Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

'Orta Azərbaycan ailəsi ildə toylara 4 min manat xərcləyir' - Media icmalı


Söküntü
Söküntü

Dövlət müəssisələrinin borclanması, Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan gedən şikayətlərin artması, toy və hüzr mərasimlərində izafi xərclər bu gün (7 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

ŞİKAYƏTLƏR AVROPA MƏHKƏMƏSİNDƏDİR

«Exo» qəzetində «Azərbaycanlılar Avropa İnsan Hüquqları Məhkəməsini evlərinin sökülməsi şikayətləri ilə doldurublar» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Azərbaycan vətəndaşlarından gedən şikayətlər artır. İşlərin əksəriyyəti mülkiyyət hüquqlarının pozulması ilə bağlıdır.

Yazıda vurğulanır ki, şikayətçiləri verilən kompensasiyalar qane etməyib.

«Evlərin sökülməsinə görə kompensasiyanın məbləği şəhər sakinlərinin çoxu üçün ağrılı mövzudur. Hazırda hər kvadratmetr üçün 1500 manat kompensasiya nəzərdə tutulur. Amma bu məbləğ çoxdan müəyyən edilib. Son iki ildə istər makroiqtisadiyyatda, istərsə də birbaşa mənzil bazarında köklü hadisələr baş verib. Dollarla hesabladıqda, daşınmaz əmlakın qiymətində enmə görünür. Amma manatla ifadədə istər ilkin, istərsə də təkrar bazarda qiymətlər bahalaşıb. Odur ki, ən yüksək 1500 manat ödəniş bugünkü tələblərə cavab vermir»,-daşınmaz əmlak bazarında mövcud durumu qəzetə ekspert Rəşad Əliyev belə şərh edib.

Ekspert deyib ki, bütün obyektləri eyni qiymətlə hesablamaq olmaz.

R.Əliyev vurğulayıb ki, Azərbaycan məhkəmələrində daşınmaz əmlakla bağlı ədalətə nail olmaq çətindir. Onun fikrincə, məhkəmələr həmişə dövlətin mövqeyini müdafiə edirlər:

«Odur ki, mülkiyyətçilərin çoxu ədaləti Avropa Məhkəməsində axtarmalı olurlar».

Ekspert hesab edir ki, buradan problemdən vahid çıxış yolu qiymət meyarlarına yenidən baxmaqdır. Bundan ötrü kompensasiyanın məbləği artırılmalıdır. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət artacaq.

Yazıda vurğulanır ki, hazırda AİHM-də Azərbaycandan gələn 120 belə şikayət araşdırılır.

Elektrik xətləri
Elektrik xətləri

BORCDA ÜZƏN DÖVLƏT MÜƏSSİSƏLƏRİ...

«Novoye Vremya» qəzetində diqqəti ««Azərenerji» və «Azərişıq» titrəyir» sərlövhəli yazı cəlb edir.

Yazıda ölkənin energetika sahəsində durumu dəyərləndirilir.

Müəllif bildirir ki, «Azərişıq» ASC 2016-cı ili 25 milyon 636 min 439.15 manat ziyanla başa vurub:

«Bunun bir səbəbi elektrik enerjisi sistemində itkilərlə bağlıdır. Bunu avtomatlaşdırma və modernləşdirmə ilə aradan qaldırmaq olar. İkincisi, sistemdə olan korrupsiya məsələsidir ki, bunu təxirə salmadan həll etmək lazım gəlir. Bu korrupsiya isə dövlət satınalmalarında baş verir. Bunu artıq hüquq-mühafizə orqanları araşdırmalıdır. «Azərişıq» ASC-nin aksiyaları 100 faiz dövlətə aid olduğu üçün burada söhbət dövlət vəsaitinin talan olunmasından gedir».

Yazıda bildirilir ki, son illərdə «Azərenerji» ASC-yə isə milyardlarla vəsait yatırılıb. Müəllifin fikrincə, həmin vəsaitlə ölkənin enerji sistemini tam şəkildə yenidən qurmaq mümkün idi. Yazıda bildirilir ki, yatırımın 50 faizi xarici kreditlərdir:

«Azərbaycanda isə sovet dönəmindən qalan sistem iflic olub. «Azərişıq» ASC «Azərenerji» ASC-yə borclarını ödəyə bilmir. «Azərenerji» ASC də bu səbəbdən Dövlət Neft Şirkətinə borclu qalıb».

Müəllif vurğulayır ki, iri dövlət müəssisələrinin bir-birlərinə borclarının artması heç də yaxşı hal deyil.

Yazıda bildirilir ki, üstəlik, son illər ölkədə istər elektrikin, istərsə də qazın qiyməti bahalaşıb. Ancaq bu sahələrdə dövlət müəssisələrinin borcları artmaqda davam edir.

Toylarda ən çox xoşunuza gəlməyən nədi?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

AİLƏ BÜDCƏSİ VƏ «TOY KARUSELİ»

«Azərbaycan» qəzetində «Ailə büdcəsində «dəb» xərcləri» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, Azərbaycan ailələrinin çoxunda «ailə büdcəsi» məsələsinə ciddi yanaşılmır. Ailə büdcəsi hazırlamaq yumorla qarşılanır. Amma müəllifi bunu son dərəcə ciddi məsələ sayır. Alman, fransız, yapon, İsveç xalqlarının həyatından nümunələr gətirir:

«Kasıba əl tutmaq, zəkat vermək, qurban kəsmək, sədəqə paylamaq, yaşlı valideynin bütün qayğılarını çəkmək ailənin yazılmayan qanunlarıdır. Evin qazanan əli himayəsində kim varsa, hamısının xərcini çəkməlidir».

Yazıda vurğulanır ki, bəzi adətlər ailə büdcəsinə zərbə vurur. Bu sırada toy və hüzr məclislərinin adları çəkilir:

«Onlar ağır biyar kimi ailə büdcəsini elə dağıdır ki, bunu düşmən belə, istəsə edə bilməz. Toy və hüzr məclisləri ailə büdcəsinə divan tutur. Hətta o dərəcədə ki, həmin mərasimlərdən sonra illərlə özümüzə gələ bilmirik».

Müəllifin fikrincə, şadlıq sarayları toy qiymətlərini elə düzüb qoşur ki, toy sahibi ancaq xərclərlə başabaş qurtarmağı arzu edir. Yazıda vurğulanır ki, sonra isə toyuna çağırdığın şəxslərin toylarına getmək də var. Odur ki, bu zəncir qırılmır ki, qırılmır.

Müəllif yazır ki, orta səviyyəli Azərbaycan ailəsi ildə toylara təqribən 4 min manata yaxın vəsait xərcləyir.

Yazıda vurğulanır ki, hüzr məclislərində də izafi xərclərə yol verilir.

Müəllif hesab edir ki, təmtəraqlı hüzur mərasimləri islam adət-ənənələrinə də ziddir.

Yazıda bildirilir ki, bütün bu xərclər ailənin dincliyini, istirahətini, hətta gələcək planlarını belə əlindən alır.

XS
SM
MD
LG