanarkən fiziki güc tətbiq edilib.

Ancaq əlaqəli rəsmi qurumlardan gəncin işgəncəyə məruz qalması ilə bağlı deyilənlərə hələ ki, münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG