Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:58

Saatlılı cəbhəçiyə yeni teleqram gəlib


Saatlıda yaşayan AXCP üzvü Ziyafət Hüseynliyə rayon prokurorluğundan teleqram gəlib.

Saatlıda yaşayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ziyafət Hüseynliyə rayon prokurorluğundan teleqram gəldiyi bildirilir. Bu barədə Ziyafət Hüseynlinin özü məlumat yayıb.

Bundan bir qədər öncə, oktyabrın 31-də Ziyafət Hüseynliyə Saatlı Rayon İcra Hakimiyyətindən teleqram göndərilmişdi. Həmin sənəddə, barəsində daxil olmuş şikayətin iştirakı ilə araşdırılmasından ötrü ictimai fəal icra başçısının qəbuluna dəvət olunmuşdu.

“Nəinki son günlərdə, hətta son onillikdə belə mənim heç kəslə mübahisə və münaqişəm olmayıb” deyən Z. Hüseynli, hətta təşkil edilmiş şikayət varsa belə, onun araşdırılmasının icra başçısının səlahiyyətinə aid olmadığını bildirərək, bu görüşə getməkdən imtina etmişdi.

Saatlıda yaşayan AXCP üzvü Ziyafət Hüseynli
Saatlıda yaşayan AXCP üzvü Ziyafət Hüseynli

Dünən, noyabrın 11-də Ziyafət Hüseynlinin yaşadığı ünvanına yeni teleqramın gəldiyi bildirilir. Ziyafət Hüseynlinin deməsinə görə, bu dəfə prokurorluq orqanından gələn məktubda bu sözlər yazılıb: “Müraciətinizlə əlaqədar olaraq Saatlı rayon prokurorluğuna gəlməyiniz xahiş olunur”.

Buna da bax: Cəbhəçiyə icra hakimiyyətindən teleqram gəlib

Ziyafət Hüseynli Bakıda Milli Şuranın təşkil etdiyi son mitinqlərdə və AXCP-nin Saatlıda keçirdiyi müşavirədə iştirakına, Facebook-da fəallığına görə təzyiqə məruz qaldığını bildirir. O, ünvanına teleqramların da məhz bundan sonra gəlməyə başladığını söyləyir:

“Əvvəl sahə müvəkkilini göndərmişdilər k, rəis səninlə söhbət etmək istəyir. Başa saldım ki, bundan ötrü çağırış vərəqi göndərilməlidir. Sonra “komxoz” (Kommunal Təsərrüfatlar Birliyi) adından icra hakimiyyətinə şikayət təşkil etdilər ki, mən küçəyə zibil atmışam. Görünür polisi də, prokurorluğu da bu işə cəlb ediblər. Görmüşdük uzaq yerdə yaşayana təcili xəbər çatdırmaq üçün teleqram göndərərlər. Bunlar 1-2 kilometr uzaqdan mənə teleqram vururlar”.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Ziyafət Hüseynli prokurorluğun teleqramına elə teleqramla da cavab göndərəcəyini bildirir:

“Mən Saatlı rayon prokurorluğuna nə şifahi, nə də ki, yazılı müraciət etmişəm. Ona görə də həmin idarədən mənə bu məzmunda teleqramın göndərilməsi yanlışlıqdır”.

Teleqramda çağıran şəxs kimi prokurorun böyük köməkçisi vəzifəsini icra edən Nemət Məmmədov göstərilib

AXCP fəalı Ziyafət Hüseynlinin bu açıqlamasına, hələlik, nə Saatlı Rayon Prokurorluğunun nə də İcra Hakimiyyətinin münasibətini öyrənmək mümkün olub.

Buna da bax: Jurnalistin anası: 'Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq...'

XATIRLATMA

Milli Şura bu il sentyabr və oktyabr aylarında Bakıda «Talana yox!» şüarı ilə üç mitinq keçirib. Mitinqlər öncəsi və sonra quruma daxil olan AXCP-nin 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. AXCP onların aksiyanın kütləviliyinin qarşısının alınması məqsədilə cəzalandırıldığını bildirib. Hərçənd, onların hamısı polisin əmrinə tabe olmamaqda günahlandırılıblar. Üstəlik, hər üç aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb. AXCP-dən verilən məlumata görə, aksiyalar ərəfəsində yüzlərlə fəal polisə aparılıb, hədələnib. Ancaq belə məlumatlara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bütün bunlardan başqa, mitinqlərə görə bir neçə şəxsin işdən çıxarıldığı da açıqlanıb. Onların aralarında müəllimlərin, aktyorların və hətta poçt işçilərinin olduğu bildirilir. Ancaq onların iş yerlərində əmrlərin siyasi motivlərlə verildiyi təkzib edilib.

Ötən ay Avropa Birliyi Şurasının rəsmilərini qəbul edən prezident İlham Əliyev də kütləvi aksiyalar mövzusuna toxunub. Prezident deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının deməsinə görə, sadəcə xalq belə aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG