Bu il tarixə ən isti illərdən biri kimi düşəcək. Bunu Ümumdünya Meteorologiya Təşkilatı (WMO) Almaniyanın Bonn şəhərində açılan BMT iqlim konfransında bildirib.
Noyabrın 6-dan 17-dək keçirilən konfransda 200-dək ölkə iştirak edir. Onlar 2015-ci ildə imzalanmış Paris iqlim paktını möhkəmləndirməyə çalışırlar. ABŞ bu sənəddən çıxmağı planlaşdırır.
El Nino isti hava kütləsi ucbatından ötən il ən isti il sayılıb. İkinci yer uğrunda 2015 və 2017-ci illər mübarizə aparır. BMT agentliyi noyabrın 6-da açıqladığı ilkin illik hesabatında belə deyib.
Hesabata görə, bu il atmosferdə karbon qazının miqdarı artıb, dəniz səviyyəsi yüksəlib, Antarktik dənizində buz örtüyü rekord səviyyədə kiçilib.
Qurum bildirir ki, bu il yanvardan sentyabradək qlobal orta temperatur 1981-2010 illərdəkindən yarım dərəcə selsi isti olub.
“2017-ci ildə son dərəcə qeyri-adi hava müşahidə etdik”, – WMO-nun baş katibi Petteri Taalas deyib.
O, Atlantik okeanı və Karib dənizindəki qasırğaları, Pakistan, İran və Omanda 50 dərəcə selsidən yuxarı temperaturu, Asiyadakı musson daşqınlarını, Şərqi Afrikadakı quraqlığı misal gətirib.