Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:07

Prezident 'Şərq Tərəfdaşlığı' səfirlərini qəbul edib


AB

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 7-si Avropa Birliyi (AB) «Şərq Tərəfdaşlığı»nın xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə hazırda Avropa Birliyi Şurasına sədrlik edən Estoniyanın qurumun «Şərq Tərəfdaşlığı»nda xüsusi səlahiyyətli səfiri Yaan Reynhold qəbulda iştirak edən bütün səfirlər adından danışıb. O bildirib ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir vurğulayıb ki, Avropa Birliyi tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir.

Prezident İ.Əliyev də öz növbəsində Azərbaycanla Avropa Birliyi arasında sazişə toxunub. O deyib ki, bu sahədə işlər çox müsbət istiqamətdə irəliləyir.

Prezident İ.Əliyev vurğulayıb ki, siyasi əlaqələr uğurla inkişaf edir. Onun deməsinə görə, Avropa Birliyi ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İ.Əliyev Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG