Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

'Ölkə təkər qaraldan, ofisiantlıq edən alitəhsilli gənclərlə doludur'-Media icmalı


Mobil laboratoriyaların aqrar sahədə rolu, neftdən gələn pulların istifadəsi və İraqda 200-ə yaxın Azərbaycan qadının İŞİD-lə əlaqədə şübhəli sayılaraq saxlanması iddialarına cəmiyyətin müxtəlif təbəqələrinin münasibəti medianın aparıcı mövzularındandır...

NEFTDƏN AZƏRBAYCAN İNSANINA ÇATANLAR...

Azadliq.info saytında ««İnsan kapitalı» İlham Əliyevin ağlına haradan gəlib?» sərlövhəli yazı oxumaq olar.

Yazı müəllifi dövlət başçısı İlham Əliyevin bu yaxınlarda çıxışlarının birində «Biz neft kapitalını insan kapitalına çevirdik» fikrini dəyərləndirib.

Müəllif vurğulayır ki, ölkədə insan kapitalı yaratmaq dövlətin boynunun borcudur və bundan ötrü onun büdcəsində vəsait də ayrılır:

«Hələ 1992 ildə, insan kapitalının effektivliyi ilə bağlı araşdırmalarına görə Nobel mükafatı alan Bekker insana yatırımların, əsasən, onun təhsil və təlim xərclərindən ibarət olduğunu deyirdi. İndi gəl baxaq Azərbaycanda təhsilin və professional ixtisas təliminin vəziyyətinə...».

Yazıda bildirilir ki, həmin məqsədlə büdcədən çox az vəsait ayrılıb. Onun da necə xərcləndiyini hamı bilir.

«Siz insan kapitalına dollar qoymaqdan danışmağı özünüzə necə sığışdırırsınız? Necə ayıb bilmirsiniz ki, orta və ali təhsili az qala 100 faiz ödənişli etmisiniz?

Ölkə maşın yuyan, təkər qaraldan, taksiçilik, ofisiantlıq edən alitəhsilli gənclərlə doludur. Budur sizin yaratdığınız insan kapitalı?

Sizin xəbəriniz varmı ki, BMT 2000 ildən bəri «İnsan kapitalı» anlayışına insanın yeməyini, geyməyini, sağlamlığını, mədəniyyətini də daxil edib? 155 manatlıq minimal istehlak səbəti ilə qalırsız o kapitalın qayğısına ki, heç yaşlı insanların aspirin-kardiosunun pulu etmir?».

İRAQ MÜƏMMASI

«Yeni Müsavat» qəzetində «İraqda saxlanılan 200 azərbaycanlı qadın müəmması» sərlövhəli yazı diqqət çəkir.

Yazıda yeri və xarici KİV-lərdə İraqda 200-ə yaxın Azərbaycandan gedən qadının İŞİD-lə əlaqədə şübhəli sayılaraq saxlanması ətrafında məlumatlara cəmiyyətin müxtəlif təbəqələrinin mövqeləri təqdim edilir.

Müəllif xatırladır ki, İraqın Müdafiə Nazirliyi rəsmi mənbələrdə məlumatı təkzib etsə də, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Ramiz Qafarov iddiaların araşdırıldığını bildirib.

Mövzu ilə bağlı «Yeni Müsavat»a danışan deputat Məlahət İbrahimqızı məsələnin çox mürəkkəb olduğunu deyib:

«Çünki burada cinayət tərkibli, terrora dəstək, məcburi insan alveri və sairə var. Ona görə də bu barədə indi heç nə demək olmur. İstənilən halda, məsələ ilə bağlı aidiyyəti qurumlar, təşkilatlar, hər iki ölkənin xarici işlər nazirliklərinin təmsilçiləri araşdırmalar aparacaq və buna uyğun qərar qəbul olunacaq. Əgər onlar doğrudan da insan alverinə məruz qalıb, girov götürülüblərsə, təbii, başqa qərarlar qəbul ediləcək. Yox əgər onlar könüllü İraqa gediblərsə, deməli, cinayətkarlardır. Əgər yeniyetmə yaşlarında olsa idilər, deyə bilərdik ki, məcburi oğurlanıblar...».

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər də məsələnin bir neçə tərəfi olduğunu vurğulayıb:

«Məsələnin diplomatik, hüquqi, mənəvi əxlaqi tərəfi var. Ona görə də bu, xüsusi bir məsələdir. Bu baxımdan Azərbaycan bir dövlət olaraq hansı vəziyyətdə olursa-olsun, hətta cinayət etdikdə belə öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Və öz vətəndaşlarını taleyin ümidinə buraxmamalıdır. Ona görə də Azərbaycan ilk növbədə onların ölkəyə gətirilməsi ilə məşğul olmalıdır. Onların müalicəsindən tutmuş, sosial problemlərinə qədər hamısını həll etməlidir. Eyni zamanda, onların əməlləri hüquqi qiymətləndirilməli və xüsusi orqanlar da onları hərtərəfli, dərin filtrasiyadan keçirməlidirlər».

FERMERLƏRİN YARDIMÇISI- MÜASİR LABORATORİYALAR

«Azərbaycan» qəzetində «Mobil laboratoriyalar fermerlərin köməyinə gəlir» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, mobil laboratoriyalar fermer təsərrüfatlarında xidmət göstərməklə torpaqların keyfiyyət göstəricilərini və məhsuldarlığını operativ müəyyən edir. Torpağın münbitliyinin artırılmasına dair fərdi tövsiyələr verir:

«Bunun nəticəsində isə fermerlər əkin sahələrinin yararlığını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə bilirlər. Sonuncu dəfə mobil laboratoriyalar Neftçalada xidmət göstərib. Rayonunun əkin yerlərində, pambıq və taxıl sahələrində torpaqların münbitliyi, keyfiyyət göstəriciləri müəyyən edilib».

Müəllif vurğulayır ki, mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri və analizlər nəticəsində torpağın «qida rasionu» müəyyənləşdirilir.

Yazıda səyyar laboratoriyaların iş prinsipi də izah edilir:

«Öncə çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür, nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür. Elektron ələk dəsti aparatında avtomatik ələnir və xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır».

Yazıda bildirilir ki, 2017-ci ildən fəaliyyətə başlayan mobil laboratoriyalar vasitəsilə paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Siyəzən, Sabirabad, Zaqatala, Ağsu, Oğuz bölgələrindəki bir çox ərazilərdə tədqiqat işləri aparılıb. Həmin ərazilərin torpaq xəritələri tərtib edilərək sifarişçilərə təhvil verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG