Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:26

'Satışda diferensiallaşmış ƏDV tətbiq edilsin'-Media icmalı


Yağ
Yağ

Dövlət Bayrağı günü, kərə yağının idxalı ilə bağlı gömrük rüsumunun azaldılmasının qiymətlərə təsiri, vəkillər qanununa, mülki və inzibati prosessual məcəllələrə son dəyişikliklər bu gün (9 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

«GÖMRÜK RÜSUMUNUN AZALDILMASI YAXŞIDIR, AMMA...»

«Yeni Müsavat» qəzetində «Gömrük rüsumu azaldıldı: kərə yağı ucuzlaşacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda kərə yağı və süddən hazırlanan başqa yağlar üzrə tətbiq edilən gömrük rüsumunun 3 dəfə azaldılması məsələsi ekspert Rəşad Həsənovla müzakirə edilir.

Yazıda bununla bağlı Gömrük Komitəsi rəsmilərinin mövqeyi də təqdim edilir. Onların deməsinə görə, idxal rüsumunun azaldılması məhsulun qiymətlərinin enməsinə səbəb olacaq.

Müəllif xatırladır ki, sentyabrın əvvəlindən ölkədə kərə yağının qiymətində kəskin bahalaşma son nəticədə bu məhsulun idxalının iki dəfəyədək azalmasına səbəb olmuşdu. İdxalçı şirkətlər bunu əhalinin alıcılıq imkanlarının məhdudlaşması ilə izah ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov da deyib ki, kərə yağının bahalaşması ciddi problemlər yaradıb. Onun bildirməsinə görə, bu il ölkədə ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb:

«Son məlumata görə, Azərbaycanda 15 faizə yaxın, ərzaq məhsullarında isə 18 faizədək inflyasiya olub. Bu, rəsmi məlumatdır. Real inflyasiyanın daha yüksək olduğu hamıya aydındır. Qiymət bahalaşması əhalinin gəlirlərini üstələyir. Ərzaq məhsulları üzrə bahalaşmanın daha yüksək olması ondan irəli gəlir ki, əhali qidalanmaq üçün ərzaq almağa məcburdur. Alıcısı olan məhsulları isə sahibkarlar daha çox bahalaşdırmağa çalışırlar».

Ekspert deyib ki, kərə yağının kəskin bahalaşması əhalinin sağlamlığına da zərbədir. Çünki vətəndaş ucuz mal axtarmalıdır, ucuz mal isə keyfiyyətsiz olur.

Kərə yağı idxalına gömrük rüsumunun azaldılmasını müsbət hal sayan R.Həsənov bunu qiymətlərə təsir baxımından yetərli saymır:

«Daha yaxşısı, müəyyən müddətə rüsumların tam qaldırılması, ya da satışda diferensiallaşmış ƏDV tətbiqi idi».

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

«SADƏLÖVHLƏRİN PREZİDENTİ...»

Azadliq.info saytında ««Prezidentə məktub» silsiləsindən» sərlövhəli yazı diqqət çəkir.

Müəllif Rövşən Hacıbəyli vəkillər qanununa, mülki və inzibati prosessual məcəllələrə edilən son dəyişikliklərlə bağlı fikirlərini çatdırıb.

Yazıda bildirilir ki, qanunvericiliyə edilən bu dəyişiklik parlamentdə qəbul edilən gün (oktyabrın 31-i) prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdüyündən, bəziləri bundan onun xəbərsiz olduğunu düşünüb. Müəllifin fikrincə, bəziləri ümid edib ki, prezident qanuna dəyişikliyi təsdiq etməyəcək:

«Prezidenti olduğunuz ölkənin vətəndaşlarının nə qədər sadəlövh olduğunu görürsünüz də. Elə bil, bu ölkədə yaşamırlar, gözəlim Azərbaycanda baş verənlərdən xəbərsizdirlər. Onlar düşünürdü ki, 10 milyon əhalisi olan ölkəni cəmi 900 vəkilin ümidinə qoymaq sizin ağlınızdan belə keçməz. Bu gün məhkəmələrdə 380 minə yaxın işin olduğunu, bu hesabla hər vəkilə 500-dən çox iş düşdüyünü nəzərə alaraq, siz bu təklifə qarşı çıxacaqsız».

Müəllif hesab edir ki, bu dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Çünki artıq Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Yazıda Dövlət Statistika Komitəsinin son məlumatına əsasən bildirilir ki, Bakı, Abşeron və Sumqayıtdan kənarda yaşayan (qeydiyyatda olan) əhali sayı 7 milyon 20 min nəfərdir:

«Bu bölgələrdə cəmi 235 vəkil fəaliyyət göstərir. Deməli, 7 milyon 20 min nəfər əhalini cəmi 235 vəkil təmsil edəcək…».

Bayraq
Bayraq

DÖVLƏTİN VARLIĞI - DÖVLƏT BAYRAĞI

«Azərbaycan» qəzetində «Dövlətçiliyin və müstəqilliyin müqəddəs rəmzi» sərlövhəli yazı Dövlət Bayrağı gününə həsr edilib.

Müəllif yazır ki, dövlət rəmzlərindən biri olan bayraq dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi, millətin qürur mənbəyidir:

«Bu, xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni və milli kimliyimizi özündə tərənnüm edən Azərbaycan bayrağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir».

Yazda vurğulanır ki, göy, qırmızı, yaşıl rənglərdən, ay və səkkizguşəli ulduzdan ibarət Azərbaycan bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətində qəbul edilib. Bu bayraq bolşevik Rusiyasının işğalına, yəni 1920-ci il aprelin sonuna kimi dövlət rəmzlərindən biri olub.

Müəllif xatırladır ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq yenidən milli suverenliyin simvolu kimi ölkə üzərində dalğalanmağa başlayıb.

Yazıda bildirilir ki, 2009-cu ilin noyabrında isə prezident İlham Əliyevin sərəncamı ilə 9 noyabr ölkədə Azərbaycan Bayrağı günü elan edilib.

Müəllif yazıda prezidentdən belə bir sitat da gətirir:

«Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır».

XS
SM
MD
LG